Qustav Flober “Yazıçılıq həyat tərzidir” deyirdi. 2010-cu ildə Nobel mükafatı alan perulu yazıçı Mario Varqas Lyosa da Floberin kəlamını Nobel kürsüsündən dünyaya car çəkdi. İsveç Kral Akademiyası “Nobelin sahibi Mario Varqas Lyosadır” deyəndə belə o, bunu “pis zarafat” adlandırdı. Əksəriyyət, ədəbi dairələr isə son illər ətrafında söz-söhbətlər səngiməyən Nobelin Lyosaya verilməsini ədəbiyyatın, daha geniş desək, ədalətin təcallası hesab etdi.
Lyosa Nobeli mehriban düşməni Qabriel Qarsiya Markesdən 28 il sonra aldı. Lyosa həm də Markesdən sonra Nobelə həsrət qalan Cənubi Amerikanı sevindirdi. Lyosa öz haqqını çox gec, 74 yaşında aldı. Bəs dünyadan köçsə nə olacaqdı? Nobel ölülərə yox, dirilərə verilir axı. 2010-cu ilin oktyabrında Lyosa bir daha doğuldu.
Lyosanın yazdığı mətnlər özünəməxsusluğu ilə seçilir. Bu günlərdə perulu yazıçının “Küçüklər” povestini oxudum. Lyosa povesti 31 yaşında yazıb. 31 yaşlı yazıçının belə bir povest yazmasına heyrətlənməyə bilmirsən. Ağır mövzulu əsəri çətinlik çəkmədən oxuyursan. Ancaq bununla bərabər, göstərilən ağrı-acını ruhundan keçirirsən. Əsl yazıçılar ən çətin mövzuları oxucuları üçün sadələşdirib təqdim edən yazıçılardır. Məhz bu amil Lyosada özünü qabarıq formada büruzə verir.
İnsanın həyatla ayrılmaz bağları, yaşamaq uğrunda çırpınışı povestin əsas xəttini təşkil edir. Povestin yazılma tarixi 1967-ci ili göstərir. İndi isə 2014-cü ildir. Aradan 47 il ötüb. Hər ötən dəqiqə, hər ötən gün dünya sürətlə dəyişir. O zaman gəlin bir düşünək, azyaşlı oğlumuz, ya qardaşımız, bir sözlə yaxınımız vəhşi bir itin hücumuna məruz qalır və it onun cinsiyyət orqanını zədələyir. Azyaşlı oğlana sağalması mümkün olmayan (fərqi yoxdur, istər mənəvi, istərsə də maddi) zərbə vurur. Belə desək, onu kişi olmaq hüququndan məhrum edir. Sağ qalan uşağın mühafizəkar cəmiyyətdə böyüyəcəyi təqdirdə vəziyyət lap dramatikləşir. Bunun hələ, şirin ehtirasdan məhrumiyyət acısını da hesablasaq, situasiyanı özünüz düşünün. Nə hislər keçirərik? Hansı addımı atarıq? Bu faktın qarşısında zaman və məkan məfhumu yerlə-yeksan olur.
Faciənin episentrindəki qəhrəmanın hansı vəziyyətə düşdüyünü, necə hərəkət etdiyini isə Lyosa bir nəqqaş kimi ən incə detalına qədər çəkə bilib.
“Küçüklər”in dostların dilindən danışılması da bir növ oxucuya yardım edir. O dostlar ki, baş verən faciənin səbəbkarlarıdır. Dini təmayüllü məktəbdəki siniflərdən birinə Kuelyar adlı yeni şagird gəlir. Kuelyarın ailəsi zəngindir, özü isə əlaçıdır. Həyatda elə bir qayğısı yoxdur. Sinif yoldaşları isə Kuelyarın dərslərinə yaxından bağlılığını, hamının diqqətinin onun üzərində cəmləşməsinə dözə bilmir, çalışıb-vuruşub Kuelyarı da öz tərəflərinə çəkməyə çalışırlar.
Futbolu hər şeydən çox sevən bu cüvəllağılar nə yollasa Kuelyarı da öz sıralarına qoşmağı qarşılarına məqsəd qoyur və Kuelyar yaşıl meydanlara (bu yaşıl meydan sonralar klub, çimərlik və başqa məkanlara dəyişdirilir) onlarla birlikdə çıxır. Kuelyar yavaş – yavaş yoldaşlarının təsiri altına düşür. Uşaqlar futboldan əlavə məktəbin həyətindəki İuda adlı iti qısqırtmaqdan da həzz alırlar. Başda Kuelyar olmaqla İudanı cırnadıb özündən çıxarırlar. Və günlərin bir günü İuda amansızlıqla onlardan qisasını alır. Futboldan sonra duş kabinəsində yuyunan uşaqlar sulu gözlərini açıb İudanı görürlər. Yoldaşları qaçmağa müvəffəq olsa da, Kuelyar İudanın hədəfindən yayına bilmir. Ətraf qan gölünə çevrilir. Kuelyarın həyatını xilas etmək mümkün olur. Yazıçı Kuelyarı öldürmür, qəhrəmanını yaşatmaqla insanların, dostlarının, ailəsinin iç üzünü açmağa nail olur. Dostları Kuelyara “balaca” ayaması qoşsa da, onun faciəsi özüylə bərabər böyüyür.
İsa Məsihi çarmıxa qaldıran İudanın adının vəhşi itə verilməsi bir növ ədəbi priyom kimi istifadə edilir. Hər mənada kişilikdən məhrum olan Kuelyar çıxılmazlığa, labirintə düşür. Ağır travmadan sonra Kuelyar dərslərinə diqqət yetirmir, həmişə ona qibtə edən yoldaşları kimi onların etdiklərini təkrarlamağa başlayır.
Zaman ötür, yaşa dolan yoldaşların futbol sevgisinin yerini qızlar tutur. Dostları hər gün bir qız dəyişdirərkən Kuelyar yalnız onların söhbətlərinə qulaq asmaqla, “necə idi?”, “neynədiniz?” kimi suallarla ehtirasını boğmağa çalışır. Povestdə psixoloji tərəfdən mühitə, insanlara köklənə bilirsən. Təsvirlər canlıdır, süjetin kəskinliyi də öz yerində. Dostları, dostlarının sevgililəri də Kuelyarın artıq özünə sevgili tapmalı olduğunu israrla təkid edirlər. Kuelyar haqda şübhələr qara bulud kimi başı üzərindən çəkilmir. Lakin Kuelyar öz faciəsini yaxşı dərk edir. Nəhayət, özünə yar tapan Kuelyarın xarici ölkələrdən birində əməliyyat olunma ümidi yaranır. Ümid ən sonda ölsə də Kuelyar ümidinin üstündən birdəfəlik xətt çəkir. Atası bəd xəbəri verir: “Bunun müalicəsi mümkün deyil”.
Kuelyar getdikcə aqressivləşir, kinini ətrafa qusur. Bahalı avtomobilləri ilə dəlisovluq nümayiş etdirir. Kuelyar getdikcə dostlarından uzaqlaşır və homoseksuallara qoşulur. Yenə də insan faciəsi, insan tənhalığı və şərin əbədi hökmranlığı. Bir zamanlar klublarda əyləndiyi dostları toylarına belə Kuelyarı dəvət etmirlər. Bir tərəfdən dostları ondan uzaqlaşmağa çalışsa da, digər tərəfdən o özü onları ətrafından qovmaq üçün dəridən-qabıqdan çıxır. Dostları üçün yaşaya-yaşaya ölüyə çevrilən Kuelyar əlaqədə olduğu homoseksuallardan fərqli olaraq özü bu həyatı seçmir. İstəmədən, arzulamadan, bir qadın həsrətiylə alışıb-yanarkən bu burulğanda boğulur.
Uzun zamandan sonra dostları yaşlandıqlarını, qarınlarının çıxdığını, eynək taxmalarını Kuelyarın ölümü fonunda söyləyirlər. Yeni kuelyarlar həyatımızda yox deyil. 47 il əvvəl Lyosanın yaratdığı Kuelyar və indiki kuelyarlar da çıxış yolu kimi ölümü seçirlər. Dostları, hətta ailələri onların ölüm ağuşuna atılmasına səbir göstərir.