Tozsoran çıxdı, qadınlıq getdi

Tozsoran çıxdı, qadınlıq getdi
16 oktyabr 2014
# 13:53

Azərbaycan qadınının fədakarlığı barədə söhbətlər az qala mifə çevrilib: o, hər cür məhrumiyyətlərə dözən, saçını süpürgə edən, sevgiyə önəm verən, sevgisini nə pula, nə qızıla, şan-şöhrətə satan deyil.

Bu mifə görə guya bütün başqa xalqlara məxsus qadınların Araz aşığındandı, Kür topuğundan. Veclərinə deyil ki, ər harda qaldı, uşaq necə oldu... Sevgi desən, onlar sevgidən nə anlayırlar?! Rus qadınlarına kişinin pulu lazımdı. Kişi ki pulsuzladı, işsiz qaldı, mitilini bayıra atırlar.

Əvvəllər Azərbaycan qızları həqiqətən fədakar olublar. Hər halda Qaçaq Nəbinin Həcəri isti yorğan-döşəyini dağlarda Nəbiylə yanaşı yaşamağa dəyişmişdi. Azərbaycan qızlarının lüks həyata meylliliyi get-gedə çoxaldı. Fədakarlıq onda yoxa çıxdı ki, ölkəmizə – tozsoran, paltaryuyan, qabyuyan, ətçəkən, sokçəkən, dolmabükən kimi texnikanın son nailiyyətlərini özündə əks elətdirən cürbəcür məişət avadanlıqları ayaq açdı. Koroğlu deyirdi, tüfəng çıxdı, igidlik, kişilik əldən getdi.

Keçən dəfə məişət cihazları satılan mağazada özü xəmir yoğurub, çörək bişirən sobaya rast gəldim. Cihazı izah eləyən satıcıya “daha nənəyə ehtiyac yoxdu ki!” deməyim mağazada gülüşə səbəb oldu.

Başımdakı romantik havayla nənəmi xatırladım. Hər səhər obaşdan yuxudan durub namaz qılan, sonra inəyini sağmağa gedən, biz yuxudan qalxınca isti süd, kərə yağıyla süfrə açan nənəmin təndir qalamağı bir ritual idi. Nənəm bir şələ odunu kürəyinə atıb bağın ucqarındakı təndirin yanına gətirər, biz də hoppana-hoppana dalınca qaçardıq. Sonra təndiri qalayar, biz yuxuda olanda yoğurub acıtdığı xəmirdən düzəltdiyi kündələri təndirə yapardı. Gözləri acışa-acışa, istidən üzü-gözü qarsalana-qarsalana... Alnında tər tumurcuqlayırdı. Çörəklər, bizim üstü məməli kökələrimiz bişəndən sonra bir teşt çörəyi qaldırıb başına qoyar, evə gətirərdi. Bu şərtlərlə yaşayan nənəm əlbəttə fədakar olmalıydı. Nənəmin tanıdığı bütün qadınlar onun kimi yaşayırdı, qadın dediyin belə amarat olmalıydı.

Anamın fədakarlığı bir başqa şəkildə idi. Səhər ertədən atamla birgə evdən çıxıb işə gedən, gah məktəbə dalımızca gələn, gah xəstələnəndə qaça-qaça bizi xəstəxanaya aparan anam evə çatan kimi axşam yeməyini hazırlamağa girişər, evi süpürər, silər, paltarları ya yuyar, ya qaynadardı. Günümüzü zəbt edən, qadının işçi qüvvəsini əlindən alan məişət cihazları o zamanlar çox varlı adamların evində idi. Anam üçün sehrli nağıllardakı kimi xəyaldı, əlşatmazdı... Anam da fədakar olmağa məcburdu yəni...

Günümüzdə isə vəziyyət başqa cürdür. Kapitalizm sisteminin yaşamı alayı cürdür. Bu gün hər kəs kreditlə bütün məişət cihazlarını əldə edə bilir. Bu gün əllə paltar yuyan qadın görəndə təəccüblənirlər. Ərlərin arvadlarıyla ən böyük davası odur ki, heç olmasa işə geydikləri ağ köynəkləri əlində yusun. Çünki maşın paltarları tez korlayır. Ərlər paltara pul xərcləməkdən yorulublar. Dəfələrlə şalvarlarının cibində pullarını itiriblər. İslanıb, cırılıb, arvad nə qədər ütüləsə də pulu bərpa etmək mümkün olmayıb.

On-on beş il əvvəl restoranlardan hazır yemək sifariş eləmək qudurğanlıq sayılırdı. Bu gün isə bu çox adi bir haldı. Ən kasıb ailələr də restoranlardan yemək, şirniyyat, kabab sifariş edirlər.

Günümüzün müasir qızları ancaq və ancaq varlı-hallı, işli-güclü ər tapmaq arzusundadır. Ona görə ki, onlar artıq yaxşı, lüks, xanım kimi yaşamaq nədir bilirlər. Heç olmasa seriallarda görürlər.

Artıq qızlar hər “yoldan ötənə” ərə getmək istəmirlər. Onlar ərə gedəcəkləri adamın evinə, evinin şəraitinə yerində gəlib baxış keçirirlər. Şərait ürəklərincə olsa, razılaşırlar. Olmasa, yox.

Haqlıdırlar, ya haqsızdırlar başqa söhbətin mövzusudur. Amma heç kimə sirr deyil ki, insan həzzalmaya meylli məxluqdur. Hələ qadın daha çox...

# 3107 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #