Səhər daşımaları-Stiven Kinqin hekayəsi

Səhər daşımaları-Stiven Kinqin hekayəsi
19 noyabr 2014
# 15:09

Kulis.Az Stiven Kinqin “Səhər daşımaları” hekayəsini təqdim edir.

Dan işığı yavaş-yavaş Kalver Stritdən qaranlığı qovmaq hökmünü yeritməyə başlayırdı.

Evlərin içində yuxudan oyanmış kimsə olsaydı hələ gecənin qaranlıq olduğunu zənn edərdi. Dan yerinin sökülməsi isə artıq yarım saat olardı ki gerçəkləşirdi. Kalver Stritlə Balfur Avenyunun kəsişməsində ucalan böyük çinar ağacındakı qırmızımtıl dələ hərdən gözlərini qırpır, yuxusuz baxışlarıyla yuxuya dalmış evlərə baxırdı. Yarım tin aşağıda bir sərçə Makkenzilərin quşlar üçün qoyduğu kiçik su qabında silkinərək ətrafa inci kimi parlayan su damcıları səpələyirdi. Qarışqa da su novunun yanında çox vurnuxub, əzilmiş konfet kağızının içindən kiçik şokolad qırıntıları tapmışdı.

Yarpaqları oynadıb pərdələri tərpədən gecə küləyi artıq yığışmışdı. Tindəki çinar özünün son batıq xışıltılarını yayıb dayanmışdı, bu səssiz proloqdan sonra gələcək tam uvertüranı gözləyirdi.

Tutqun şəfəqlər göyün doğu tərəfini boyamağa başlamışdı. Qaşqabaqlı çoban quşları öz növbələrini bitirmiş, cırcıramalar qısa və tərəddüdlü oxumalarına başlamışdılar, sanki yeni günü təkbaşına salamlamaqdan çəkinirdilər.

Dələ çinarın haçasındakı ağzı qırışmış dəliyə girib gizləndi.

Sərçə qanad çalıb su qabının kənarına qondu və sakit dayandı.

Qarışqa tapdığı sərvətin yanında hərəkətsiz dayanmışdı, sanki kitabxanaçı qarşısındakı qədim kitaba baxıb düşünürdü.

Kalver Strit planetin işıqlanan bucağında, qaranlıq və işığın sərhədindəki müvazinətini səssiz ehtizazla saxlayırdı.

Sükunətin içindən zəif səs yüksəlməyə başladı. Yavaş-yavaş artaraq özünə elə yer elədi ki, sanki əvvəldən də vardı – gecikmiş gecə səslərinin içində gizlənmişdi. Səs bir az da yüksəldi, aydınlaşdı və süd daşıyan maşının ustalıqla sazlanmış motorundan gəldiyi məlum oldu.

Maşın Balfordan Kalverə döndü. Səliqəli, bej rəngli və yanlarında qırmızı hərflərlə yazılar olan yük maşını idi. Dələ ağac dəliyinin qırışıq ağzından dil kimi çıxaraq maşını gördü və casus sayağı budaqdakı sərçəni yem gözüylə marıtladı. Sonra budağın boyunca təpəsiaşağı o tərəfə qaçdı. Sərçə qanadını çalıb uçdu. Qarışqa da şokolad dənələrindən gücü çatanı götürüb yuvasına tərəf daşımağa başladı.

Cırcıramalar daha yüksəkdən oxumağa başlamışdılar.

Bir tin aşağıdakı binadan it hürdü.

Süd maşınının kuzovunun yanlarında “KRAMERS SÜD MƏHSULLARI” yazılmışdı. Şüşə südqabının şəkli vardı və altında: “SƏHƏR DAŞIMASI BİZİM SƏNƏTİMİZDİR!” yazılmışdı.

Südsatan oğlan boz-mavi uniforma geyinmiş və başına qulaqları qatlanan papaq qoymuşdu. Döşündə qızılı saplı tikmə ilə adı yazılmışdı: SPAYK. O, arxasında, soyuducu kameradakı şüşələrin bir-birinə dəyərək çıxardığı ritmik cingiltili səsdən ruhlanıb fit çalırdı.

Spayk maşını Makkenzilərin evinin qarşısında saxladı, yanındakı səbətini götürdü, tullanıb yerə endi və onu səkiyə qoydu. Bir anlıq dayanıb təzəlik və təmizliklə dolu havanı ciyərlərinə çəkdi, möcüzə idi. Sonra inamlı addımlarla qapıya tərəf getdi.

Poçt qutusunun üzərində pomidorşəkilli maqnitlə bərkidilmiş dördbucaqlı kağız vardı. Spayk orada yazılanı yaxından, yavaş-yavaş oxudu. Elə bil adam dənizdə tutduğu, üzəri duz qatı bağlamış butulkanın içindən çıxan məktubu oxuyurdu:

1 litr süd

1 qutu qaymaq

1 portağal şirəsi.

Təşəkkür: Nella M.

Südsatan əlindəki səbətə qayğıkeşliklə baxdı, sonra oradan süd və qaymaq götürüb yerə qoydu. Qayıdıb kağızı bir də yoxladı, maqniti bir az yana sürüşdürüb sifarişə aid başqa nöqtə, vergül, tirenin olub-olmadığına baxdı – sanki bu sifarişin məzmununu dəyişəcəkdi. Başını silkələməklə təsdiqləyib, maqniti yerinə çəkdi. Əyilib səbətini götürdü və geriyə, öz maşınına qayıtdı.

Maşının arxa hissəsi rütubətli, qaranlıq və soyuq idi. Havasında, oradakı süd məhsullarının iyinə qarışmış yüngül qıcqırtı iyi vardı. Portağal suyu ölümcül zəhərli quşüzümünün arxasında idi. Spayk oradan, buzun arasından qutunu çıxardı, baxıb başı ilə yenə təsdiq etdi və dönüb qapıya tərəf getdi. Portağal qutusunu da süd və qaymağın yanında yerə qoyub maşınına qayıtdı.

Bir qədər aralıdan, Spaykın köhnə dostu Rokinin işlədiyi fabrik-camaşırxana saat beş fitini çaldı. O, indi Rokinin buxar içində və boğucu istidə barabanları fırlatmağa başladığını düşündü və gülümsədi. Roki ilə görüşü haqda fikirləşdi. Bəlkə bu axşam... Malları paylayandan sonra.

Spayk motoru işə salıb maşını tərpətdi. Kabinənin tavanından qana bulaşmış qəssab qarmağı sallanırdı və kiçik tranzistor radiosunun süni dəridən olan bağı ondan asılmışdı. Radionu işə saldı və Makkartilərin evinə yaxınlaşdıqca sakit musiqi motorun səsinə həmahəng ritm verib kabinənin içini doldururdu.

Xanım Makkartinin yazısı həmişəki yerindəydi, poçt qutusunun yarığına pərçim edilmişdi. Qısa və konkret yazılmışdı: “Şokolad”.

Spayk qələmini çıxarıb üstündə “Çatdırıldı” yazdı və yenə kağızı büküb götürdüyü yerə dürtdü. Qayıdıb maşına gəldi. Şokoladlı-süd qutularını dal qapıdan götürmək rahat olsun deyə ən arxadakı soyuducularda üst-üstə yığmışdı. İyun şokoladlı-südün ən çox satıldığı ay idi. Südsatan soyuducuya göz gəzdirdi, sonra üst tərəfdən əlini uzadıb küncdə saxladığı içi boş şokoladlı-süd qutusunu götürdü. Qutu, təbii ki, qəhvəyi rəngdə idi və üzü gülən bir yeniyetmə ona baxanlara sevinclə xəbər verirdi ki, bu, KRAMER SÜD MƏHSULLARI şirkətidir.

TƏZƏ VƏ LƏZZƏTLİ SÜD İÇ!

UŞAQLAR BUNU HƏM İSTİ, HƏM SOYUQ SEVİRLƏR!

Spayk boş qutunu süd kasetinin üstünə qoydu. Sonra soyuducunun qarını barmaqları ilə təmizləyib axtardığı mayonez bankasını tapdı. Onu götürüb bayırdan içinə baxdı. Zəhərli hörümçək çox əzgin hərəkət edirdi, soyuq onu birtəhər eləmişdi. Spayk bankanın ağzını açdı və çevirib boş qutuya silkələdi. Hörümçək geri dırmanmaq üçün banka şüşəsinin hamar səthində aciz cəhdlər göstərirdi, amma istədiyi alınmadı. Küt tappıltı ilə qutunun dibinə dəydi. Südsatan qutunun qapaqlarını səliqə ilə bağladı, onu zənbilinə qoyub sürətlə Makkartilərin qapısına tərəf getdi. Hörümçəklər onun ən çox sevdiyi varlıqlar idi. Müştəri qapısına hörümçək qoyduğu gün Spaykın ən xoşbəxt günü olurdu.

Spayk yavaş-yavaş Kalver Stritlə yuxarı qalxdıqca səhər şəfəqlərinin simfoniyası da davam edirdi. Üfüqdəki mirvari zolaq əvvəl güclə sezilən çəhrayıya dönüşmüş, sonra isə al rəngli selə çevrilərək göy qübbəsinin yay mavisini almağı ilə bərabər ağarmağa başlamışdı. Günəşin ilk şüaları, məktəb şagirdinin dəftərində çəkilmiş kimi gözəl biçimdə üfüqdən asılmışdı.

