Aqşin Yeniseyin sülh həqarəti

Aqşin Yeniseyin sülh həqarəti
20 may 2019
# 13:36

Ayxan Ayvaz

Müharibədən bəhs edən məşhur əsərlər var. Yəqin ki, bilirsiniz. Şoloxov “Sakit Don”, Tolstoy “Hərb və Sülh”, “Hacı Murad”, “Kazaklar”, Heminquey “Əlvida, silah”, Nikolay Qoqol “Taras Bulba”, Mixail Bulqakov “Ağ qvardiya”, Remark “Qərb cəbhəsində yenilik yoxdur” və s.

Bu əsərlər bizi həmin dövrün ab-havasına, müharibənin dəhşətlərinə aparır. “Sakit Don”da kazakların həyatı qəfil başlayan Birinci Dünya Müharibəsi ilə tamam başqa rəng alır: xəyanətlər, aldanışlar, nifrət başlayır. Yazıçı Don çayının lal-dinməz yerində durmasını təsvir edərək, bunun fonunda insanların müharibədən əvvəlki və sonrakı xarakterlərini ustalıqla təsvir edir.

Tolstoy “Hərb və sülh”ü 6 ilə yazıb. Rus və fransız müharibəsinin dəhşəti, axıdılan qanlar, dağıdılan evlər və eyni zamanda çirklənmiş rus elitası. Tolstoy yazır ki, I Aleksandr kefcil, ədabaz bir adamdır, günü bal-maskaradlarda qadınlarla vals oynamaqda keçir. Fransızların hücum xəbərini də elə belə ziyafətlərin birində eşidir. Məğlubiyyətdən sonra ruslar barışıq imzalayır. İkinci mərhələdə isə rus xalqı Rusiyanın istiqlaliyyəti uğrunda vuruşur, bu dəfə isə başçı Kutuzovdur. Napoleonun işğalçı ordusu rus torpaqlarından qovulur.

Müharibələrin dəhşətini, insanların ikiləşməsini, dəyişməsini, ölümü, göz yaşını, evindən didərgin olan insanları göstərir bu əsərlər. Biz özümüzü orda döyüşən qəhrəmanların yerində görürük, güllələrin səsi, atılan toplar bizi səksəndirir. Ya da döyüşənləri həsrətlə gözləyənlərin yerində hiss edirik özümüzü.

Həyatın amansız qaydaları olur: sənin yaşadığın torpağı ələ keçirtmək istəyən, acımasızca insanları güllələyən işğalçılar sakit, şad-xürrəm keçən gözəl günlərin üstündən qalın bir xətt çəkir.

Müharibədən bəhs edən əsərlərdə həyat iki hissəyə bölünür:

1. Müharibədə keçən amansız həyat;

2. Döyüşənləri həsrətlə gözləyən qadınlar, qocalar və uşaqlar.

Hər anı qorxu, səksəkə içində keçən günlər. Bəzən müharibənin içində olanlar deyil, arxa cəbhədə öz sevdiklərini gözləyən insanlar daha çox əzab çəkirlər. Müharibələr bu insanları dəyişdirir, əsəblərini sıradan çıxarır. Ancaq döyüşdən qayıdanın qarşısında özünü sındırmır, vüqarlı tutur. Çünki bilir ki, bəzən müharibə labüd olur.

Əlbəttə, müharibə amansızdır, heç kim heç kimin ölümünü istəmir. Bu əsərlər də müharibənin dünyanın ən gözəl, möhtəşəm bir şey olduğunu demir. Sadəcə müharibənin də bizim həyatın tərkib hissəsinə çevrildiyini deyir və başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik yaratmaq istəyən işğalçıların amansızlığını təsvir edir. Müharibəni də yaradanlar məhz bu cür düşünən beyinlərdir. Onlar şair demiş, günəşin, axar suyun düşmənidirlər. Onların üzündən torpaqlar işğal olunur, insanlar öldürülür, göz yaşları dayanmır, ailələr, nəsillər bədbəxt olur.

Hər şey keçib gedir, döyüşlər, qorxu içində keçirilən gecələr, güllə səsləri və s. Ancaq bütün bu dəhşətlərin sonrakı izləri heç vaxt yaddan çıxmır.

Bu yaxınlarda Aqşin Yeniseyin sülhsevərləri tənqid atəşinə tutduğu statusunu oxuyub xeyli təəssüfləndim. Ona görə təəssüfləndim ki, bir yazıçı niyə belə düşünsün?

Birincisi, iki tərəf var: müharibə istəyən və sülh istəyən.

Hər tərəfin də öz arqumentləri var. Məsələn, şair sülh istəyənləri “südü qırıq” adlandırırsa, bunun bircə adı var: təhqir. Tutaq ki, sülh istəyən də eyni təhqirlə müharibə istəyəni yıxıb-sürüyə bilər.

Tarixən müharibə və sülh haqqında saysız-hesabsız yazılar yazılıb, filmlər çəkilib. Və sizə əmin edirəm ki, heç bir sənət adamı müharibəni dəstəkləməyib, sülh istəyənləri aşağılamayıb.

İnsanların seçim imkanı var. Elə adam var ki, o döyüş olmasını qəbul edə bilmir. Eləsi də var ki, yaddaşında müharibənin doğurduğu fəlakətlər var və o, qisas hissiylə alışıb-yanır.

Biz hər iki tərəfə normal yanaşmalıyıq.

Amma bir yazıçı bu cür təhqirdolu ifadə işlədirsə, məsələ təbii ki, təəssüflə anılacaq.

Hər şey çox gözəl anlayıram. Biz müharibə şəraitində yaşayırıq. Ədalətsiz bir müharibənin qurbanıyıq. Özüm cəbhə bölgəsində vuruşmuşam.

Yəni bu yazını oxuya-oxuya məsləhət vermək istəyərsiniz, etməyin.

Lakin mən bir yazıçının müharibənin əleyhinə olanlara bu cür sərt reaksiya verməsini anlaya bilmirəm. Əslində yazının, ədəbiyyatın mahiyyəti insanları bu amansızlıqdan xilas etməkdir, onlara bəşəri dəyərlər aşılamaqdır.

Mən müharibə labüddür, amma humanizmdən dəm vuraq söhbəti eləmirəm. Yazıçının seçimini müzakirə edirəm. Biz o torpaqlara sülhlə, qansız-qadasız getsək, daha yaxşı olmazmı? Yəni müharibə olmadan. Yəni uşaqlar öldürülmədən. Qocalara işgəncələr olunmadan. Olmazmı? Bəlkə mən çox sadəlövhəm. Bəlkə mən yanılıram. Bilmirəm. Amma içimdəki ədəbiyyat duyğusu mənə bunu diktə edir və o duyğunun heç vaxt itməməsi üçün dua edirəm...

# 3027 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #