Üstümüzə gələn süpürgə

Üstümüzə gələn süpürgə
5 iyun 2014
# 11:28

“Öncə söz yarandı. Sonra insan yarandı...”

İncil

Hazırda müasir poeziyamızda yaşanan ciddi problemlərdən birinə – oxucu təfəkkürü mövzusuna toxunmaq istəyirəm. Doğrudur, məhz ədəbiyyat oxucu təfəkkürünün inkişafına xidmət etməlidir. İstənilən cəmiyyətin idrak problemi – onun ədəbiyyat problemidir. Bəli. Ancaq gərək təfəkkür sahibləri də bu tərəqqiyə şərait yaratsınlar. Geyimlərində olduğu kimi, oxuyacaqları kitabların da içindəki yeniliklərə meyl etsinlər. Vallah, atalar sağ olsaydı, belə yerdə hətta onlar da yeni(!) bir deyim icad edərdilər:

“Geyim canından deyil, ay qafil, beyin ki, canındandır”.

Sözümün canı, daha çox beyinə geyinmək lazımdır bahalı “geyimlər”i. Bu elə bir geyimdir ki, onu fələk də əlinizdən ala bilməz. Niyə məhz geyimi misal çəkirəm? Çünki, şair demişkən, “Dərd ağır, hava da pis, ara vermir yaRışlar”. İndi şəhərimizdə geyim alış-verişi az qalsın ki, qaçış yarışıdır. Baş qalır evdə, ayaqlarsa haydı “shopping”ə! Ziyalı xanımlarımız, bəylərimiz isə zövqlü alış-verişlə yanaşı, ən azı, bir kitab alırlar evlərinə. Bu, gələcəkdə onların övladlarının da həyat tərzinə çevrilir.

Deməli, cəmiyyət ailədə yetişir. Cəmiyyətin beşiyi – məhz ailə başçılarıdır. Ailə dediyimiz, indi əksər varlıqların düşündüyü kimi yalnız iki sevgilinin qovuşması deyil, iki təfəkkürün qovuşması olmalıdır həm də. “Həm də” və ya “ilk növbədə”. Yəni çox yaxşı olardı ki, bir ədəbiyyatsevər bir ədəbiyyat qənimi ilə ailə qurub onu da bizim sıralarımıza çəksin. Bu yolda vuruşsun, daha hər şeyin asanına qaçmasın. Təbii ki, bu təfəkkür qovuşması – ağır xəsarətlə təfəkkür toqquşmasına çevrilməyəcəkcə.

Cəmiyyətin ürəyi ədəbiyyatın nəbzi ilə vurulmalıdır. Ürəyi ədəbiyyatın nəbzi ilə vurulan cəmiyyətin ən ali sərvəti isə – onun təfəkkürüdür. Bu halda, müasir poeziyamızın ağı-qaradan, istedadlını-istedadsızdan asanlıqla ayıracaq gücə malik oxucu kütləsi olar. Və illərin süzgəcindən hansı müəlliflərin keçib-keçməyəcəyi də bir o qədər sual altında qalmaz. İnkişafda olan dinamik poeziyaya diri, ayıq oxucu lazımdır, daha retro-təfəkkürlü deyil.

Mütaliəsizlikdən oxucu zövqündə illərlə hökm sürən ətalət, tərəqqi durğunluğu – çör-çöp kimi üst-üstə yığılan saçaqlı süpürgəyə bənzəyir:

Bu süpürgə dinc durmur.

Bu süpürgə birbaşa müasir poeziyanın üstünə gəlməkdədir.

Bu süpürgə, insanın ruhunda poeziyaya yaxın nə varsa, hamısını bir göz qırpımındaca süpürüb-təmizləməkdə qoçaqdır.

Müasir poeziyaya barmaqarası baxan, öz barmaqlarınınca arxasında özlərini həbs edən "dustaqlar" 80-cilərdən bəri poeziyamızdakı bütün əliqələmlilərin qənimidir! Nə Həmid Herisçinin, nə Zahid Sarıtorpağın, nə Səlim Babullaoğlunun, nə Rasim Qaracanın o füsunkar şeirləri, nə də ki, dünya ədəbiyyatının eynən o cür gözəl ədəbi nümunələri onların ruhunu oxşaya bilməz. Ruhun qədd-qaməti o qədər qartdır ki, qəti qəddini əyməz! Siz onlara sevdiyiniz şeirləri oxuyunca dərhal ağız büzəcəklər. Ardından da həvəslə sizə zövq aşılayacaqlar:

"İndi guya, bu da şeir idi? Nə qafiyəsi var, nə də bir mənası. Axıracan dinlədimsə də heç nə başa düşmədim. Şeir dediyin budu ey: (...və gözəgörünməz qüvvəylə qayıdırıq Sovetlərə)

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
Bir vurduğu illəri,
Axi, nə tez unutdun?".

İnanın ki, mən bu cür insanların qarşısında bircə söz də deməyə acız qalıram. Çünki məsələnin nə dərəcədə ciddi, nə dərəcədə dərin olduğunu anlayıram. Təəssüf ki, insan beynində bəzi problemlər şifrələnibdir və bu həlledilməzliyi görmək çox acınacaqlıdır.

Mən mübahisə etmirəm, bütün illərin şeirləri gözəldir, danılmazdır, amma bu durğunluqla İNDİMİZ də haçansa gələcəkdə yaşayan KEÇMİŞ ola biləcəkmi?! Sual budur!

Poeziyanın üstünə əlidaşlı gələn Daş Dövrünün nümunələri ilə müasir poeziyamızın arasında elan edilməmiş müharibə, görünür, hələ çox hökm sürəcək. Bunları susdurmağın yaxşı bir yolu var: bir üstütozlu “Xatirə dəftəri” gətirin və ordan onlara çox demirəm, bir-iki bənd şeir oxuyun. Elə kövrələcəklər, elə kövrələcəklər ki, heç küçədə övladları yaşda dilənən uşaq görəndə elə kövrəlməzlər... “Xatirə” sözünü deyincə yadıma Kortasarın çox sevdiyim şeirindən bir bənd düşdü:

Mən olmayacaq şeylər barədə faydasız,

Sonsuz xəyallar qurmuram.

Daha yaxşısı –

Səni əllərim üstə daşıyaraq

Körpüləri aşmaqdır

Və xatirələrdən tikə-tikə qoparıb göyərçinlərə,

Vəfalı sərçələrə atmaqdır...

Qoy dənləsinlər

Quruldaya-quruldaya,

Cikkildəyə-cikkildəyə,

Qanad çala-çala...

Bu gözəl şeir parçasını da həvalə edirəm əlisüpürgəlilərin, əlidaşlıların bekar vaxtlarına.

Həmişə SÖZün yanında olun!

# 2687 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #