Mən övlad istəmirəm!

Mən övlad istəmirəm!
18 iyul 2013
# 10:22

Svetlana Turan

Son zamanlar tanıdığım gənc ailələr arasında övlada sahib olmaqdan könüllü surətdə imtina edənlərə daha tez-tez rast gəlirəm. Təxminən beş-altı belə cütlüyü şəxsən tanıyıram və haqqında eşitdiklərim də az deyil. (Bəlkə də, bu rəqəm bir çoxları üçün böyük deyil. Amma mənə bu kiçik rəqəm belə, övladsevər xalqımızın fonunda çox böyük görünür.)

Bu qərarı verməkdə onların hərəsinin öz subyektiv səbəbləri var. Bəziləri maddi cəhətdən yaxşı təmin olunmayıblar. Bəziləri əksinə, maddi təminatı – iş yerlərini itirmək istəmirlər. Bəziləri özlərini valideyn olmağa hazır hiss etmir və s. Bu səbəbləri ciddi şəkildə araşdırsaq, subyektiv səbəblərin, əslində, kifayət qədər obyektiv olması məlum olacaq.

Qəribədir ki, bu fikirlərin ağlımı məşğul etdiyi bir vaxtda fransız yazıçısı Mişel Uelbekin “Adanın mümkünlüyü” romanını oxudum. Romanda insanların mövcudluğunun iki dövrü – müasir və gələcək dövrlər təsvir olunur. Süjet xətti müasir dövrün Danielinin (Daniel 1) gündəliyi və həmin Danielin gələcək davamçıları, belə demək mümkünsə, klonlarının (Daniel 24 və Daniel 25) öz əcdadlarının gündəliyinə yazdıqları şərhlər əsasında qurulub.

Daniel 1 artıq qırx yaşı ötmüş, özünü həm mənəvi, həm də fiziki cəhətdən qocalmış hesab edən obrazdır. Birinci evliliyindən bir oğlu olsa da, heç vaxt onunla maraqlanmır, növbəti evliliyində isə övlad əvəzinə, it saxlamaqla kifayətlənir. Floridada (ABŞ) olan “childfree zones” (“uşaqdan azad zonalar”) haqqında danışır və əsərin qəhrəmanı uşaqlara olan nifrətini elə səmimi şəkildə izah edir ki, onu, özündən asılı olmayaraq, hətta başa düşməyə cəhd də edirsən. Sanki ona, fikirlərinə haqq qazandırmaq istəyi baş qaldırır içində...

Sadə insan xoşbəxtliyinin mümkünsüzlüyü əsər boyunca vurğulansa da, daha xoşbəxt nəslin neoinsanlar olacağına olan inam da özünü doğrultmur. Daniel 1-in müasirləri də övladsız olmanın tərəfdarıdırlar, onlar da uşaqlıq periodunu keçmədən böyümənin üstün cəhətlərinin olduğuna inanırlar. Onların bu “böyük” arzuları əsrlər sonra həyata keçir.

Müasir dövrün Danielinin arzu etdiyi formasiya gələcək dövrdə qurulsa da, onun sələfləri həmin formasiyada özlərini şəxsiyyət kimi tapa bilmirlər. Doğularaq deyil, əcdadının genetik kodu əsasında gənclik yaşında dünyaya gələn klonlar xoşbəxt ola bilmirlər. Çünki onları həyata bağlayan əsas ünsür, yaxınlarına olan bağlılıq və sevgi hissi tamamilə yoxa çıxmışdır.

Bu yazını yazmaqda məqsədim heç də gənc cütlüklər arasında uşaq təbliğatını aparmaq deyil. Sadəcə olaraq, mən uşaqsız cəmiyyəti təsəvvürümə gətirə bilmirəm, bacarmıram. Uelbekin “Adanın mümkünlüyü” əsərini oxumasaydım, heç bu mövzuya toxunmazdım da. Lakin içimdə bircə anlığa: “Yəni belə bir şey mümkündürmü?” sualı yarandıqda bu yazını yazmağın vacibliyini hiss etdim.

Bəlkə də, bu sözlərim çox sentimental səslənəcək, amma dünyanın ən böyük xoşbəxtliyi övladının uyumasının gözəlliyini izləmək, oyanışının sevincini yaşamaq, hər gün ölçüsü mövcud olmayan ölçü vahidi qədər böyüməsinin şahidi olmaq, bircə təbəssümünə görə hər şeyini verməyə hazır olmaq, ən məsum gözlərin səni hər kəsdən uca, böyük görməsini kəşf etmək, öz əksini saniyələrlə, dəqiqələrlə, günlərlə, illərlə, bir ömür boyu güzgüdə deyil, öz övladında izləməkdir...

# 5531 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #