Toyxana səviyyəsində meyxana, bayağı aşıqlar

Toyxana səviyyəsində meyxana, bayağı aşıqlar
29 iyul 2019
# 15:45

Kulis.az Rəvan Cavidin “Folklorumuzun “palatka”lardakı taleyi” yazısını təqdim edir.

Müxtəlif xalqların folkloruna həmişə diqqət göstərib onları sevməyimizin bir səbəbi də həmin xalqların öz ənənəvi sənət nümunələrini folk kimi təqdim etmək bacarıqlarıdır. Məsələn, tanqo Argentinanın rəmzidir və bu gün bütün dünya bu rəqsin möhtəşəmliyinə vurğundur. Qeyri-ciddi aspektdə heç vaxt heç yerdə təqdim olunmadığı üçün daha da şahanə görünüş alır. Və ya geyşalar, tarantella, yaxud da manipuri. Və digər rəqslər, onlarla musiqi alətləri, nağıllar, dastanlar irs kimi qorunmalı, dünyaya milli sərvət kimi nümayiş etdirilməlidir.

Xalqları bir-birinə bağlayan, tarixi köklərini aydınlandıran folklor nümunələrinin sərgiləndiyi festivalların keçirilməsi bu niyyətə qulluq edir. Qonşu Türkiyə folklorunun canı, ruhu olan türkülər, onlara məxsus saz havaları yeni standartlarla müasir musiqi növlərinə sintez edilir. Fars muğamı rokla, hip-hopla aranjiman olunur.

Bu qədər misal-məsələ yetərlidir, məncə. Mövzunun mahiyyətini yəqin az da olsa təqdim edə bildim. Folklor nümunələrinin günümüzdəki problemindən danışmaq istəyirəm. Bu problemin adı böyük hərflərlə TOYlardır. Bir də təbii ki, sosial şəbəkələrdəki trendlər.

Yaxın zamanlarda gənc yazarlarımızdan biri aşıq sənətinin bayağılaşmağını diqqət mərkəzinə gətirmişdi. Dairəvi masada müzakirə edə bilmədik. Məsələnin məğzi isə tam həqiqəti göstərirdi. Başında, ayaqlarının arasında, kürək sümüyünün tən ortasında saz çalıb öz yüngül atletika məşqlərini musiqi performansına qatan dırnaqarası aşıqlar məni kimi minlərlə gənci sazdan “soyudur”. Nə qədər ustad Ədalətə qulaq assan da, nə qədər qoşmanın, gəraylının ruhunu canına çəksən də, gözlərinin önündə yağış rəqsi edən hindular getmək bilmir ki bilmir. Bu proses əvvəlcə kənd toylarında başlayır, sonra şadlıq saraylarına doğru təkamül edir, nəhayət, mavi ekranların yekə bir qara ləkəsi olub ilişir gözlərimizə. Mübarizə aparacaq adamlar isə bu şounun maddi tərəflərini düşünür və gəncliyin gözündən aid olduğu milli mədəniyyəti salır. Salmır, yerə çırpıb çilik-çilik edir. Heç bir ciddi səviyyədə müzakirə olunmayacaq verilişlər, şou proqramları mədəniyyətimizin Joker kimi gülümsər qatilinə çevrilib, yəqin on-on beş ildi. Sazın iki simini daha sürətlə, daha ürəklə vurmağı istedad hesab edən aşıqların cibinə atılan pullar killerə verilən avansa bənzəyir. Get öldür bu millətin dəyərlərini! Sonrası nə ola...

Yalnız bizə məxsusluğu ilə fəxr etdiyimiz meyxana isə biney-qədimdən toyxana janrından çıxa bilmir. Dini bir kəlamın, ya da ağsaqqal hörmətinin qafiyəyə sığışdırıb toyda demək, sonra alqış almaq bu sənəti yaşatmaq deyil axı. Meyxana ustasının qabağına atılan pullar o qədər qorxudur ki adamı... Məlum-məşhur cavabı da var bu sualın: “Sənətkar nə ilə dolansın?!

Evimizi yıxan folklor nümunələrin içki məclislərində bu cür alçaldılmasıdır. Köynəyin döş cibinə salınan o pullardı. “Bir qafiyə tutun görək” “zakaz”larıdır. “Dədə, sazı ağlat, baxaq” səviyyəsizliyidir.

Nizamini fars şairi kimi tanıyan, bütün məsələlərdə türk genlərimizi önə çəkib az qala Türkiyənin bir vilayəti kimi (balaca qardaş) təqdim edən, Qafqaz ləzginkasına aludə olmuş xalq kimi bizləri izləyən dünyaya öz mədəni irslərimizi bu cür təqdim etmək biabırçılıqdır.

Bütün məişət adət-ənənələrimizdən imtina etməyin vaxtıdır, çünki bu ənənələr göründüyü kimi kimliyimizi təhqir etməklə məşğuldur. Beş yüz nəfərin bozbaş, kabab yediyi, çəkmə araq içdiyi, özünü itirənə qədər (sözün əsl mənasında) oynadığı məclisdə xanəndənin nə işi var? Ya aşığın və ya özünü söz ustadı kimi təqdim edən adamın?! Yaxşı, deyək ki adamlar bu musiqiləri dinləmək arzusundadır, o zaman niyə hörmət etmirlər. Qurşaqdan aşağı, şit zarafatların havada uçuşduğu bir məkanda qoşmaya necə qulaq asırlar, “Ruhani”ni hansı əhval-ruhiyyə ilə dinləyirlər?!

Biz öz milliliyimizin keşiyində dayanmadıqdan sonra heç kimdən mənim folklorumu tanı, təqdim et kimi arzuda çıxış edə bilmərik.

Kimdir günahkar?

Biz!

Səbəbi nədir?

Heç kimə lazım olmayan, mətbəx qoxusu verən toy və məclis adətlərimiz.

Öncə bunlardan qurtulmalıyıq.

Və ya öncə sənəti bu dəyərlərin əlindən almalıyıq.

Yeni nəsil sosial şəbəkə platformalından mədəniyyətimizi necə tanıyır? Mən deyim. Bir-birinə söyüş ünvanlayıb, sonra qabaqlarına atılan nəmərləri bölən adamların timsalında. Sazı – türk mədəniyyətinin nəhəng timsalçısını bığlı daydaylarının üzdən iraq rəqslərində tanıyır, elə də öyrənir.

Saz boyda bir təəssüf, meyxana kimi bədahətən bir narahatlıq keçirirəm.

# 3802 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #