İnanmaq yox, bilmək…

İnanmaq yox, bilmək…
11 avqust 2015
# 14:16

Karl Saqan və onun “Cənnətin Əjdahaları”, “Qaranlıq bir dünyada elmin şam işığı”, “Broca-nın beyni” kitabları

Karl Saqan (Carl Sagan, 1934-1996) keçən əsrdə yaşamış tanınmış astronom, astrofizik və astrobioloqdur.

Geniş maraq dairəsinə sahib məşhur alim olmaqla yanaşı, Saqan bəlkə də dövrümüzün ən məhsuldar elm təbliğatçısıdır - vəfatından sonra bu fəaliyyəti əsərləri vasitəsilə indi də davam edir.

“İblislərdən uzaq, işıq dolu bir dünya”-da yaşamaq üçün elmin geniş insan kütlələri tərəfindən anlaşılmasının vacibliyini anlayıb və bu məqsədlə müxtəlif metodlarla elmi düşünmənin təbliği və şarlatanlığın ifşası ilə məşğul olub, fəaliyyətləri İctimai Rifah medalı, Pulitzer mükafatı, Emmy və Peabody mükafatı və Amerikan Fizika Müəllimləri Dərnəyinin Oersted medalı ilə təqdir edilib.

Saqanın bütün fəaliyyəti təkrarlamaqdan xoşlandığı “inanmaq yox, bilmək istəyirəm” mottosunun əyani təsdiqidir.

Saqan baş rolunu Judie Foster’in oynadığı elmi-fantastik “Əlaqə” filminin senari müəllifi, 60-dan çox ölkədə 500 milyondan çox insanın izlədiyi “Kosmos” serialının həmmüəllifidir (bu statistika bir qədər köhnədir, hazırkı rəqəm daha böyükdür, hətta “Kosmos”-un ümumiyyətlə ən çox izlənən serial olduğu bildirilir), serial daha sonra kitab halına da gətirilib.

Onun təşəbbüsü ilə Günəş sistemini tərk edərək ulduzlararası fəzaya çıxacaq “Voyager 1” gəmisinə (əgər çatsalar) dünyadan kənar ağıllı varlıqların əlinə keçəcəyi təqdirdə Yerdəki həyatın müxtəlifliyini nümayiş etdirəcək müxtəlif şəkillər, musiqi parçaları, riyazı düsturlar, çizimlər kimi materiallar olan disk yerləşdirilmişdi.

Materialların seçilməsinə Karl Saqanın rəhbərlik etdiyi komitə məsul idi - dünya xalqlarının müsiqiləri kolleksiyasında Azərbaycan muğam parçası da yer alır.

Saqan həm də qlobal miqyasda həvəskar astronomların teleskoplarını vahid şəbəkə halında birləşdirən və kosmosdan şüurlu sayıla biləcək siqnal almağa çalışan “SETI” (“Yerdənkənar zəka arayışı” proqramı) proqramının təşəbbüskarı idi.

Sözsüz ki, Saqanın elmi düşüncəni və elmi düşünmənin həyatın bütün sahələrinə işıq tutan metod olaraq inandırıcı şəkildə tətbiq və təbliğ edən elmi kütləvi əsərləri çox qiymətli mirasdır.

Carl Sagan'ın türk dilində üç kitabı

Saqanın kitabları dünya miqyasında oxucuların böyük marağına səbəb olmaqda və hələ də janrının ən çox satılanları arasındadır.

Kanadanın Queens Universiteti Karl Saqanı mükafatlandırarkən onun fəaliyyətini “Karl Saqan heyranlıq duyulacaq dərəcədə qabiliyyətli astronom və yaşayan ən yaxşı yazı üslubuna malik elm yazarıdır” cümləsi ilə qiymətləndirmişdi.

Saqanın üç əsəri xüsusi diqqətə layiqdir:

“Cənnətin Əjdahaları: İnsan zəkasının təkamülünə dair mülahizələr” (Orijinalda “The Dragons of Eden: Speculations on the Evolution of Human Intelligence”)

Mövzunun elmiliyindən güzəştə getmədən anlaşılır dildə yazılmış bir kitab olaraq, “Cənnətin əjdahaları” beynin və ona bağlı olaraq zəkanın zaman içərisində təkamülü haqqında müəllifin mülahizələrindən ibarətdir.

Kitabda ətraf mühit və genlərin zəkanın təkamülünə təsiri, insanlarla digər canlıların zəka və dil baxımından oxşarlıq və fərqlərinə dair maraqlı mülahizələr yer alır.

Beynin “üçlü modeli”-ni (R-kompleks (sürünən beyni), Orqanik sistem (məməli beyni) və mədəni təkamülün izlərini daşıyan neokorteks) əsas alaraq insanın dünyaya üç fəqli səviyyədən baxdığı irəli sürülür.

Sürünən beyni ən intidai həyat funksiyaları ilə əlaqədardırsa, məməli beyni həyatın sosial tərtibindən məsuldur.

Neokorteks, mədəniyyətin uğurlarının qazındığı beyin bölgəsidir.

Kitabda müxtəlif miflərdən maraqlı məcazlar olaraq istifadə olunmuş, bəzi populyar miflərin müasir elmi nəticələr baxımından ehtimal olunan açıqlaması verilmişdir.

Antropologiya, psixologiya, biologiya və kibernetikanın nəticələrinə istinad edərək, insan zəkasının geniş tarix ərzində necə formalaşmış ola biləcəyi tarixdə geri gedərək araşdırılır.

Kitabdakı tezislər süni zəka və dünyadan kənar həyatkimi mövzularla bərabər, nədən ən çox gördüyümüz kabusların hündürlükdən yıxılma və təqib edilmə ssenariləri ilə əlaqədar olduğu mövzularını da beynin təkamülündə içində yaşadığımız mühitin rolu perspektivindən maraqla ələ alır.

Bu kitab haqqında Isaac Asimov “İnsan zəkası haqqında oxuduğum heç bir kitab bu kitab qədər maraqlı gəlmədi mənə” demişdi.

Elm yazarı Martin Gardnerin fikrincə “Məntiqdən kənar psixologiya və kult səfsətələrinin yayıldığı dövrümüzdə Carl Saqanın yanaşması ehtiyacımız olan dərmandır”.

Saqan bu əsərinə görə Pulitzer mükafatı ilə təltif olunmuşdu.

“Broca-nın beyni” (Orijinalda “Broca's Brain”)

Adını beyindəki nitq bölgəsini kəşf etmiş fransız alimi Paul Brocadan alan kitabda, Albert Eynşteyndən, Velikovski’nin katastrof nəzəriyyəsinə, astronomiyanın bu günü və gələcəyindən, psevdo-elmi iddialar və bunları irəli sürən şarlatanlara, UFO iddialarından beyin anatomiyasına qədər yayılan müxtəlif mövzularda Saqanın fərqli jurnallarda dərc olunmuş məqalələri toplanmışdır.

Karl Saqana görə psevdo-elmi iddialar yox fərz edilib görməzdən gəlinməməli, diqqətlə incələnib çürüdülməlidir - əks halda maraq duyğusu olan insanlar elmi-kütləvi ədəbiyyat əlçatan olmadıqca intensiv olaraqtəbliğ olunan şarlatanların təsirlərinə düşəcəklər.

“Qaranlıq bir dünyada elmin şam işığı” (Orijinalda “The Demon-Haunted World-Science as a Candle in the Dark”)

Əgər Karl Saqanın sadəcə bir əsəri ilə tanış olmaq lazım gələrsə, bu, şübhəsiz “Qaranlıq bir dünyada elmin şam işığı” kitabıdır.

Maraq dairəsindən asılı olmayaraq hər bir müasir insanın oxumasının vacib olduğu bu kitab qaranlıq bir dövrün astanasında, yeni bir orta əsrlərə girmək üzrə olduğumuz indiki zamanda xilasın yalnız elmdə olduğunu inandırıcı şəkildə ortaya qoyur.

Kitabda dövrümüzdəki məniqdən kənar müxtəlif cərəyanların açıqlanıb izah edilməsi ilə bərabər, aldanmamaq, doğrunu yanlışdan ayırmaq üçün elmi düşüncənin, mülahizələrin, iddiaların, tezislərin dəyərləndirilməsində istifadə olunacaq yollarının dəqiq, anlaşılır və maraqlı açıqlamaları verilir.

Elmi bir iddianı elmi olmayandan, doğrunu aldatmacadan ayıra bilmək istəyən, içində olduğumuz dünyanın girmək olduğu qaranlıq dövrdən narahat olan hər kəsin oxumalı olduğu bu kitabda kütləvi isteriyalardan, müxtəlif “new age” cərəyanlardan, psevdo-elmi iddialarla insanları aldadıb istismar edən şarlatanlardan qorunmaq və sağlam düşünmək üçün tarixdən və günümüzdən zəngin nümunələr analiz edilməkdə, skeptik və elmi düşünmənin yolları göstərilməklə sağlam arqumentləri əsassız iddialardan ayırd etməyin metodu izah edilməkdədir.

Heç bir texniki və terminoloji çətinliyi olmayan, bir roman kimi hər bir insanın rahatlıqla oxuyacağı müstəsna əhəmiyyətdə bir əsərdir.

İnsanın öz ağlını istifadə etməsinə ciddi dəstək olacaq bu kitab Saqanın “Dünyanı suallarımızın cəsarəti və cavablarımızın dərinliyi ilə mənalı edirik” fikrinin genişləndirilmiş manifestidir.

Oxu zalı

# 2093 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #