Kənan Hacı öz kitabı haqqında

Kənan Hacı öz kitabı haqqında
5 yanvar 2013
# 08:30

Ötən ayın sonunda daha bir kitabım çapdan çıxdı. Kiçik həcmli “Çəhrayı qan” romanını yenidən hansısa kitabıma daxil etməyi çoxdan düşünürdüm. Açığı, bu əsəri yazmağa başlayanda (2006-cı ildə) hekayə kimi nəzərdə tutmuşdum, amma sonra gördüm ki, hadisələr hekayə çərçivəsinə sığmır.

İstənilən hekayəmin sonluğu mənim özüm üçün gözlənilməz olur. Mən yazmağa başlayanda heç vaxt bilmirəm ki, o nəylə bitəcək. “Çəhrayı qan”ı da yazmağa başlayanda əvvəlcədən heç bir süjet qurmamışdım, qeydlər aparmamışdım. Sadəcə, ideya dumanlı şəkildə beynimdə fırlanırdı, bir gün oturub yazmağa başladım və düşündüm ki, bir-iki günə bitirəcəyəm. Amma bilmirdim ki, bu həngamə nə ilə bitəcək.

Bu əsəri yazarkən həyatımın düzəni pozulmuşdu, valideynlərimi itirmişdim, dəniz kənarındakı bağ evində tək-tənha yaşayırdım. Həyatla mənim aramdakı bütün bağlar qırılmışdı. Hər gün yaza, mütaliə edə bilmirdim, bunun üçün adicə şərait belə yox idi. Günlərlə işıq olmurdu, sobanı odunla qızdırırdım və belə dözülməz şəraitdə, xüsusən də qış aylarında yazmaq qeyri-mümkün idi. Hətta bir-iki dəfə möhkəm xəstələnmişdim, ciyərlərim sətəlcəm olmuşdu. Canımda daşıdığım xəstəlik də mənə həmin günlərdən yadigar qalıb. Evin içində gödəkcədə oturub yazmağın, oxumağın nə demək olduğunu yəqin ki, təsəvvür edirsiniz. İstədiyim, mənə lazım olan kitabları da oxumaq imkanım yox idi. Bu, mənim yalnızlıq və əsəb gərginliyi dövrüm idi. Amma bütün bu çətinliklərə rəğmən yazırdım.

Bir müddət yazdıqdan sonra qüvvəm tükəndi, əsər yarımçıq qaldı. Qəzetlərə köşə yazıları yazmaqla kifayətləndim. Hər dəfə portfelimdə yarımçıq qalmış əlyazmasına gözüm sataşanda beynimdə müxtəlif süjetlər qururdum, ancaq bir cümlə də yaza bilmirdim. Təsvir olunan hadisələrin hamısı gerçəkliyə tam uyğun idi, roman gerçək olmayan nöqtədə ilişib qalmışdı. Əsərdə bəzi erotik təsvirlər vardı və bu, qaçılmaz idi. Çünki əsər fahişəliyə yuvarlanmış bir qızın taleyindən bəhs edir və bunun ört-basdır edilməsi riyakarlıq olardı. Amma sona qədər epatajdan, söyüşdən istifadə etmədim.

Aradan üç il keçdi. 2009-ci ilin ilk günlərində mən saralmış vərəqləri yenidən gözdən keçirdim və yarımçıq qalmış əsərin davamını yazmağa qərar verdim. Bu zaman artıq şəhərə köçmüşdüm və yazmaq üçün babat şərait vardı. İki ay işlədim və əsər heç gözləmədiyim bir sonluqla bitdi. “Çəhrayı qan” mənim ilk iri həcmli yazım oldu. Təbii, indi əsəri oxuyanda nöqsanları da görürəm, indi yazsaydım, tamam fərqli bir şey qələmə alardım. Amma bu əsər mənə ona görə doğmadır ki, onu yazmaq sevdası məni hər an udmağa hazır olan uçurumdan xilas etdi. Yaşamaq üçün mənə stimul verdi bu əsər. Onu yazmaq üçün çox şeylərdən əl çəkdim, özümü tam buraxmadım, büdrəyə-büdrəyə də olsa, çatmaq istədiyim yerə gəlib çıxa bildim. Bu əsər müəyyən mənada mənə itirilmiş həyatımı qaytardı.

Heç bir yazımı bu qədər vasvasılıqla yazmamışam, bu romanın hər cümləsinin üstündə əsirdim, bütün enerjimi süjet qurma texnikasından daha çox cümlələrə sərf edirdim və indi bu qüsur daha aydın görünür. Dili yaxşı mənada istismar etsəm də qəhrəmanların taleyindən çaparaq keçib getmişdim. Bir neçə dəfə bu əsəri genişləndirmək haqda düşündüm. Amma sonra fikrimdən vaz keçdim.

Bu mövzu mənim üçün bitməmiş qalır və çox güman ki, hansısa başqa bir əsərdə o qadın obrazına yenidən qayıdacağam.

# 2207 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #