Bütün siyasətçilərdən üstün olmağın sirri

Bütün siyasətçilərdən üstün olmağın sirri
7 mart 2018
# 11:06

Kulis.az Nemət Hacıəliyevin “Gizli həqiqət” məqaləsini təqdim edir

İtaliyanın axırıncı şahı olmuş III Viktor Emanuel heç vaxt incəsənətlə, mədəniyyətlə maraqlanmırdı. Onun ən çox fikir verdiyi hərbi problemlər idi. Bir də qəribə, qədim dəmir pullar yığırdı.

Bir dəfə rəsm sərgisində iştirak etməli olur. Dağlar, meşələr və evlər təsvir olunmuş şəklə bir xeyli diqqətlə baxandan sonra sərgini təşkil edən şəxsə sual verir: “Bu evlərdə nə qədər insan yaşayır?”

Əlisa Nicat məqalələrinin birində yazır:

"Mixail Bulqakovun «İt ürəyi» povestini oxuyanda və onun əsasında çəkilən filmə baxanda bu fikirlər istər-istəməz beynimdə dolaşır. Əsərdə avara bir it üzərində cərrahiyyə əməliyyatı aparılıb onun insana çevrilməsi və bu «insanın» yaramaz, pozğun, mənəviyyatsız bir məxluqa dönməsi təsvir olunur. Adətən, bu əsərin ideyasını onda görürlər ki, guya it insana çevrilsə də, it olaraq qalacaq. Lakin povestin mənası daha dərindir və o, əslində insana çevrilən itə qarşı deyil, tər-təmiz sosializm rejiminə qarşı yazılmışdır..."

Yazıçı əsərində səthi görünüş bayağı ola bilər. Mənasız bir kitab halına sala bilər. Bəzən həqiqəti gizli şəkildə çatdırmalısan. Oxucu isə o qədər dərinə enməyi öyrənməlidir ki, yazıçının əslində nə demək istədiyini anlasın. Yazının aldadıcı şirinliyi də bundadır.

“Milçəklərin kralı” əsərində uşaqlar kimsəsiz adaya düşürlər. Aclıq, şəraitsizlik onları tamam dəyişir. İki hissəyə bölünürlər. Hər qrupun öz başçısı olur. Hətta adada ölüm hadisəsi də baş verir. Təsəvvür edin, uşaq uşağı öldürür. İlk baxışdan insanın vəhşiliyindən danışıldığını görürük. Lakin müəllif mühitin insanı nə cür dəyişdirdiyindən danışır.

F.Kafkanın “Qəsr” əsəri ilk baxışdan sadə bir vəziyyətdir. Əslində, əsər insanın hakimiyyətə gəlmək istəyindən danışır.

Belə əsərləri saymaqla bitməz. Oxuyarkən oxucu yazıçının dilinə aldanmamalıdır. Alt qatlara enib xəzinəni ələ keçirməlidir.

Diqqətli oxucu ən yüksək zirvələri fəth edir.

C.Sviftin “Qulliverin səyahəti” əsəri uşaq ədəbiyyatı sayılsa da dünya ədəbiyyatının şedevr kitablarındandır. Bir məqamda müəllif qeyd edir:

“Eyni tarlada bir sünbül və ya bir ot əvəzinə ikisini bitirməyi bacaran hər kəs insanlığa və öz vətəninə siyasətçilərin bir yerdə etdiklərindən daha artıq xidmət etmiş olur”.

Yazıçı liliputlar ölkəsindəki bənzərliklə İngiltərədə olan bənzərlik arasında digər yaxınlıqları da göstərir. Məsələn, liliputlar ölkəsində olan siyasi partiyalar bunlardır: hündürdaban tərəfdarları və alçaqdaban tərəfdarları. Bunlar ingilislərdəki tori və viqlər partiyasına bənzəyir. Çox qəribə məsələlərlə bağlı onların arasında problemlər yaranır. Hətta yumurtanı iti ucundanmı, yoxsa küt ucundanmı sındırmaq lazımdır? Bu barədə razılığa gələ bilmirlər. Bununla da Svift ictimai-siyasi hadisələrə işarə edir.

Bu cür dərin mənalı əsərlər çox vaxt çətin mühitdə yaşayan yazıçıların dövründə işıq üzü görür. Yazıçı ya ölümü seçir, ya da baş sındırıb gizlin, sirli bir kitabla həqiqəti öz oxucusuna çatdırır.

# 1771 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #