İctimai problemlərlə, gənclərin yüngülvari tənqidindən sonra gəlin sizə maraqlı şeylərdən danışım, başınız qarışsın. Məsələn, sevgililərdən və ya sevgidən. Təbii ki, kiməsə bu maraqlı gəlməyə bilər, amma sizi maraqlandırmağa cəhdlə nə itirəcəyəm ki?
Gündəlik həyatımızda hər birimizin işə və ya dərsə gedəndə, əsasən də qayıdanda rastına əl-ələ gəzişən, mehribancasına gülümsəyən sevgililər çıxır. Onlara münasibətim birmənalı deyil. Məsələn, əgər aşağı bal aldığım, mühazirələrdən təngə gəldiyim dərs günündən sonra bu gəncləri görürəmsə qıcıq oluram. “Nədən onlar xoşbəxtmiş kimi görünməyə çalışırlar” deyə bir sual keçir beynimdən. Ya da “onlar öz aləmlərində aşiq olduqlarını düşünürlər” kimi ittihamedici suallar.
Bu yaxında dərsdən çıxmışdım. Yorğundum. İçəri Şəhərdən sahilə düşən yolda narın yağışın altında həmişəki kimi məni narahat edən gələcək planlarım haqda fikirləşirdim ki, iki gənc yaxınlaşıb-bağışlayın xanım, şəklimizi çəkə bilərsiz? - deyib mənə bir “Canon” uzatdılar. O an mənə “Xanım, makiyajınız nə gündədi?”, “Bu nə geyimdi?”, “Sizin ölünüzə də, dirinizə də lənət” desəydilər bu qədər hirslənməzdim. Sifətimi turşudub şəkillərini çəkdim. Şəkli çəkən vaxtı düşündüm ki, mən məcburam bunları görməyə? Niyə qısqandırırlar məni və mənim kimi yalnızları? Ümumiyyətlə velosiped cığırları kimi xüsusi yollar ayrılsın bu cütlüklər üçün və onları görmək istəməyənlər bu cığırlardan uzaq gəzsinlər. Paxıllıqdı? Eqoizmdi? Nə ad verirsiz verin. Tam səmimi deyirəm, ağlımdan bu utopik cığır fikri keçdi.
Bir neçə gündən sonra dərsdən çıxanda yenə üzü aşağı düşürdüm. Özümdə xüsusi müsbət enerji hiss edirdim. Bu cütlüklərə baxıb naz edən qızın qarşısında özünütəsdiqini tapan oğlanlar, əzilib büzülən qızlar, sevgilisini əlindən alacaqlarından qorxurmuş kimi bərk-bərk qucaqlayan bu gənclər mənim simamda təbəssüm yaratdı. Onlara baxıb gülümsəməyə başladım. Yox, ələ salmaq məqsədilə yox. Sadəcə müvəqqəti (ya da daimi) xoşbəxtliyini tapan bu insanların ətrafa müsbət enerji saçdığını gördüm. Çox xoşuma gəldi və hətta aşiq olmaq istədim. Deməli, hər şey baxış bucağından asılıdı.
Müsbət enerji demişkən, bir rəfiqəm var, 23 yaşında, o deyir ki, 56 yaşlı sevgilisindən müsbət enerji alır və onu heç vaxt atmaz. Tutarlı arqumentdi. İnsanlar arasında enerji mübadiləsi önəmlidi, amma bir “əmma”sı var. “Enerji bazası” düzgün müəyyən olunmalıdı bəzən. Mənə maraqlıdı 56 yaşlı aşiq hələ neçə il öz enerjisini xanımına ötürə biləcək? Ya da məşhur bir simaya vurulan rəfiqəm. O deyir ki, ona heç kim yox, musiqilərindən enerji aldığı bu oğlan lazımdı. O oğlan da onun zənglərini cavabsız qoyur, mesajlarını oxumamış silir və bu xanımı görmək belə istəmir. Maraqlı enerji mənbəyidi, düzdü?
Neqativ enerjilər burulğanında müsbət qığılcım axtarışı. Enerji mənbəyini tez-tez dəyişən xanımlarsa heç nə itirməyəcəklər. Tükətdiyiniz enerji mənbələrindən uzaq durun məncə. Gəncləri pis yola çəkdiyimi düşünürsüz? Yoox, belə bir məqsədim yoxdu. Mən sadəcə həyatını, arzularını, xəyallarını ümidsiz və ya az ümidli bir münasibətə həsr edən kəsləri anlaya bilmirəm. İnsanlar cüt yaradılır? Mən anamın qarnından çıxanda tək idim. Həyatımdan da məmnunam. Nağıllardakı sevgilər mövcud deyil desəm böyük bir yükün altına girmiş olaram demirəm, amma demək əslində ürəyimdən keçir. Niyə də bu həyat stimulu üçün uydurulmuş bəhanə olmasın? Niyə də ehtiras olmasın? Niyə də asılılıq olmasın? Niyə bunun adı sevgi olsun? Bu adı kim qoyub? Mən ona bundan sonra şokolad deyəcəyəm (misal üçün şokolad). Siz də öz istədiyiniz kimi bir ad qoya bilərsiz, məsələn pomidor.
Gözəgörünməzlərə inanırsız, (dinin bura aidiyyəti yoxdur) toxuna bilmədiyiniz şeylərə? Şokoladın-sevginin dadı var? Rəngi nədi? Olsun çəhrayı, dadı da kəmşirin. Yaşı neçədi? Olsun eramızdan əvvəlki tarix. Ad verdim, rəng verdim, dad verdim doğum tarixini də verdim. Görün toxuna bilirsizsə bir ovuc mənə də gətirin. Hərdən ehtiyacım olur, deyəsən.