Gözlərin xəyanəti

Gözlərin xəyanəti
18 fevral 2014
# 12:41

Sakitcə özünü toparladı. Yavaşca gözünə bağladığı dəsmalı açdı. Özü özünə “aç gözlərini”, - dedi. Açdı və gördü. Amma bu onun görmək istədiyi görmək deyildi. O, belə görmək istəmirdi. O, həmişə işıq axtarmışdı. İşıqlı görmüşdü. Hər şeyin, hər nəsnənin işığını sezən, duyan gözünə indi, zarafatla da olsa, “ay xətakar, ay xəyanətkar” deməyə ürəyi gəlmədi...

***

Beyin yaddaşını qurdaladı. Heyrət etdi. Gör beyni nə qədər dəyərli olanı “unutmuşdu” – ürəyinin, gözünün, canının əmanət etdiyi ən gözəl hissləri, ən gözəl anları “arxivləşdirmiş” sanırdı. Beynini cəzalandırmağa beyni bir yol qoymadı Onun üçün. Sadəcə düşünmədi. “Düşün” əmrinə tabe olmadı. Əsəbləri beyninin tərsliyinə ram oldu. İndi heç özü də çox şeyi xatırlamırdı. Beyninin xətrinə dəymədi.

Beyninin xəyanətini bağışladı...

***

Canını dişinə tutdu. Canında xatirələri vardı. Onları da “arxivləşdirilmiş” sayırdı - sığallar, öpüşlər, hərarətli anlar, qucaqlaşmalar: əzizləriylə, doğmalarıyla, uşaqlığından,

tələbələyindən, gəncliyinin gur qaynar çağlarından, ömrün şöhrətli və şərəfli mərhələlərindən əziz canına şirinlik verdiyi olmuşdu. Can bildiyi canında yatmış saydı. Oyatmaq istədi

əzalarını. Ürəyi, dalağı, day nələri, nələri Ona yaşatmalıydı təzədən. Can yaddaşı yatmışdı. Bir də canını dişinə tutdu. Didik-didik, dişdəm-dişdəm elədi. Canı can ələ vermirdi. Harasından ağrıdırdısa, canını orada da hiss edirdi. Nəhayət, canının xəyanətini də bağışladı...

***

Dadı getmişdi günlərinin. Dadını-tamını necə bilməyəydi? Fəqət, ağzının acısı boğazını qurudurdu. Nə şirin-şəkər, əziz-ləziz, ləzzətli, damaqda günlərlə, aylarla qalan o tam, o ehtizazdan əsər-əlamət yox idi indi. Zəhər-zəqquma dönmüşdü həyatı. Beyin, can, ağız-dad yaddaşı elə bil bir-birinin ağzına tüpürmüşdülər. Heydən-hərəkətdən düşmüşdülər elə bil. Elə bil kor olmuşdular. Özündə yalnız ondan sonra güc tapdı və bir daha bağışladı əzalarını-orqanizmlərini.

Daha doğrusu, onların xəyanətlərini.

Amma...

***

Amma dəsmalı gözündən götürəndə gözlərinin laqeydliyində ürpəşdi. Gözlərinin yaddaşında bütün həyatını qoymuşdu. Gözlərinin gördüklərini canına, beyninə, ağzına yedirtmişdi. Dada-tama gətirmişdi, ruh vermişdi, canına can vermişdi. Gözünün gördüyü sevinclə beyninə sevinc, canına ruh vermişdi, dilinə xoşluq. İndi heç biri heç nə xatırlamaq istəmirdi. Sanki indi anlamışdı – içini nurlandıran gözüymüş. İşıqlı gözləri.

Hər tərəfə işıqla baxan gözləri. Hər şeydə, hər kəsdə işıq axtaran gözləri... Başa düşdü. Gözü xəyanət edirdi. Etmək istəyirdi. Gözsüz beyni də, canı da, ağzı-dili-dadı da yaddaşlarını itirir, kor olurdular...

***

Gözünün xəyanətini bağışlamadı. Sadəcə, onu bıçaqladı. Atdı gözlərini bıçağın üstünə...

***

O gözlərlə Ona baxmışdı. Onu görməmək olmazdı. Hətta lal, kar, olsan da. Ona baxmaq, ləzzətli baxışlarla, süzgün baxışlarla, sevgi dolu baxışlarla...

***

Əməliyyat bir az uzun çəkdi. Həkimin amiranə “aç gözlərini” deməsindən diksinən kimi oldu. Anidən səs gələn tərəfə boylandı. Başının üstündə Onun şəkliydi. Əməliyyatdan qabaq istəmişdi...

***

Gözü Ona xəyanət etməkdən utanmışdı...

***

Hamıya elə bil hayqırmaq istəyirdi – xəyanəti bağışlamayın. Xəyanəti üzə vuranda utanc yaranır...

# 3744 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #