Müharibə filmimiz bu dəfə də alınmadı

Müharibə filmimiz bu dəfə də alınmadı
28 fevral 2014
# 18:03

Xocalı qətliamının 22-ci ildönümü günü, Nizami Kino Mərkəzində Samir Kərimoğlunun “Mən evə qayıdıram” tammetrajlı bədii filmi təqdim olundu. Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan filmin ssenarisi (İsmayıl Səfərli) real hadisə əsasında yazılıb: 1992-ci ildə Rusiyanın Sitalçayda yerləşən hərbi aviasiya polkundan təyyarə qaçırılır. Təyyarə Yevlaxda gizlədilir. Qaçırılan təyyarə barədə "hay-küy" yatandan sonra V.Qurbanov döyüş uçuşlarına başlayır. Qarabağın müdafiəsində igidliklər göstərir. 3 döyüş uçuşundan sonra Vaqif Əsgərana uçur və təyyarə vurulur. Vaqif Qurbanov şəhid olur. Mənbələrdə Vaqif Qurbanova Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Əlbəttə, mətbuatın yazdığına görə həqiqətdə belə olub.

“Mən evə qayıdıram” filmi işğalçı ermənilərin polkun rəhbərləri ilə sövdələşməsindən başlayır. Onlar polk rəhbərliyinə pul müqabilində Qarabağın şəhərini bombalamağını tapşırır, koordinatları verirlər. Sonrakı hadisələr Sitalçaydakı polkda baş verir. Filmin əsas qəhrəmanı Fərhad Seyidzadə (Emil Bədəlov) onların əməliyyat planından xəbər tutur və hərbi təyyarəni qaçıraraq bu planı pozur.

Hadisə ilk baxışda dinamik olsa da filmin nəzərə çarpan neqativi aşağı temporitmdir. Adətən macəra-dram filmlərinə xas olan həyəcanla izləmə əvəzinə darıxırsan və bu lənglik montajın yox, çəkilişin qüsuru kimi görünür. Yeni hadisənin baş verməsi üçün polkun həyətində leytenantların ağır-ağır addımlamasını izləməlisən. Bir yığın kadr var ki (bunlar filan qədər vaxt – aktyorların, rejissorların, tamaşaçıların vaxtıdır, filan qədər pul deməkdir), bunlar nəinki mövzuya, situasiyaya yeni qatlar əlavə etmir, hətta 1 saatdan artıq filmi “doldurmağa” - yəni, filmin atmosferini yaratmağa, temporitmini artırmağa, müxtəlif geqlər salıb gərginliyi almağa (əgər o varsa) - belə kömək edə bilmir. Musiqi, montaj süni şəkildə dinamika yaratmaq istəyir. Halbuki, musiqinin də, montajın da funksiyası başqadır...

Filmdə hadisələrin çoxu polkda baş verir və hərbçi həyatının görünməyən tərəfi, “zənginlikləri” göstərilir. Hərbçilər sevdikləri qadınlarla da görüşürlər, hətta 18+ lətifə də danışırlar, amma kadrlara sanki quru, emosiyasız hərbçi rəsmiyyəti hakim kəsilib. Rejissor bu zənginliklərə, orqanik aktyorlara, canlı hadisələrə laqeyd yanaşıb.

Yaxşı olan isə odur ki, bu ciddiyyətlə film şüarçı vətənpərvərlikdən qaça bilib. Hər şey lokal qütbləşmədən - “bizimkilər-onlar” qarşıdurmasından Xeyir-Şər kontekstinə keçə bilib. Bu, filmin ideyasına xidmət edən ən yaxşı cəhətdir.

Kamera (Ayxan Salar) müşahidəçi funksiyasındadır. Amma bu müşahidəçi bəzən donub qalır. Hərçənd “gördükləri” onu “şaşırmalı” deyil. Məsələn, əvvəlcə biz bu epizodadək Şatıginin (Elçin Mehdi) bir neçə qətl törətdiyini görürük, rejissor da, aktyor özü də dəfələrlə onun şər təmsilçisi olduğunu vurğulayır, onu bəri başdan tamaşaçılara tanıdır. Epizodda onun hamamda əsgəri qətlə yetirdiyini görürük. Sonra kamera əsgərin içəridəki hadisədən xəbərsiz yoldaşı ilə hamama daxil olur. Az öncə göstərdiyi qanlı mənzərəni yenidən “görəndə” kamera bir anlıq “donur”. Halbuki əhvalatı bilən, qətli görən, bayaqdan hövsələsi daralmış tamaşaçı üçün bu iki saniyə artıq görünür. Hətta kamera “əsgər gözüylə” baxsa da! Bu, bəlkə də filmdə ən kiçik zaman itkisidir. Hansını deməli? Sanki “kasıb” bir hadisə uzun bir kinolentə uzadılıb və can verir. Amma tamaşaçıya yox. Tamaşaçı filmdən ruh almaq istəyir. Bu arzu qələbə arzusu qədər böyükdür!

Filmin nisbətən daha həyəcanlı olan final epizodları zalda canlanmaya səbəb olur.

Nəhayət ki!

Bu mövzuda zəif filmləri qəbul etmək xüsusilə çətindir. Qarabağ, ev, Xocalı - ağrı yaddaşıdır! Ciddi yanaşma tələb edir. Dövlət sifarişi ilə film çəkməyin absurd çətinliklərinə rəğmən...

# 3107 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #