Mən də müəlliməmi sevirdim...

Mən də müəlliməmi sevirdim...
27 may 2016
# 12:13

Bu yaxınlarda sosial şəbəkədə eninə-uzuna dartışılan müəllim-şagird söhbəti mənə bir əhvalatı xatırlatdı.

Əhvalatdan əvvəl istəyirəm, bu müəllimlə şagird haqqında ağızlarını gələnlərə bir-iki kəlmə deyim.

Heç nədən xəbərsiz adamlar başımıza namus keşikçisi çıxıb, hər ağızdan bir söz çıxır ki, belə də biabırçılıq olar.

Niyə, ay qardaş, ay bacı?

Bəlkə bu adamlar sənin evinə doluşublar?

Bir-birini sevirlər və bərabər yaşamağa qərar veriblər. Bu söhbəti cəmiyyət niyə sorğulamalıdır axı? Hər kəsin öz şəxsi həyatı var. Yoxsa cəmiyyətimiz üçün hamı bir nəfər üçündür, bir nəfər də hamı üçün? Bəlkə yığışıb bir ev tikək, hamımız da damın altında oturub bir-birimizin üzünə baxaq.

İki adamın arasına girib onlar haqqında olmazın şeylər danışmaq, qeybət qırmaq olmasa elə bil dünya dağılar. Bütün bunlar ona görədir ki, bizim cəmiyyətdə adamlar öz həyatlarını yaşamırlar. Onlar qohum-əqrəbaya, dost-tanışa görə yaşayırlar. Öz həyatı olmayan, daha doğrusu öz həyatı olmağa can atmayan adamlar başqalarının həyatına burnunu soxur, başlayır onları çək-çevir eləməyə, eninə-uzuna müzakirə etməyə, əxlaq dərsi keçməyə. Əhməd bəy Ağaoğlu necə deyib? Əxlaq deyəndə qurşaqdan aşağını nəzərdə tuturuq, halbuki qurşaqdan yuxarı qəlb və ruh var. İndi bu ingilis dili müəllimi ilə həmin bu cavan oğlanın qəlblərinin qovuşmağı, bir-birinə olan məhəbbəti bizi niyə narahat etməlidir ki?

Hə, gələk əhvalata.

Tələbə vaxtı mənim sevdiyim bir ingilis dili müəlliməsi vardı. Uzun, sarışın, gözəl-göyçək bir müəllimə. Mənim kimi dəcəl, ipə-sapa yatmayan adam onun dərsində quzu balasına dönürdüm, qabaq partaların birində əyləşib müəllimənin dediklərinə mahnı kimi qulaq asırdım. Sevmək də mahnıya bənzəyir, sözləri yadından çıxsa da, musiqisi həmişə beynində fır-fır dolanır. Artıq qrup yoldaşlarım duyuq düşmüşdü, hərdən onun dərsində mənə söz atırdılar. Deyirdilər, get sevgini etiraf elə.

Bir dəfə yenə ingilis dili dərsi idi. Müəllimə bir az gecikmişdi. İçəri girən kimi çantasını eşələməyə başladı. Düz mənim yanımda durmuşdu, ətrinin qoxusu üzümü yalayırdı. Bir yığın şəkil çıxarıb qabağıma tökdü. Key-key ona baxırdım.

- Bu mənim yoldaşımdı, iki ildir evliyik. Bu da oğlumdu.

Evdə, parkda, kafedə çəkilən şəkillər idi. Ailənin xoşbəxtliyi şəkillərdə görünürdü.

Bu hadisədən sonra o ingilis dili müəlliməsini xatırladım. Müəllimi sevmək yəqin ki, çox adamın başına gəlib. Siz də məktəb, universitet illərində sevdiyimiz müəllimələri yada salın. İndi durub müəllimi sevən və onunla evlənən bir oğlanı niyə qınayırıq ki? Axı bu çoxumuzun başına gələ bilərdi və bundan heç də məyus olmazdıq. Necə deyərlər, hamımız həyat dərsində parta arxasında oturmuşuq. Yazı taxtasına yazılan yazılarla taleyimiz bəzən eyni nöqtəyə gəlib çıxa bilər. Ona görə də bizə düşən ingilis dili müəllimi ilə o oğlanı təbrik etməkdir.

# 1042 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #