Mən və sən - tək başımıza...

Mən və sən - tək başımıza...
5 aprel 2019
# 14:11

Kulis.az Elməddin Süleymanovun “Gecə seansı” yazısını təqdim edir.

Etiraf edirəm ki, bir vaxtlar Fellini olmaq istəyirdim. Ona məxsusi ehtirasla kameramı rəqs etdirmək, “dünyanı” uşaqlığım və yuxularım kimi çürümüş sirk arenasına oxşatmaq kimi gənclik arzularım vardı. Səhnə və kompozisiyanın daxilində ətrafı vəlvələyə salan , böyük karnavalesk gurultuyla ətrafda qaçışan qələbəlikləri Fellininin obrazlarına oxşar formada –çökmüş burjuaziyanın “impotent” intellektuallarını, orta yaş xaosunda özünü asmaqla həyatını cənnətə çevirməyin bir addımlığında qərarlaşan uğursuz kişiləri, şəxsiyyətlərini və xarakteristik məsumiyyətlərini hələ doğulmamışdan xeyli qabaq, bəlkə lap ana bətnində, o həzin həbsxana divarlarına qayıtmağa bəslənən gizli arzuda itirən, ya da elə həmin keçmişi, itirilmiş uşaqlıqlarını axtaranları – kamerama əks etdirmək kimi həyəcanlarım mövcud idi.

Ancaq zamanla bütün bu hisslər ötüb, qeybə çəkildi, zaman həm Fellinini, həm də həyəcanları öldürdü. Zaman anlayışının insan arzuları üstündəki amansızlığı xeyli qədim hekayədir; zamanın keçməsiylə birgə, fəsillərin rəng və don dəyişməsi kimi, arzular da qabıq dəyişirlər. Nəhəng və tamaşaçısız bir maskaradın düz ortasında hönkür – hönkür ulayan bir pantomima kimi, həmin pantomimanın əsilzadə kədəri tək, şərtlərin yaratdığı “həqiqətlər” səni arzulardan da, həyəcanlardan da, Fellinidən də uzaqlaşdırır.

Fellini ola bilməmək. Etiraf etməkdən çəkinmirəm ki, bu aldanış adamı xeyli qəribə, tənha və məyus hiss etdirir. Hiss etdiyim bu hala – cənnətdən bəxş edilmiş saf arzuların qeybə çəkilməsinə – eynilə onun filmoqrafiyasına fon olmuş, yuxuyla həqiqətin iç – içə keçməsi kimi baxıram.

Kədər, gecəyə aiddir. Oyanırsan və hər şey keçir. Pavese isə hamımızı aldatdı: Neçə yaşında olursan ol, yatanda keçməyəcəkdi… Səhərin ilk radələrində hüznü dərk edirəm. Və belə olanda, Fellini ola bilməməklə yanaşı, mənim Guido olmağa da gücüm qalmayıb.

Köhnə bir qış gecəsi Bressonla tanış oldum. Bəlkə də Bresson məni tapdı, bunu heç vaxt bilməyəcəm. Bildiyim tək həqiqət, insanın o gecə və ona oxşar bütün digər qış gecələrində sözlərə, hərəkətlərə sığmaz sarsıntıyla yuxulamağa cəhd etməsiydi.

Həyəcanla əllərimə zilləndim. Əllərim, Bresson obrazlarının əlləri kimi idi, o əllərə oxşayırdılar. Çünki çovğun və küləyi qoynuna qonaq çağırmış o gecə və bütün ona bənzər digər qış gecələrində, mənə elə gəlirdi ki, bu dünyada bir vaxtlar yaşamış, indilərdə yaşayan və yaşayacaq olan hər kəsin əlləri Bressonun qəhrəmanlarıdır.

Ancaq bunu özümə xatırlatmaqdan qarşısıalınmaz, baş gicəlləndirici zövq alıram: Zaman, şeirin qatilidir. Zaman yenə də heç gecikmədən öyrədir ki, (çünki məlumdur, Tanrıyla görüş vədəsinə gecikməzlər) yox əzizim, yox, sən heç vaxt Bressonun sadəliklə hiss etdirdiyi, ötürdüyü “günah” hissini kamerana yansıda bilməyəcəksən. Nə Baltazarı çəkmək mümkün olacaq, nə də dünyanın ən gözəl ölüsü Muşeti.

Benjamini xatırlayaq: “Hər şey bağışlanacaq, evə qayıdacaqsan”. Yaz təşrif gətirəcək ruhuna və bədəninə. Yaz, yerini yaya təhvil verəcək. Heç nə əvvələ qayıtmayacaq; mən itirilmiş şeiriyyatımın məsum axtarışında nə Bresson olacam, nə də əllərim, nə də çirkin olan onlar, onun əllərini xatırladacaq…

Soyuq Varşava küçələrinin maviliyini Bakıda axtardığım anlar Kieslovskinin təsiriylə əlaqəliydi. Hərçənd ki, Bakının soyuğu boz çalarlı olsa da, bəzən təsadüf nəticəsində müşahidə edilən o maviliyin üstümdəki illüziyası elə təəssürat yaradırdı ki, sanki mən, bəli, məhz mən, sevginin gözdən iraq düşmüş, üşümüş təbəssümünü lentlərimə həkk edə, tanımadığım, yad, başqasına aid bir qadının saçlarını otel otağında daraya, onunla uduzulmuş inqilablardan danışa, gecənin səhərə büründüyü anlarda siqaretini dərin həzzlə yandıra bilərdim.

Fikirləşirdim, fikirləşirdim ki, görəsən “unutmaq” duyğusunu Kieslovski səlisliyində çatdırmaq mümkün olacaqmı? Gülüşlərin kədərlərlə – ancaq kinonun vasitəsilə çatdırmağın mümkün olduğu – gizli və dəhşətə gətirən əlaqəsini, onun hekayələrinə yaxın bir halda çəkməyə qüvvəm çatacaqdımı? O gün özümə xeyli güldüm. Bu, o qədər tanış və yerində gülüş idi ki… Çarəsizliyin tarixinə aid, səbəbsiz yerə doğulmamış bir gülüş. Onun şeiri – maviliyi, eşqi və unuduşu – mənim şeirim deyil, dedi zaman. Təəssüf və ya xoşbəxtçilikdən – bu da mümkün olmayacaqdı.

Bütün adları, ünvanları və titulları ixtisar etsək, mənim “mən” ola bilmədiklərimin fonunda, öz şeirimi axtarırdım. Axtarış. Sənətçinin taleyi, axtarışdır. O Berqmanlar, Fellini və Tarkovskilər, böyük kompozisiya mühəndisləri Kurosava və Antonionilər – məni, gənc və qayğıya möhtac halımdan, teatral üslubdan sadəliyə itələdilər.

Dramatizzasiyanın teatrallığından, sadəliyin faciəsinə keçid dövrü idi bu. Bəlkə də kino vasitəsilə daha dəqiq ifadə etsək: “Wild Strawberries”dən, “Tokio Story”yə keçid. Zaman o günlərdə məni uzun müddət İran filmləriylə aldatdı. Ozu mənə sadə və rutin həyat dövriyyəsinin çətinliyini göstərdi. Qodar şəhər sakinlərinin kapitalizmin caynaqları altında can verdiyi son anları çəkdi. De Sika siyasi faşizmin iqtidarı altında varlıqlarını unutmuş italyanları tanıtdı. Bela Tarr zədələnmiş qürurun, maskalanmış əxlaqın poeziyasını ifşa etdi. Bu, “gənc sənətçi” çağlarımın ikinci aldanışı idi.

Zaman, onları da əlimdən alıb, məni həyəcanlardan qoparıb, hər şeyi təzədən uzaqlaşdırdı. Artıq adlarsız, ünvansız və titullarsız – hamısı bir yana, xəyallarsız qalmışdım. (Kino tələbələri başqa bir həqiqətə məruz qalırlar: Mən birinci kursda Fellini, ikincidə Billi Vilder, üçüncüdə Fasbinder, dördüncüdə özüm oldum, sonrasında isə heç nəydim). Xəyallarını itirmiş biri başa düşməkdə gecikmir: öz həqiqətinə yadlaşmaq köhnə hekayədir. Digər tərəfdən mənə agah olurdu ki, bütün bu qaranlığa baxmayaraq, həyatımı və sənətimi (salam olsun sənə Höte!) bir karnavala çevirmək üçün hələ gec deyil. Qapının ağzında sıraya düzülmüş və dünənədək laqeyd yanaşdığın, üzünə tüpürmədiyin təcrübə və ya epizodlar, gözündə böyüyür, bir sənətin ifadəsinə çevirilirlər. (Salam olsun sənə Fuentes!) Başqalarının hekayətlərini oğurlamaqdansa (yaxşı, gəl, sadələşdirək: başqalarının hekayətlərinə doğmalaşmaqdansa), kameramı öz yaşadıqlarıma çevirməliyəm. Uşaqlıq illərinə aid (məsələn, nənəmlə ortaq bir xatirəmə) ilk platonik sevgilərimin utancaqlığı, küçədə başını sığalladığım gənəli bir itin gözləri, mənim həqiqətlərim (sənət ifadəm) olurlar.

Lakin bunu qəbul etməklə də ağrılarım səngimir. Səngimir, çünki şərtlərlə mübarizə aparmaq üçün hər an güclü qalmaq mümkün olmur. Şərtlər səni bir növ yuxudan yarımçıq oyadır. Şərtlər zəmanəylə əl-ələ verib başqalarının şeirlərini öldürdükləri kimi, indi də kəşf etdiyin sənə aid şeiri qaralamaq istəyirlər.

Şübhəsiz ki, şair şeirini yazmağa hər an cəhd etməlidir; lakin belə hallarda, yaşadığın ölkə (xalq, cəmiyyət), yaşadığın insani münasibətlər, sənət “əsərinə” verilən reaksiya – bütövlükdə hər şey, yaratdığına təsirsiz ötüşmür. Qısaca ifadə etməyə çalışsaq, hər halda yanılmarıq: Kino (ümumən sənət) xarakter və şəxsiyyətdən çox şeyi oğurlayır. Belə olduqda isə sual doğulur mən, kiməm, əslində? Öz həqiqətinə yadlaşmış (və qondarma həqiqətlərin havada bir quş kimi qanad çırpdığı) bir ölkədə həqiqət axtarışını verən bir insan olaraq, kiməm mən əslində? Sənətçi? Yoxsa macərapərəst? Azərbaycan kimi ölkələrdə macərapərəstlik sənətçi ilə sıx əlaqə içində olur və qarışdırılır.

Bütün bu etiraflara məğlubiyyətə geyindirilən don gözüylə baxmaq mümkündürmü? Görəsən həqiqətənmi, məğlubiyyət, hansısa “ağ bayraqdır”? Məsələmiz uduzmaq, ya da əksi deyil: məsələ mübarizəyə şəraitin yaradılmasıdır. Biz coğrafi determinizm ucbatından hələ doğulmamışdan qabaq uduzanlardanıq. Təsadüfən doğulduğumuz bir ölkənin “günah”ını çəkirik.

Çünki yuxarıda sadaladıqlarım bu torpaqlarda sənəti mövcud hala gətirməyə çalışan insanlar üçün yad olmamalıdır: O, belə sarsıntıları tez-tez (hətta, deyə bilərik ki, həyatının hər anında) keçirir. Sonra, qəribədir, bir situasiya yaranır, döngə və kafedə gördüyün bir epizod (salam olsun sənə Kamyu!) tanış olduğun bir qadın və ya bir kişi sənə stimul verir; ümidlənirsən, səbrlə, uduza-uduza, daha gözəl uduza-uduza (salam, sevgili Bekket!) zamanla böyüməyə çalışırsan. Ən sonuncu qaldığın, hər kəsə biganə, hər şeyə uzaq olduğun yerə qayıdırsan. Qayıdış. Sənətçinin taleyi, qayıtmaqdır… Yenə yazmağa, vərəqləri doldurmağa başlayıram. Səhifələr və fikirlər bir-birilərini əvəzlədikcə, həmçinin də onlar elə kağızlarda qaldıqca, çəkə bilmədikcə, sən və mən yenə hərəkətsizliyimizə qayıdırıq. Sənətçi burada sənətiylə qumar oynayır…

Hərçənd ki, yetkinləşirsən. Öz şərtlərini özün – bütün o kinematoqrafların ovsunlayıcı kölgələrindən uzaqda – yaratmaq məcburiyyətində qalırsan. Yetkinliyin, səni, istəməsən də, hipperralistə dönüşdürür. Minimum imkanla, maksimumu hədəfləmək deyilir buna. El dilində buna “poxdan konfet düzəltmək” deyirlər.

Nə Ozu, nə Kieslovski, nə də Fellini. Heç biri kömək etmir bir yerdən sonra. Mən və sən, tək başımıza, özümüzlə üz-üzə qalırıq. Aynaya baxıram. Aynadakı surət Fellini deyil. Amma mən arabir aynadakının Fellini olmasını arzulayıram. Əslində həmişə arzulayırsan…

sim-sim.az

# 3433 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #