Rusiyaya gedib namaz qılanlar

Rusiyaya gedib namaz qılanlar
1 iyun 2018
# 14:06

Murad Köhnəqala

Bir yaxın dostum xeyli vaxtdı Rusiyaya köçüb. Hərdən skaypda danışıb biri-birimizdən hal-əhval tuturuq. Maraqlı olan budu ki, dostum Rusiyaya gedəndən bəri dindarlaşmağa başlayıb. Söhbət arasında məni danlamağa qədər risklər eləyir. Bir dəfə soruşdu ki, bəs, sənin üçün müqəddəs olan nədir? Dedim, mən ağaca sitayiş edirəm. Xeyli təəccübləndi.

Ümumiyyətlə, hər dəfə dostumun davranışından hiss edirəm ki, onun mənə yazığı gəlir. Çox arzulayır, o dünyada bir yerdə olaq. Onun hesablaması ilə, belə getsə o cənnətə, mənsə cəhənnəmə düşəcəm. Başa düşə bilmirəm, adam niyə Rusiyada islamlaşsın ki? Ərəbə “çerez Rusiya” necə simpatiya bəsləmək olar? Bunu necə bacarıb?

Həyatda belə adamlara çox rast gəlmişəm. Biət elədiyi dinin ondan tələb etdiyi rituallardan heç birini həyata keçirmir, ancaq məni dinsizlikdə qınayır. Soruşuram ki, peyğəmbərinin buyurduğu namazı qılırsanmı? Deyir, namazın bura nə dəxli var, mən Allahımı tanıyıram. Deyirəm, bəs, o gavurların ölkəsində nə gəzirsən, niyə Əfqanıstana, İndoneziyaya getmirsən? Nə isə…

Dostum qayıdıb məndən soruşur ki, ağaca necə sitayiş eləmək olar? Deyirəm, ağaclar oksigen verir ki, insanlar, heyvanlar yaxşı nəfəs alsın. Onlar bizə təmənnasız meyvə yetişdirirlər. İsti havalarda ağacların kölgəsində dincəlirik. İsinmək istəyəndə ocağa basıb yandırırıq. Bütün bunlarla bərabər, ağaclar həm də öz gözəlliyi ilə adamın zövqünü oxşayır. Yəni mən sitayiş elədiyim varlığa görə, ona əlimi vura bilirəm. Ancaq sən özünə müqəddəs seçdiyin o nəsnənin heç nəyini bilmirsən, yalnız adını eşitmisən. Nəyi görsən deyirsən, bunu bizim Allah yaradıb. Bütün kainatı üzünü görmədiyiniz mücərrəd bir qüvvənin adına çıxırsınız.

Hindlilər inəyi özlərinə müqəddəs sayırlar. Onlar belə düşünür: inək bizə ana kimi süd verir, adam da öz anasını kəsib yeyərmi? Ona görə inəyi heç vaxt incitmirlər. Bu, çox gözəl təlimdi.

Öz aramızdı, mənim inancım hindlilərin inəyindən heç də geri qalmır. Gəlin, yada salaq, məsələn, alça, şaftalı, heyva çiçəkləyəndə necə gözəlliklər yaranır! Bəs, alma ağacının yaşıl yarpaqları arasından balaca, qırmızı meyvələri görünəndə! Heç tut çırpmısınızmı? Aşağıda iri çadırı hərə bir tərəfindən yapışıb ağacın altına tutur, sən də ayağınla budağı təpikləyib silkələyirsən. Yetişmiş tut dənələri dolu kimi çadıra tökülür. Yığılan tutu sıxıb suyunu qaynadır, ondan min bir dərdin dərmanı bəhməz hazırlayırlar. Tut bəhməzi min bir dərdin dərmanıdırsa, tut arağı min iki dərdin dərmanıdı.

İnsanlardan bıkanda sevdiyin bir ağacın gövdəsini dost kimi qucaqla, o sənə çoxlu ümid və yeni enerji verəcək. Onda həmin ağacın gülümsəməsini görəcəksən, onun sənə təskinlik verməsini eşidəcəksən.

Ağaclarının azlığına görə Bakı kosmik şəhərə bənzəyir. Bununla belə, yenə də bir mənasız obyektin tikintisi üçün nə qədər ağacı kəsib məhv eləyirlər. Tutaq ki, ağac hansısa tikinti obyektinin sahəsinə düşür. Olsun. Bəs, ağacı nə üçün kəsirsiniz? Bundan ötrü düşünüb xüsusi texnika icad eləyiblər, axı! Ağacköçürən maşınlar var. İstənilən ölçülü ağac bitdiyi yerdə məqbul sayılmırsa onu kəsmir, həmin maşın vasitəsilə kökündən hopp götürərək lazım olan yerə köçürürlər. Bakının susuzluğuna, şoran torpağına, səhra küləyinə dözən, əlli ilə böyüyüb ərsəyə gələn zeytun ağaclarını bircə gecənin içində kəsib məhv eləmişik.

Bu şəhərin səkilərində bitmiş ağacların dibini də həmişə səliqəsiz görmüşəm. Bəzən yol təmirindən sonra ağacların gövdəsinə dirənmiş beton-asfaltı, yaxud bardyorları görəndə ürəyim sıxılır, bağırmaq istəyirəm.

Halbuki, qədim türklər ağacı kəsməzdən əvvəl qarşısında dayanıb təzim edər, bunu əlacsızlıqdan elədiyini söyləyər və sonda onu qucaqlayaraq vidalaşardılar.

Nazim Hikmət bir şeirində ölümdən sonrakı dəhşəti belə ifadə eləmişdi:

“Ağacsız bir qəbristanda gömələr səni…”

# 1497 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #