Xəstə uşağın bəbəyindəki “Allah”

Xəstə uşağın bəbəyindəki “Allah”
19 fevral 2015
# 10:51

Uca və rəhmli Allahın adıyla...

Birdə baxdılar ki, gözünün içində, düz bəbəyin ortasında “Allah” yazılıb. Orfoqrafik səhv olmadan.

Düşdülər əl-ayağa. Kənd camaatı dəydi bir-birinə. Qəsəbəyə qədər gedən xəbərdən, rayon əhalisi də agah oldu.

Qoyun gətirən kim, dəvə kəsən kim. İsa zühur eləyəndə belə hay-həşir olmamışdı heç. Hamilə qadınlar axışıb gəldilər, evdə qalan qızlar növbəyə durdular. Qabağında səcdəyə gedən dayılar yağış istəyirdi, ətəyində çömbəlib oturan xalalar məmnun güzaran.

Uşaq özü də şokdaydı. Aylarla dillərinə ət dəyməyən ailənin bir həftə ərzində büdcəsi bütün cütdırnaqlıları alacaq qədər çoxalmışdı. Həyətdə iribuynuzlular movuldayır, xırdabuynuzlular mələşirdi. Adlı-sanlı adamlar ənam gətirir, qəzetlər yazır...

Əfsanələr dolaşmaqda olsun, sizə kimdən deyim, kimdən danışım, uşağın atasından. Kişinin pulunu balta kəsmir, mübarək insanın atasıdı. Sözünün iki tərəfi də qılınc kimidi.

Əlini pənah gətirənlərin üzərinə çəkən mübarək və seçilmiş uşaqdan şəfa tapmayanlar şeytani qüvvələrin əsiri kimi tanınmaqda. And içəndə adını tuturlar, adını deyəndə salavat gətirirlər.

Dövlət xadimləri mandat almaq üçün yüyürürlər yanına, müğənnilər toy tutmağa.

Bir yaz günortası oxumuş biri gəldi kəndə, lağ elədi, güldü, tutub apardılar hüzuruna mübarəkin.

Həkim imiş sən demə, bu gözünə döndüyüm.

Hələ də fırlanıb-fırlanmaması polemikaya səbəb olan dünyanın cənub küncündə, bir parazit yaşayır: Loa-loa. Manqo ağcaqanadının daşıdığı əndrəbadi varlıqdır. (Googlede axtarın, vicdanhaqqı düz deyirəm - müəl.)

Ağcaqanad dişlədiyi yerdən dərinin altına daxil olur və göz bəbəklərinə qədər gəlib çıxır. Korlaşmaya və ölümə səbəb olur.

Külli-cəhalətə bəlli olur ki, həmin o ağcaqanadın daşıdığı parazit, dərialtı sürünərək, gəlib yerləşib bu tifilin bəbəyində. Göz qişasını əmib, əlini də başının altına qoyub, uzanıb. Özü də bilmədən tərbiyəsizlik eləyib quyruğunu yuxarı qaldırıb, başını aşağı salıb, yazıb: “Allah”.

Orta əsrlərdə fərqli düşünən insanlara qarşı inkvizisiya tətbiq olunurdu. Bu qrupa aid insanlar o qədər çox olurdu ki, onların hamısını edam etməyə zaman çatmırdı. Bunun üçün belə bir üsuldan istifadə edirdilər: əslində tərkibi tabaşir tozundan olan məhlulu dustaqlara içirdirdilər və bunun zəhər olduğunu söyləyirdilər. İnsanlar bu tozu içib həqiqətən də ölürdülər. Meyiti incələyəndə məlum olurdu ki, orqanizmində zəhərləyici maddə var! Yəni, beynin təsirindən mədəaltı vəzi lazımı zəhəri ifraz edirmiş.

Almaniyada vərəm dispanserində belə bir şayiə yayıldı ki, bir qrup alim vərəmi sağaldan möcüzəvi dərman hazırlayıb. Xəstələrə bildirildi ki, bu həblər klinika tərəfindən alınıb. Həbləri qəbul edən xəstələrin 90 faizi sağalmağa başladı. Əslində isə heç bir möcüzə həb icad edilməmişdi – onlar adi aspirin idi. Demək, onları sağaldan həb deyil, həbə olan inanc idi. Bu zadın adını psixologiyada placebo qoyublar.

Bizim Həzrət dediyimiz, Övliya dediyimiz hər adam, başına dönüb-dolandığımız bütün pirlər bu mexanizmlə işləyir. Bütün ağır övliya adını almış ağsaqqallar əslində cəhalətdən istifadə eləyən “maşennik”lərdi.

Hacı Qamətlərin qamətinə and ola ki, Hacı Şahinlərin şahinləri cəhalətinizin üzərində villa tikib, əylənməkdə.

Allah kefli İsgəndərə rəhmət eləsin!

# 1294 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #