SSRİ-nin dağılma səbəbini göstərən serial: "Çernobıl"

SSRİ-nin dağılma səbəbini göstərən serial: "Çernobıl"
7 iyun 2019
# 10:21

Məncə, dramaturgiya təsadüf üstündə qurulmamalıdır. Yəni bir anlıq tamaşaçı və ya oxucu süjetə müdaxilə etsə də vəziyyəti düzəldə bilmir.

Mənim üçün “Çernobıl” serialının ən vacib cəhəti bu idi: konkret günahkar yoxdur!

Günahkar sistemdir və bu sistemin yaradılmasında hamı bu və ya digər şəkildə iştirak edib.

Əgər, Çernobıl AES-də baş verən hadisənin konkret günahkarı olsaydı və serial bu günahkarın axtarışını əks etdirsəydi bu qədər təsirli alınmayacaqdı.

Burda söhbət hər hansı detektiv ekran əsərindən deyil, sosial-siyasi vəziyyəti ayrı-ayrı şəxslərin taleyində, səhvində, günahında, fədakarlığında, hətta təbiətin, heyvanların üzləşdiyi qəza-qədərdə yüksək ustalıqla göstərən sənət əsərindən gedir.

Külək danışır, meşə fəryad edir, heyvanlar dilsiz bədənlə yalvarır.

Hamı acizdir!

İnsan özü yaratdığı bir nəsnənin əlində əlacsız qalıb. Milyonlarla kişi, qadın, uşaq, qoca real ölüm təhlükəsi üz-üzədir. Lakin Sovetlər Birliyi yenə də hər şeydən əvvəl dövlətin çıxarlarına baxır, lazım olanda çox asanlıqla yalan danışır.

Desəm ki, “Çernobıl” yalan haqqında filmdir, sözümü qəribliyə salmayın. Və bu yalanı ayrı-ayrı fərdlər yox, dünyanın ən nəhəng ölkəsi danışır.

Əslində, Sovetlər Birliyi Hitler Almaniyası ilə müharibə edəndə də milyonları asanlıqla qurban vermişdi. Üstəlik, bu insanların sayı ilə bağlı həmişə yalan danışmışdı. Günü bu gün də İkinci dünya müharibəsində SSRİ tərəfdən ölənlərin sayını dəqiq bilən yoxdur. Şəxsən mənim səmimi qənaətim budur: sovet vətəndaşlarını qırıb-qurtarmağa almanların gülləsi çatmadı. Hitler hər şeyi hesablamışdı, bunu yox. Yüz il qala bir almanın ağlına gəlməzdi ki, bir ölkə öz vətəndaşını bu cür qara qəpik kimi ölümün ayağının altına səpələyər.

Image result for Chernobyl (miniseries)

Ancaq Çernobılda vəziyyət fərqlidir. Bir dəfə ölməklə iş bitmir. Aylarla, illərlə, on illərlə - davamlı olaraq insan və heyvan nəsilləri məhv olur, təbiət şikəst qalır.

Serialın yaradıcıları (Ssenari müəllifi Kreyq Mazin, Rejissor Yohan Renk) Qəsəbə əhalisi evakuasiya edilərkən silahlı əsgərlə inək sağan yaşlı qadının dialoqunda bu dəhşətli faktı çox gözəl veriblər. 82 yaşlı qadın deyir, mən kimləri görmədim burda? Çar qoşunları, bolşeviklər, faşistlər... Nə qədər qohumlarım, yaxınlarım öldü, heç vaxt yaşadığım evi tərk etmədim, indi sən görünməyən bir şeydən ötrü (radiasiya – Ş.A.) qorxub-qaçacağımı düşünürsən?

Əsgər əvvəlcə onun sağdığı südü kənara atır. Çünki o da zəhərlənib. Daha sonra inəyi güllələyir. Çünki artıq o da radiasiya daşıyıcısıdır və ətrafa xəstəlik yayır. Qadın yerində donub qalır. Görüntüdən hiss olunur ki, bütün başına gələnlərdən daha dəhşətli bir hadisə ilə üzləşdiyini dərk edir.