Spayk, Uebberlərin evinin qarşısında, üzərində qaymaq yazılmış etiket, içində isə zəhərli gel olan şüşə qoydu. Cennerslərin qapısına beş litr süd gətirdi, orada oğlan uşaqları böyüyürdü. Spayk onları heç vaxt görməmişdi, amma evin arxasında yaşıl ağac budaqlarından düzəlmiş uşaq alaçığı görünürdü. Həyətdə isə hərdən unudulmuş velosiped və rezin uşaq topu olurdu. Kollinzlərin qapısına iki şüşə süd və bir qutu da yoğurt, Miss Ordueyin qapısına isə şəkərlə çalınmış yumurta və şərab qarışığından ibarət, içinə quşüzümü qatılmış içkidən bir qutu qoydu.

Tinin aşağısında qapı çırpıldı. Mister Uebber şəhərə uzaq yol getməli idi deyə qarajın qat-qat darvazasını açdı və portfelini əlində yellədə-yellədə içəri yeridi. Spayk onun balaca “Saab”ını vıjıltı ilə işə salmasını gözlədi və eşidəndə gülümsədi. “Rəngarənglik həyata cazibə verir,” – Spaykın anası deyirdi, ruhu şad olsun, başqa sözlər də deyirdi – “amma biz irlandıq, irlandlar öz işlərini sahmanlı tuturlar. Sən də hər şeydə sahmanlı ol Spayk onda bütün işlərin uğurlu olacaq.” Özünün bej rəngli süd maşınında həyat yoluna çıxdığı vaxtdan Spayk bu sözlərin həqiqət olduğunu yəqin etmişdi.

Cəmi üç ev qalmışdı.

Kinsaydların qapısında belə yazı tapdı və oxudu: “Bu gün heç nə. Təşəkkür.” Ora içi boş görünən ağzı bağlı süd şüşəsi qoydu. İçində ölümcül sianid qazı vardı. Uolkerlərin qapısında iki şüşə süd və yarım kiloluq qabda çalınmış qaymaq saxladı.

Tinin axırına - Merlonların evinə çatanda günəşin şüaları ağacların arasından düşüb, həyətə gedən çınqıllı cığır üzərində solğun ləkəyə bənzər hərəkətli naxışlar salırdı.

Spayk əyildi və çınqıl dənəsinə oxşayan, bir yanı yastı qəşəng bir qənbəri götürüb vızıldatdı. Qənbər səkinin kənarında yerə düşdü. O başını yellədi, gülümsədi, sonra da fit çala-çala yoluna davam etdi.

Xəfif külək onun burnuna camaşırxana sabununun iyini gətirdi və yenə yadına Rokini saldı. Spayk Roki ilə görüşmək qərarını qətiləşdirdi: Bu gecə.

Merlonların qapısında qəzetin tutqaclandığı lövhəyə iynələnmiş kağızda yazılmışdı: “İmtina.”

Spayk qapını açıb içəri keçdi. Evi məzar soyuğu basmışdı. Mebeldən heç nə yox idi. Tam boşluq və çılpaq divarlar. Mətbəxdə qaz plitəsi də yox idi, yerində dördbucaqlı şəklində kəsilmiş, parıldayan linoleum görünürdü.

Qonaq otağının divar kağızları tamam soyulmuşdu. Otaqdakı kürə-abajur yox olmuş, yerində qalan lampa qapqara qaralmışdı. Divarın böyük hissəsinə sıçramış qan damcıları artıq qurumuşdu. Psixiatrın sıçratdığı mürəkkəb ləkələrinə oxşayırdı. Ləkələrin ortasında divarın suvağında qazılmış dərin oyuq vardı. Oyuqda yapışıq saç topası və diqqətlə baxanda bir neçə dənə kiçik sümük qəlpəsi görünürdü.

Südsatan yenə başı ilə özünə nəyisə təsdiq etdi, dönüb geri gəldi və bir anlıq eyvanda durdu. Gözəl gün başlayırdı. Göyün üzü körpə gözündən də mavi idi, yalnız çox adda-budda səpələnmiş kiçik və ağ ləkəyə bənzər buludlar vardı... beysbol oyunçularının “mələklər” dediyi buludlar.

Qəzet tutqaclanan lövhədən kağızı qopardı və onu barmaqları arasında yumurladı. Sonra uniforma şalvarının sol-qabaq cibinə qoydu.

Geri, maşınına tərəf yönəldi və səkidəki çınqıl daşını təpiklə vurub novun içinə saldı. Süd maşını məhəlləyə gurultu saldı, sonra gözdən itdi.

Günəş parlaqlaşırdı.

Bir oğlan uşağı qaçıb evdən bayıra çıxdı, başını qaldırıb səmaya baxdı, üzünə təbəssüm qondu... Sonra südü götürüb evə apardı.

İngiliscədən tərcümə: Kazım Səlimov,2014.

# 1434 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #