Murad Köhnəqalanın “Bulud pinəçisi” povesti haqqında vaxtilə yazı yazmışam. Özüylə də yalançılar sözü, “bir ton” araq içmişəm, arada sözümüzün çəp gələn vaxtı da olub. Amma işim çətinə düşəndə hayıma yetən adamlardan biri də Murad olub.
Telefonuma Muradın zəngi gələndə açığı, bir qədər təəccübləndim. Çünki Murad mənə çox nadir hallarda zəng edir. Sonuncu dəfə nə vaxt zəng edib, xatırlamıram. Dedi ki, təcili Gəncəyə getmək lazımdır, bir məhkəmə işi var, bu gün axşam çıxıb sabah qayıdacağıq. Dərhal razılaşdım. Çünki Muradla səfərə çıxmaq ayrı aləmdir.
Axşam Dəmir Yol Vağzalından kupeyə bilet alıb yaxınlıqdakı mağazaya yollandıq ki, kupedə toqqamızın altını bərkitmək üçün ayın-oyun alaq. Yolda bizi qəfil yağış tutdu. Murad özünə yarım litrlik “Stoliçnoya” arağı aldı, yeməyə də kolbasa-çörək götürdük. Perrona çıxıb Bakı-Gəncə qatarının 10-cu vaqonunda yerimizi tutduq. Süfrəmizi hazırlayıb siqaret çəkmək üçün tambura çıxdıq. Qayıdanda gördük ki, içəridə kök bir kişi oturub, qapını tıqqıldadıb zarafatla: - gəlmək olar? – dedim. Bu kök kişi də kim olsa yaxşıdır? Əməkdar artist Telman Əliyev.
Aktyorun əlindəki uzun təsbeh Muradın diqqətini çəkdi, təsbeh o qədər uzun idi ki, ucu az qala yerə dəyirdi. Murad dedi ki, “məllim, təsbehin deyəsən iki nəfərlikdi”. Gülüşdük. Tanışlıq versəm də aktyor mən cəhənnəm, Muradı da tanımadı. Murad dedi ki, bu artistlər kitab-zad oxumurlar, bunlara nə ssenari verilir, onu da oxuyurlar. Əməkdar artistimiz Muradın bu fikrinə nə hə, nə də yox dedi. Əvəzində Gəncədə yaşayan yazıçıların adlarını sadaladı: Qərib Mehdi, Əhməd İsayev, Məmməd Alim, Altay Məmmədov(rəhmətə gedib).
Telman Əliyev uzun illər Gəncə teatrında çalışıb. 2000-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Son vaxtlar teleseriallarda çəkilir. Növbəylə əməkdar artistlə şəkil də çəkdirdik. Murad plastik stəkanda beş-beş vurur, arada baməzə replikalar atırdı. Tez-tez də aktyora təsbeh çevirməyini irad tuturdu. Telman müəllim dedi ki, bu təsbehi mənə bağışlayıblar, bununla da sanki özünə bəraət qazandırmaq istədi. Biləcərini yenicə keçmişdik ki, Murada Gəncədən zəng gəldi. Məlum oldu ki, məhkəmə təxirə salınır. Murad dedi ki, geri qayıtmaq lazımdır, daha gedəsi olmadıq. Bələdçidən öyrəndim ki, qatar bir də Qaradağda dayanacaq. Murad dedi ki, bəlkə Ucara gedək?
Ucara getməyimizin nə mənası vardı? Yalandan Murada dedim ki, qatar Ucardan keçmir axı. Dedi, doğrudan? Dedim, hə. Dedi, onda Qaradağda düşək. Murad yarısından çoxunu içdiyi araq şüşəsini çantasına qoydu. Qatar bələdçisinə xəbər verdim ki, qayıdırıq və xahiş etdim ki, növbəti stansiyada düşməyimiz üçün şərait yaratsın. Əməkdar artistimizlə sağollaşıb gecənin qaranlığında Qaradağ stansiyasında qatardan endik. Yəqin o da bizdən canını qurtardığı üçün əməlli-başlı sevindi. Çünki Murad arada əyri-əyri onun əlindəki təsbehə baxırdı.
Muradla stansiyada dayanmış qatarların altından keçə-keçə birtəhər özümüzü asfalt yola çatdırdıq. Ələt səmtindən ancaq yük maşınları gəlib keçirdi. Murad kiməsə zəng vurdu, “küçə fahişəsi kimi yol qırağında durmuşuq, heç bizə maşın saxlayan da yoxdu” dedi. Mən dedim fahişə olsaydıq, indi çoxdan maşın saxlayıb bizi aparmışdılar.
Qarşımızda bir avtobus dayandı, sürücü dedi mən Şəkiyə gedirəm, halbuki şəhər istiqamətində gedirdi. Murad dedi ayə, bə bizsizmi gedirsən?
Axır ki, bir insaflı avtobus sürücüsü bizi 20-ci sahəyə qədər gətirdi. Ordan da taksi sürücüsü bizi Memar Əcəmi” metrostansiyasına aparmaq üçün on manat pul istədi. Cibimdə cəmi dörd manat pul vardı. Hər dəfə də Murad kənara çəkilib cibinin pulunu sayırdı: Ayə, qoy görüm nə qədər pulum var...
Axır ki yeddi manata razılaşdıq. Yasamal bazarının qarşısında Muraddan ayrıldım. Gecə saat 2-yə işləyirdi...