İllər öncə əlimə tanımadığım bir şairin əl boyda bir kitabı keçmişdi. Şeirlər kitabı. Həmin kitabın ön sözündən bir məqam yaddaşımda qalıb: bu şairin çörəyi sözdən yox, daşdan çıxır, yəni daşyonan işləyir. Bir də o yadımda qalmışdı ki, bu söz adamı Qubada yaşayır. Sözlə daş arasında var-gəl edən şairin şeirləri də usta əlindən çıxıbmış kimi püxtə şeirlər idi.
İndi bu yazını yazdığım ərəfədə həmin kitabı tapıb tanış şeirləri ön sözüylə birgə yenidən oxumaq istədim. Amma kitabxanam dağınıq vəziyyətdə olduğu üçün əl boyda nazik kitabçanı tapmaq müşkülə döndü.
Sonralar bu şairin imzasına tez-tez rast gəlirdim və hər dəfə onun şeirlərini oxuyanda düşünürdüm ki, o, sözü də daş kimi yonur, hamarlayır, misraya hörür.
Sonra tale elə gətirdi ki, onunla tanış oldum. “Şahdağ” mehmanxanasında bir axşamçağı söhbətimizi də xatırlayıram. O vaxtdan təxminən yeddi-səkkiz il keçib, bu müddətdə Ramiz müəllimlə çox az, cəmi bir-iki dəfə ötəri görüşmüşük. Amma onunla həmsöhbət olmaq üçün şeirlərini oxumaq da kifayət edir:
Məni fikir-fikir geyən qayğılar,
Məni misra-misra soyunur indi.
Günəş işığında ölən duyğular
Fanar işığında yuyunur indi.
Yarımçıq ömrə də, günə də yadam,
Fərqi yox, budaqda çürü, ya tökül...
Özüm öz əlimi yandıran odam-
Özüm öz gözümə səpələnən kül.
Ayırıb özümü duyğudan ,hissdən
Başımı yuxu ilə qatan deyiləm.
O qədər yatmışam torpağın üstdə
Torpağın altında yatan deyiləm...
Ramiz Qusarçaylı bir az şablon səslənsə də, fikrə bənzərsiz poetik don biçməyi bacaran şairdi. “Yuxu” şeirindən gətirdiyim sitat da bunu təsdiqləyir. Tənqidçi Vaqif Yusifli onun haqqında yazdığı “Özünəməxsus şair” yazısında haqlı olaraq qeyd edir ki, “Ramiz Qusarçaylı milli poeziyamızın ənənələrinə möhkəm bağlı olan, amma ənənəyə yenilikçi şair kimi yanaşan, necə deyərlər, köhnə havalarda təzə söz deyən şairlərdəndir. O, şeirləriylə sübut edir ki, Azərbaycan poeziyasının ilkinliyi, yaşarı ənənələri hələ öz gücünü itirməyib...” ( “Ədalət” qəzeti, 29 dekabr, 2012)
İyirmi ildir ki, Qubada onun rəhbərliyi ilə “Ay işığı” ədəbi məclisi fəaliyyət göstərir və bu illər ərzində Ramiz müəllim Quba ədəbi mühitinin bir barometrinə çevrilib, bu söz ocağını qoruyub saxlaya bilib.
“Azərbaycan bayrağı” şeiri onun yaradıcılığının zirvəsidir. 55 yaşını qeyd edən şairimizi ürəkdən təbrik edir və yazımı həmin şeirdən bir bəndlə bitirirəm!
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!