Çernobıla da çoxlu insanlar cəlb olunur. Onlar bilərəkdən, bilməyərəkdən ölkənin xilası üçün özlərini fəda edirlər. Lakin hadisənin üstündən iki il keçəndən sonra da, hadisə ilə bağlı məsuliyyət daşıyan şəxslərin məhkəməsi gedəndə də dövlətin üst düzəyi yalan danışmaqdan əl çəkmək istəmir. Günahkar əlbəttə ki, Sovet İttifaqının özüdür. İ.Kurçatov adına Atom Enerjisi İnstitutunun direktor müavini və Çernobıl fəlakətinin qarşısının alınması üçün fövqəladə hallar üzrə hökumət komissiyasının üzvü, professor Valeri Leqasov həmişəki inadkarlıqla bunu məhkəmədə də söyləyir. Hakimin “təhlükəli sularda üzürsən” xəbərdarlığına baxmayaraq fikrindən dönmür. Çünki minlərlə insanın necə fəlakətli şəkildə öldüyünün, şikəst qaldığının şahidi olub. Özü də uzun yaşamayacaq. Üstəlik SSRİ-də hər an partlaya biləcək altı-yeddi AES daha var. Bildiyi həqiqəti hökumətə qəbul etdirməsə, stansiyaların təmirinə başlamayacaqlar.

Image result for Chernobyl (miniseries)

Professor öz canı bahasına da olsa bu həqiqəti Sovet İttifaqına qəbul etdirə bilir.

Dövləti ittiham etdiyi üçün cəmiyyətdən tamamilə təcrid olunub ev dustağına çevrilən Leqasov özünü asaraq intihar edir. Ölümündən əvvəl isə bütün baş verənləri danışıb kasetlərə yaza bilir.

Çernobıl haqqında rusların özü də çox maraqlı filmlər çəkib. Sözü gedən serialın üstünlüyü isə real hadisələrin yüksək bədii həllini verməsidir. Ən maraqlısı, İngiltərə və Amerika istehsalı olan serialdı rusların dahi rejissoru Tarkovskinin ağır hərəkətli görüntülər taktikasından ustalıqla istifadə olunub. Ancaq Tarkovskidə bu görüntülər - təbiət, su, külək sirli və pozitiv nələrisə (Tanrı) yada salırsa, burda fəlakəti, ölümü və qorxunu (Şeytan) təcəssüm etdirir.

Serialın çoxsaylı unudulmayan kadrlarından biri də budur: SSRİ Nazirlər Sovetinin sədr müavini və Nazirlər Sovetinin Yanacaq və Enerji Komitəsinin rəhbəri, fövqəladə hallar üzrə hökumət komissiyasının rəhbəri Boris Şerbina uzun telefon danışığından sonra pəncərədən küçəyə baxa-baxa professor Valeri Leqasova deyir: “Frankfurtda uşaqları küçəyə buraxmırlar. Radiasiya qasırğası oralara çatmaq üzrədir.” Və həmin an Çernobıl küçələrində oynaşa-oynaşa məktəbə gedən uşaqlar gəlir ekrana. Bu sovet insanının yiyəsizliyinin dahiyanə ifadəsidir.

Başqa bir yerdə isə yoldaş Şerbina almanların kömək məqsədi ilə göndərdiyi robotun heç bir iş görmədən sıradan çıxma səbəbini belə izah edir: “Bizimkilər radiasiyanın gücünü almanlara yanlış deyiblər. Dövlətin beynəlxalq strateji maraqlarına xələl gəlməsin deyə.”

Bəli, dövlət təkcə vətəndaşına deyil, dünyaya da yalan danışır. Elə buna görə, serialın yaradıcıları məhkəmə səhnəsində professor Valeri Leqasovun dili ilə belə deyirlər:

“Biz yalan danışdıqca həqiqətə borclu qalırıq və bunun bədəlini ağır ödəyirik!”

Məncə, serialın ana fikri də elə budur!

Və bu fikir elə-belə səslənmir. Amerikalılar az eşitsə də, biz bir müddət SSRİ vətəndaşı olduğumuz üçün bu həqiqəti çox yaxşı bilirik: SSRİ-ni yalanlar dağıtdı!

Yalançı planlar!

Yalançı təltiflər!

Yalançı məlumatlar!

SSRİ-ni Çernobıl yıxdı.

Ən böyük yalanın ən böyük nəticəsi!

Serial Valeri Leqasovun səs yazma və intihar səhnəsi ilə başlayır, onunla da sona çatır. Tamaşaçının 5 saatdan artıq çənbərindən çıxa bilmədiyi ekran əsərinin çevrəsi beləcə qapanır və hər kəsin içində dərin təəssürat buraxır.

# 3778 dəfə oxunub

Oxşar xəbərlər

"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
#
#
# # #