Onun ölümündən on gündən çox keçir...
Və on gündür mən onun son məktubunu, yarıda qırılan həyatını düşünürəm...
Gecələr edam kəndirində yellənən gənc bir qızın xəyalı qaçırır yuxularımı...
Beşikdən boylanıb üzümə gülümsəyən qızımın gözlərinə utancımdan baxa bilmirəm...
Dünyanın bu ədalətsiz düzəni qarşısında insanlığın acizliyi üşəndirir məni...
...İranda özünümüdafiə məqsədi ilə ETTALAT zabitini öldürməkdə ittiham edilib, edam edilən Reyhanə Cabbaridən danışıram...
Məhərrəm ayından bir gün öncə asdılar Reyhanəni, Aşuradan on gün əvvəl...
Reyhanə 19 yaşında olanda tabeçiliyində çalışdığı 47 yaşlı keçmiş kəşfiyyatçı Murtəza Sərbandi ona narkotik qəbul etdirdikdən sonra zorlamağa cəhd edib. Özünü müdafiə etmək istəyən Reyhanə ona bıçaqla xəsarət yetirib. İran məhkəməsi isə Murtəzanın namaz üstündə qətlə yetirildiyini iddia edib. Hadisə o qədər qarmaqarışıq və dolaşıqdır ki, hətta İran prokurorluğu belə Reyhanənin edam cəzasının 10 illik həbslə əvəz edilməsini istəyirdi.
Amma...
Hadisə baş verəndən iki il sonra, 2007-ci ildə Reyhanə asılmaqla edam cəzasına məhkum edilib.
On minlərlə insan Reyhanənin edamının ləğv edilməsi üçün müraciət imzaladı. Sosial şəbəkələrdə etiraz dalğası başladı.
“Amnesty International” istintaq vaxtı yol verilən ciddi pozuntulara görə İranı edamın təxirə salınmasına səsləsə də Sərbandinin ailəsi Reyhanəni əfv edib, halallıq vermədi. Bütün basqılara baxmayaraq, Reyhanə ötən ayın 25-də İran həbsxanalarının birində edam edildi.
Mediadan izlədiyim prosesin sonluğu məni çox sarsıtdı.
Xüsusən iranmeyilli media orqanları Reyhanəni hansısa casus şəbəkəsinin üzvü olduğunu, Sərbandini sifarişlə öldürdüyünü iddia edir. 19 yaşlı qızın məktubunu oxuduqdan sonra bu iddialar olduqca gülünc və saxta görünür.
İran qanunlarına görə, insan haqqı hətta şəriət qanunları ilə belə tənzimlənmir və insan insana zülm edirsə onu ancaq zülm görən bağışlaya bilər.
İran edamın həyata keçirilməsini iki il məhz öldürülən şəxsin yaxınlarının halallığını almağa görə gecikdirdi.
Aydın məsələdir ki, öldürülən Sərbandinin ailəsi ailə fərdinin üstündə bu cür ləkənin qalması ilə razılaşa bilməzdi.
Bir tərəfində Marsa, Aya səfərlər təşkil edilən dünyanın başqa bir tərəfində 26 yaşlı gənc bir qız edam edilir.
17 yaşlı bir qızın Nobel mükafatı alıb fəxri kürsüyə qalxdığı bir dünyada, 26 yaşlı başqa bir qız edam kürsüsünə qaldırılır...
Bəli, zorlanan qızı günahkar hesab edən məhkəmə sistemi hələ də sülh və insanlıq carçısı olduğunu iddia edir...
Statistika tükürpədicidir. Son bir ildə İranda 852 nəfər edam edilib və bunun 81 nəfəri yeniyetmədir...
Hələ digər müsəlman ölkələrində başı kəsilənlər, üzünə turşu atılanlar, daşqalaq edilənlər, əli kəsilənləri demirəm.
...İran dünya miqyasında asılaraq edam olunma cəzasını ən çox nümayiş etdirən ölkədir.
Belə bir ölkədə Aşura günü ağlayanların, başını yaranların, sinəsini cıranların səmimiyyətinə necə inanasan?
Yox, deyəsən məni düzgün anlamadınız...
Axtarın internetdən Reyhanənin anasına yazdığı məktubu oxuyun, qərarı da özünüz verin!