Ölümdən və yuxudan yazan yazıçı

Ölümdən və yuxudan yazan yazıçı
2 may 2018
# 12:10

Kulis.az Rüstəm Kamalın “Yaşarın hekayələri və yuxuları” essesini təqdim edir.

Yaşar yazmaq əxlaqına malik yazıçılarımızdandı.

Yaşarın nəsrindən ədəbiyyatşünaslıq terminləri ilə yox, musiqi alətinin kökdən düşməsini yoxlayan texnikanın dili ilə danışmaq olar. Bizi "Yeddi"nin üslubu, süjeti yox, sözlərin, cümlələrin arasındakı mənalar, süjet məsamələrindəki səs, nəfəs maraqlandırır.

Bu hekayələrdə ("Tabut", "Dəfn") tanatoloji başlanğıc hakimi - mütləqdir. Ölüm burada adi hadisədir, insanların davranışını müəyyənləşdirən aktdır. Tanatoloji başlanğıc bütün obrazları və motivləri bir məcraya yığır, təhkiyənin ümumi tonallığını, səs-rəng palitrasını təmin edir.

Bu dünyanın rəng simvolikası - qara rəngdir: qara köpək, qara gecə, qara kağız, qaranlıq... Bu məkanda qaraltılar, qara kölgələr dolaşır: "Salman kişi bir də o qara qaraltıya baxdı. Qara köpək tərpənmirdi"; "Qulam kişi bu dəfə başını qaldıranda tavandakı o qaraltını görmədi, bir sonsuz qaranlıq gördü".

Oğul ata evinə (məkanına) gecə gəlir, gecəykən, yaxud səhər açılanda da evi tərk edirlər. Ruhlar kimi. Səhər açılmamış şəhərə qayıdırlar, əriyib yoxa çıxırlar. Oğul sanki fiziki varlıq yox, substansial varlıqdır. Ata ilə oğul arasında yalnız ruhi ünsiyyət, gözəgörünməz energetik təmas mümkündür.

"Surxay bu gecə çıxıb gedəcəkdi"; "Gecənin bu vaxtı darvazanı döyən özgə kim olardı axı? Oğlu Nüsrətiydi".

Hekayələrin səs semiotikası da maraqlıdır. Səslər divarın o üzündən, qapının, darvazanın dalından - "o dünyadan" gəlir: "Darvaza döyülürdü. Yaqub kişi hiss elədi ki, darvazanı döyən hər kimdisə bu dəqiqə sakitcə dayanıb"; "Üç ay bundan qabaq bir axşam çağı zəng səsinə qapını açıb atamla tapışdım"; "Bir gecə İsmayıl yuxuya gedəndə qəflətən divarın o tərəfindən qulağına səs gəlmişdi".

Yaşarın real kənd dünyası əslində yuxu dünyasıdır, ruhlar dünyasıdır. ("Kəndin bütün işıqları keçmişdi. Hamı şirin yuxudaydı. Təkcə itlər yatmamışdı, elə hey hürüşürdü") Personajların hər birinin konkret adı, işi-gücü, qayğısı olsa da, təsvir olunan xronotop gecə, şər vaxtına və personajların arasındakı münasibətlər irrasional başlanğıca malikdir. Yaşarın bütün personajlarının yaşamı yuxu ilə bağlıdır. Yuxuya getmək, yuxu görmək onların ontoloji mahiyyətidir. ("Bəlkə də Yaqubu qara basırdı, bəlkə hələ də yuxudaydı"; "O gecə Səlbi qarı düz səhərəcən yuxuda sayıqlamışdı"; Onlar liminal varlıqlardır, nə ordandırlar, nə burdan - "yazıq arvad nə yatan kimi yatır, nə duran kimi durur. Doxdura aparmışdım, baxıb dedi, ürəyidi". "Salman kişi iki həftəydi yata bilmirdi"; "Yuxu-oyaq" qarşıdurması "ölü-diri" qarşıdurmasını ehtiva edir. Mifoloji düşüncə üçün yuxu ölümün metaforasıdır ("Kitabı-Dədə Qorqud"da yuxu kiçik ölümdür").

Oğulları ataların dünyası ilə bağlayan yuxulardır. Uşaqlığın qeyb olmuş dünyasıdır. Yaşarın epik söyləmələrində kişilər gənc qadınların uşaqlar analarının nəfəsini, ətrini, iyisini xatırlayırlar. İyi-qoxu, ətir "o dünya"nın əlamətidir: "Bir vaxtlar Nüsrət də anasının saçlarını beləcə iyləyə-iyləyə yatardı"; "Anamın ilini təzəcə vermişdim. Yazığın nəfəsi hələ də evin havasındaydı".

Kişilərin məkanında qadınlar sanki mövcud deyil. Onlar ya xəstə olurlar - bu da onların fiziki varlığını heçə endirir, ya ölürlər. Bir sözlə, qadınlar kişi məkanından periferiyaya, yaxud heçliyə, ölümə göndərilir ("Arvadı öləndən bəri Əmrah yaman sınıxmışdı. Hər dəfə o arvad yuxusuna girəndə diksinib oyanardı, bütün gecəni halı özündə olmazdı...").

Yaşarın bir nasir kimi dəyərli cəhəti ondadır ki, etnoqrafik situasiyaya, kənd həyatının bir detalına, replikaya simvol statusu, mifoloji məna verə bilir. ("Oğul" hekayəsində quzular - "Deyəsən, bu quzuları yetim qoymusan?" "Canavar" da canavarın təqibi və s.)

Yaşar üçün yalnız ataların məkanı (dünyası) mövcuddur. Yaşar üçün ölüm - olum, yuxu-oyaqlıq arasında vurnuxan, rahatlıq tapmayan, yuxusu qaçmış, qocalmış ataların tale süjeti maraqlıdır.

Ataların məkanında ölüm və yuxu bir-birini tamamlayır. Yenə M.Blanşoya ("Ədəbiyyat məkanı" essesi) müraciət edək: "...ölüm hakim olanda ömür başlayır". Çünki ədəbiyyat məkanının bütün əlamətləri inkar qanunu ilə qeyd olunub. Ancaq bu inkarın arxasında daha mühüm fakt gizlənir: bu dildə hər şey və hər bir inkar təsdiqə dönür və təsdiqlənir". Əgər belədirsə, onda ölüm ədəbiyyat imkanında inkar olunur".

Yaşar ölümdən və yuxudan yazmaqla bəlkə atanın diriliyinə ümid bəsləyir? Bəlkə yazıçı hekayələri və yuxuları ona görə danışır ki, özünü də atanın diriliyinə inandırsın?

# 2063 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #