Sənin mənə inamın...

Sənin mənə inamın...
13 may 2014
# 10:58

“Sənin mənə inamın mənim özümə inanmağıma kömək etdi.” Bu sözləri bir ilin ərzində yüz əlli kiloqramdan altmış altısını özündən kənarlaşdırmağa nail olmuş qız deyir – Reyçel.

Amerikada, “İnanılmaz dəyişmə” realiti-şousunun aparıcısı, məşqçi Kris Pauell həddindən artıq əlavə çəkisi olan insanları öz şousuna dəvət edir, onlar üçün ayırdığı bir ilin müddətində ən yaxın dostlarına çevrilir, qida rejimini, hərəkət dinamikasını, ailə üzvlərinin onlara münasibətini kökündən dəyişmək üçün əlindən gələni edir.

Maraqlı bir epizodu qeyd edim.

Kris Reyçelin ailə üzvlərinin onu anlaması və ona dəstək komandasına çevrilməsi üçün çox təsirli bir üsuldan istifadə edir. Belə ki, yalnız iyirmi bir yaşlı Reyçelin problemi olan artıq çəkini onun ailə üzvlərinin də bir qədər gəzdirməsini təklif edir. Çəkisinin nə qədər olmasından asılı olmayaraq, hər kəs yüz əlli kiloqramlıq bir kütlə halında özünü hiss edəcəyi qədərində yük daşıyır çiyinlərində. Buna bağqasının yükünü çəkmək deyir Kris. Ailədə hər kəs məhz həmin dəqiqələrdə tam dəqiqliyi ilə anlayır Reyçelin nə qədər ağır bir yükün altında olmasını.

Reyçel isə hər zaman öz nəhəng bədəninin içində dustaq olmuş gözəl, zərif qamətli qızı üzə çıxarmaq arzusu ilə yaşamışdı.

Kris onun həyatındakı yeganə insan idi ki, ona deyirdi: “Səndə alınacaq, sən bunu bacaracaqsan...”

Və budur, Krisin onun üçün ayırıb düzənlədiyi proqramla o, hər gün daha bir addım atır öz arzusuna tərəf. Az kolorili qida, ağır idman saatları, səbr... Çətin olur, ağrılı olur, dözülməz olur, amma Reyçel dayanmır, hətta ən ağır məqamda özündə güc tapır düşünməyə, ağlayıb Krisin üstünə bağırmağa: “Mən bunu sənin üçün etmirəm, mən bunu özüm üçün edirəm!!!”

***

Hər birimizin həyatında bir Kris var mütləq.

Eyni zamanda bizim hər birimiz kiminsə həyatında Kris missiyasındayıq.

Ən şanslı adam isə odur ki, onun özü üçün Kris olmağı bacara bilir...

***

Hər birimizin içində bir gözəllik dustaq olub, o gözəlliyin üzərini örtmüş ağırlıqları bir-birinin ardınca köynək-köynək soyunub atmaq üçün lazımi qədər güclüyükmü?

Mən deyərdim, hə.

Sadəcə həmin gücü bizdə oyada biləcək o ən yaxın insanı, o Krisi görmək, düzgün tanımaq, doğru qəbul etmək, üzərimizdəki ağır yükdən xilas olmağı istəmək yetər.

Müdriklik təlimlərinin hamısının məğzində bu həqiqət var :”Dünyanı dəyişmək istəyirsənsə, özündən başla.”

Diqqətlə özünü görməyə çalışmaq, içində gizlənmiş “ÖZ”ünün mahiyyətini anlamaq, ölçüsünü, çəkisini dəqiq bilmək, bundan sonra isə ümumi konturları fikrindəcə çəkmək, bu konturdan kənarda qalan yükləri əritmək, yoxa çıxarmaq üçün çalışmağa başlamaq bəs edər. Anlamaq ki, sən bunu özün üçün edirsən.

Anlamaq, sonra isə bunu tanıdığın, sevdiyin bütün ağır yüklü insanlara anlatmaq.

Onları sevmək, onların bütün yükünü gözünə alıb, öz üzərində hiss etmək, heç olmasa, xəyali də olsa, həmin yüklə bir neçə dəqiqə dayandığını özünə təlqin etmək, ağrımaq, ağlamaq, acımaq gərək...

Sonra isə onlara demək: “Sən bu yük deyilsən, sən bu ağırlıqların içində gizlənmiş gözəlliksən, bax onu hələ ki yalnız sən özün görə bilirsən, amma sən yalnız özün üçün yaranmadın axı, dünya üçün, insanlıq üçün də yaşaman, özün kimi var olman gərəkdir... Başla, yetər ki, dayanma, içindəki özünü xilas eləməyə qalx və nə olursa olsun, ruhdan düşmə, inan ki, bu səndə alınacaq, inan ki, sən bunu bacaracaqsan...”

***

Sonra isə möcüzəni izləməyə başlayın...

# 3095 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #