Qarabağı qaytaran türk futbolçu

Qarabağı qaytaran türk futbolçu
15 noyabr 2019
# 10:43

Bu gün mənim üçün ikiqat bayram havası var. Birincisi çalışdığım APA-nın 15 yaşı tamam olur. İkincisi isə hamımızın sevimlisi Türkiyə milli komandası gələn il keçiriləcək futbol üzrə Avropa çempionatına vəsiqəni təmin edib.

Müstəqillikdən sonra mətbuatımızın ən öndə gedən xəbər agentliyi haqqında çox şey yazmaq olar. Ancaq baş redaktorumuz Şərif Ağayar APA-dan geniş yazdığı üçün mən də Türkiyə millisindən yazmaq istədim.

Türkiyə deyəndə, Nazim Hikmət, Əziz Nesin, Orxan Vəli, Atatürk, Əhməd Qaya, Sezen Aksu, Kamal Sunal, bir də Hasan Şaş yadıma düşür.

O Türkiyə ki, həmişə məni gözləmədiyim anlarda sevindirib. Soyuq İslandiya ilə qolsuz bərabərə qaldılar. Ancaq bu həm də qələbə idi. Bir xal da türklərə bəs edirdi.

Böyük insanların ölkəsi... Qırx səkkiz il dünya futbol çempionatının qapısından belə keçmədiyi halda, ilk qatıldığı çempionatda dünya üçüncüsü olmağı bacaran ölkənin adamları.

Yadıma düşür, uşaq yaşlarımda futbola baxmaq üçün necə də böyük həyəcan keçirdirdim. Buna görə də çox vaxt anam oyunları izləməyi mənə qadağan edirdi. Çox vaxt gecələr yata bilmir, matçların nəticəsi haqqında fikirləşirdim.

Bir dəfə Çempionlar Liqasında “Qalatasaray”- “Real” oyununa baxırdıq. İlk hissədə “kral klubu” “Cim Boma” iki qol vurdu. Anam televizoru söndürmək istəyirdi.

- Söndürün, yataq. Onsuz da uduzduq!

Ancaq atamın israrı ilə ikinci hissəyə baxa bildik və türk klubu sözün həqiqi mənasında möhtəşəm çevriliş edərək, hesabı 3-2 etdi, tarixi bir qələbə qazandı. Evdə hər kəsin üzü gülürdü.

***

2002-ci il Dünya Çempionatında Türkiyənin tarix yazması da mənim uşaqlıq illərimin ən gözəl və unudulmayan bir xatirəsidir. Türkiyə - Braziliya oyununda Hasan Şaşın ilk qolu yadınızdadır? Yəqin o qoldan sonra ekran qarşısında çığıra-bağıra sevincinizi bölüşmüşdünüz. Hamımız qələbəyə inanmışdıq. Hətta yazıçılarımızdan biri öz dostlarını daha da ruhlandırmışdı:

“Mənə elə gəlir, Qarabağı alacağıq!”. Bütün avropa türklərdən qorxmuşdu, sanki Osmanlı ordusu yenidən bərpa olunurdu. Bu oyun uşaqlığımın son məğlubiyyəti idi.

Hasan Şaş dedim. O Hasan ki, bizə futbolu dərindən hiss etdirib. Futbolun təkcə 22 nəfərin bir topun arxasınca qaçmadığını, hər oyunçunun bir hekayəsi olduğunu bizə deyən adam idi Hasan Şaş.

Hasan Şaş "Qalatasaray”da ilk matçını belə xatırlayır: "Ali Sami Yen stadionunda olub-olmadığımdan əmin olmaq üçün göy üzünə baxdım. Yaxşı oynamışdım. Mənim hərəkətlərim tribunadakıları lərzəyə gətirirdi. Uğultunu eşitdikcə tüklərim biz-biz olmuşdu.”

2000-ci ildə isə Hasan UEFA Kubokunu qaldırır. "Arsenal”la keçən oyun Tanrının oyunu kimi yaddaşlarda qalır. Necə ki, TRT-nin şərhçisi Levent Özçelikin dediyi kimi, "Tanrı bizim almağımızı istəyir.”

İki il sonra Hasan milli komanda ilə birlikdə Dünya Kuboku üçün samurayların vətəni Yaponiya, oradan isə Koreyaya yollanır. Yenə qayıdıram Braziliya ilə oynanılan ilk qrup matçına...

Həmin gün Bakıda dəhşət isti vardı. Elə bil göydən od ələyirdilər. Ailəlikcə televizorun qarşısına keçib həyəcanlı şəkildə, donuq gözlərimizi ekrana tuşlamışdıq. Hakimin fiti eşidiləndə atam həyəcanından öskürdü. Hasan Şaş topa elə gözəl, elə estetik formada zərbə endirdi ki, hamı, hətta bütün Türk dünyası ayağa qalxdı. Top tora qovuşmuşdu. Həmin gün, həmin dəqiqə hamımız eyni saniyədə qol deyə hayqırmışdıq.

Qardaşım yay aylarında saçını keçəl edəndə anam ona Hasan Şaş deyərdi. Hasan Şaş elə bil evimizdə yaşayırdı. Onun vurduğu hər qol bizim üçün doğma adamın sevinci kimi gəlirdi.

Həmişə zəhləm getdiyi, istidən nəfəs ala bilmədiyim yay fəslini indi dörd gözlə gözləyəcəm. Türkiyə yenə bizi sevindirəcək, üzəcək, mutlu edəcək.

# 6465 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #