Yaza bilməmək acısı

Yaza bilməmək acısı
23 dekabr 2015
# 15:39

Elə hadisələr var ki, ondan yazmaq olmur. Bunu ötənlərdə yazmışam. Bu günlərdə gördüyüm bir mənzərə uzun müddət beynimin hansısa küncündə mürgüləyən bu fikri yenidən oyatdı.

İndiki mənzərəni təsvir etməzdən əvvəl məşhur rus yazıçısı, bəzi hekayələrini mənim də tərcümə etdiyim Andrey Platonovun ölən ana və körpəsiylə bağlı dialoqunu xatırlayaq: Can verən ana ac qızcığazının gözlərinə baxıb deyir: “Mənə elə baxma, sən mənə elə baxanda ölə bilmirəm.” Ürək parçalayan mənzərədir. Yaxud erməni qaniçəni Zori Balayan Xocalıda bir azərbaycanlı cocuğunun dərisinin diri-diri necə soyulmasından yazır və bundan həzz alır. Bəs, o cocuğun halını necə, yazmaq olarmı? Çətin məsələdir. Bir yazar dostum mənə dedi: Sən cocuğunu qatar vuran və qan içində çabalayan balasını döyən ananı təsvir edə bilərsənmi: “Sən niyə məndən icazəsiz çölə çıxmısan!?” O naləni yazmaq olarmı? Mənimçün cavab mənfidir.

Nəhayət, bu günlərdə gördüyüm həmin mənzərəyə qayıdıram.

Məhlələrin arasıyla gəzərkən ağlaşma səsi eşitdim. Ağlaşma, yəqin ki, dünyanın ən bədbin və qara musiqisidir.

Geri qayıtmaq istədim. Amma qayıtmadım. Həyətlərdə çadır yox idi. O səs evlərdən də gəlmirdi. Fikir verdim ki, bu pişiklərin səsidir. Onlar bir yerə toplaşıb adam kimi ağlaşırdılar. Ağ-qara, boz, sarı zolaqlı pişiklər, eyni dərəcədə göz yaşı tökürdülər. Ortalarında isə balaca bir mavrı vardı. Ölmüşdü. Pişiklər mənim dayandığımı görəndə, səslərini kəsdilər və dağılışdılar. Amma ikisi kəsmədi. Yəqin ki, mavrının ata-anasıydı. Sonra nisbətən yekə pişik də ordan getdi. Görünür, erkək pişik oydu. Dişi pişik isə hələ bir müddət də ağladı. Sonra səsini kəsdi. Ordan uzqlaşan erkəyin arxasınca baxdı və balasını sonuncu dəfə iyləyib getdi. Sonra nə fikirləşdisə geri qayıtdı və mavrının cansız bədənini dişilə götürüb, zeytun ağacının altına qoydu.

Mən bu mənzərəyə baxa-baxa uzaq keçmişi xatırladım.

Sarı inəyimiz vardı. Adı ya “Sarıca”, ya da “Qızılcaydı”.

Yelinləmişdi. Hamımız onun doğmasını gözləyirdik. Nəhayət, həmin gün çatdı. Balaca, özünə oxşar buzovu oldu. Ağzımız təzə dada gəlmişdi ki, buzovumuz öldü. Halbuki onu çox sevirdik, isinişmişdik. Soyuq qış günlərində bəzən sobanın qırağında yatızdırırdıq.

Bir gün isə o öldü. Səhər anamız xəbər verdi. Hüznlü səslə dedi ki, buzov çatıya dolaşıb boğulub. Onu buzovun ölümündən çox, inəyin süddən kəsiləcəyi ağrıdırdı. Ona görə də qonşu qəssabı çağırdıq. Əslində qəssab deyildi, sadəcə mal-heyvan kəsib soymağı bacarırdı.

Buzovun dərisini ehmalca soydular. Təbii, bizim gözümüzdən kənar yerdə. İçinə saman təpib anasının gözü qarşısına qoydular ki, südü qurumasın.

Anam inəyi sağır, inək isə balasının müqəvvasını yalayırdı. Onun gözlərindən yaş süzülürdü. Çünki balasının öldüyünü, həniri gəlmədiyini ana fəhmiylə duyurdu.

O, axıra kimi südünü bizdən əsirgəmədi. Bu, inəyin insanlara olan minnətdarlıq hissiydi. Çünki onun balasını yalandan da olsa, yaşadırdılar...

Elə hadisə var ki, ondan yazmaq olmur, dostlar.

Düzü bilmirəm, bu qısa epizodlarla sizi inandıra bildimmi?

# 2424 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #