Sosial şəbəkədə ədəbiyyat yarana bilərmi? Canında mühafizəkarlıq olan adamdan ötrü əlbəttə, qətiyyən! Və biz bunu müsahibələrində, çıxışlarında dəfələrlə dilə gətirən yazarlara rast gəlmişik. Ədəbiyyat həm də öz dövrünə oxşamalıdırsa, deməli onu statuslarda da, esemes-lərdə də, dər-divara yazılmış sevgi etiraflarında da axtarmaq olar.
Deməli o, hər yerdə yaranır. Bu Günəşin altında vacib olan bircə şərt var: istedad! Hərçənd, ədəbiyyatın vəzifəsi qız başı tovlamaq deyil, amma istedadlı adam qız tutmaq üçün status yazanda da, ədəbiyyat yarada bilər. Sözü müqəddəs sayıb onun xofu ilə nəfəs almaq aciz-avaraların işidir. Əl-qərəz, uzunçuluq nəyə lazımdır, vaxtilə facebook-da yazdığım statusları seçib-sonalayıb ədəbiyyat adına iddialı bir yazı hazırladım. “Sənin yazdığın romandırsa, bəs Dostoyevskinin yazdıqları nədir?” ağlı ilə yaşayanlar zəhmət çəkib dərhal “X” düyməsini sıxsınlar. Yaşasın, facebook ədəbiyyatı...
***
Anama təbrik üçün zəng vurdum. Soruşuram:
- Atam sənə nə alıb?
- Atan day mənə heç nə almır ki... - Səsi qırılır.
- Niyə?
- Elə o hadisədən sora. Heç "təbrik eliyirəm" də demir.
O hadisə nədir, bilirsinizmi? 2008-ci ildə Bakıda yaşayan bibim xərçəngdən dünyasını dəyişdi. 2009-un 8 mart günü qohum-əqrabamız iki dolu maşın Bakıya gələndə atamın maşını qəzaya düşdü. Kişi bacısının birini də itirdi: elə yerindəcə keçinmişdi bibim. Şüşə çiliklənib anamın üzünü kəsik-kəsik etmişdi, atam ölümdən qayıtdı.
Huşunu itirdiyindən, bacısının ölüm xəbərini bilmirdi. Üç gün sonra xəbər tutanda uşaq kimi ağladı, elə hey "onun balaları məni bağışlamayacaq" deyirdi. Həmin gün atam sağlamlığını və bacısını, mən bibimi, anam baldızını (həm də bibisi qızını) və 8 martını itirdi...
Ana, səni çox istəyirəm. Atama de, düz eləmirsən, vallah, düz eləmirsən. İtirən bircə sən deyilsən ki...
***
Keçən il Rafiq Tağının yoldaşı Mailə xanımdan “Azadlıq” radiosu üçün müsahibə götürmüşdüm. Danışdığı iki hadisə hələ də yaddaşımdadır. Demişdi ki, kommunal xərcləri ödəməyə hərdən gücümüz çatmır. Çeklərə baxmaq istəmişdim. İşığın çekini mənə verəndə, demişdi: “Rafiq sağ olanda işıq pulu lap çox gəlirdi. Rəhmətlik işığı sevən adam idi, evə gələn kimi deyirdi, işıqların hamısını yandırın, qaranlıq olanda darıxıram”.
Mailə xanım liftə 200 manata yaxın borcları olduğunu deyəndə, qəhərlənmişdi. Sonra əlavə etmişdi ki, dünya dağıla, liftin pulunu verməyəcəm. Rafiq yaralı-yaralı beşinci mərtəbəyə qalxanda, harayına gəlməmişdi.
***
Vaqif Səmədoğlu: "Yusif də ədəbiyyatdan dəm vurmağı sevmirdi, mən də”!
Gözəl!!!
Ədəbiyyatdan yekə-yekə danışan adamların istedadına həmişə şübhəm olub. Şübhə bir tərəfə, bu adamlarla oturmaq məşəqqətdir.
***
Hər dəfə rayona, ordan da kəndimizə yolum düşəndə qohum-qonşudan kimsə soruşur: harda işləyirsən, maaşın neçə manatdır? Başqa biri xəbər alır: maşını niyə satdın, təzəsinin pulunu düzəldə bilmisən? Üçüncü: deyəsən, yazı-pozudan bir şey çıxmır. Nə vaxt səni də hamı tanıyacaq, dost-tanışın işinə yarıyacaqsan?
Bu göyün altında ehtiyacın acısını körpəlikdən ta ömrünün ərgən çağınacan iliyinə hopduran bircə nənəmdir ki, hər səfər pəsdən, narahat-nigaran xəbər alır: yeyib içməkdən korluğunuz olmur, nənə qurban?!
***
Nəsimi Nəbizadənin qonşuları şəhəri tanımır. Hərəsinin də azı, 50 yaşı var. İşə gələndə metroda nə görsəm yaxşıdır? Nəsimi bir kişinin əlindən tutub, haranısa nişan verir: “Qurban dayı, bax, burdan oturursan “30”- a, gedirsən Dəniz Vağzalına. Avtobusdan düşən kimi qabağına hündür bina çıxacaq, ora sən axtardığın yerdi”.
Üstəlik, sürücüyə tapşırır ki, sən allah, ora çatanda bu kişiyə xəbər elə. Sən demə, dostumuz hər səhər evdən çıxanda, saraylılardan beş-altı nəfəri ağacın altında boyun bükürlər ki, indi Nəsimi müəllim gələcək, bizi şəhərə aparacaq.
***
Bakıya ilk dəfə 7-ci sinifdə oxuyanda gəlmişəm. Həmin gecə gözümə yuxu getmədi, yerimin içində qurcuxub, səhərin açılmağının intizarını çəkirdim. Sübh tezdən Lənkərandan gələn köhnə "İkarus"a minib 5 saata Təzə Bazara çatdıq.
Ailəmiz ehtiyac içində yaşayırdı, yaman çətin günlərdi. Malımızı bazarda alverçiyə təhvil verəndən sonra əlimizə bir qalaq pul gəldi. Mən gözümə inanmırdım, atam tez-tez pulunu çıxarıb sayırdı, əli cibində gəzirdi ki, düşüb itər.
Təzə Bazarın yanında atam mənə kakao ilə bulka aldı. O tamı tez-tez ağzımda hiss edirəm. Sonra Bakı ilə tanışlığım başladı: bu, Bakıda tikilən ilk beşmərtəbəli binadır, bu azad qadın heykəlidir...
Və o günlərdə nə fikirləşsəm yaxşıdır: mən nə vaxtsa bu şəhərdə oxuya biləcəyəm? Bu şəhərdə mən də qızla əl-ələ gəzə bilərəmmi?
***
Oğluma Üzeyir adını verdim. Gələcəyin ya Hacıbəyovu ola, ya Mehdizadəsi. Ya nəsib…
***
Bizim bu Şərif Ağayar ki var, ona ustad deyəndə xoşallanır. Düzdür, adama " əə, sən də məzələnmə" deməyi var, amma qəti bənd olmayın. Bu sözü eşidər-eşitməz çiçəyi çırtlamazmı, çırtlayar! Gəlin, bu əziz gündə onun könlünü şad edəyin! Evdə hamı ucadan üç dəfə a ustad, ay ustad, ustad heyy, desin.