Tanınmış aparıcı Kulis.az-a metrodan yazır

Tanınmış aparıcı Kulis.az-a metrodan yazır
11 dekabr 2013
# 16:03

Mehman Telmanoğlu

O gün yerin altına girdim. Utandığımdan yox. “Səni görüm yerin dibinə girəsən” deyə də qarğış eləməmişdilər. Sadəcə şəhərin bir nöqtəsindən o biri nöqtəsinə getmək üçün metrodan istifadə etdim. Gördüklərim məni o qədər təsirləndirdi ki, baş verənlər gecə yuxuma da girdi. Və yuxuda bütün metropoliten olayları haqqında indi yazdıqlarımı beynimə həkk elədim. Ayılanda başa düşdüm ki, kəfəni cırıb cəhənnəmdən qaçmışam.

Hər şey metronun girişindən başlayır. Yerin altına girişdən başa düşürsən ki, getdiyin bu yol elə də asan olmayacaq. İnsan dalğasını yara-yara, qadın alt paltarlarını seyr edə-edə ödəmə aparatına çatırsan. Çatan kimi azı bir-iki nəfər əlində 20 qəpik tutub böyrünü kəsdirir ki, bəs mən də sənin kartınla gediş haqqımı ödəyim. Əslində mənim üçün kiminsə kartıma 20 qəpik ödəməsi elə də problem deyil, hər dəfə eyni prosesi təkrarlayıb kart almaqdan imtina edənləri başa düşə bilmirəm.

Gəldim çatdım metronun platformasına. Artıq hiss edirəm ki, yavaş-yavaş isinirəm. Fikirləşdim ki, tunelin içində - vaqonda görən halım necə olacaq? Bu suala cavab axtarınca başım qarışdı digər müşahidələrə. Platformanın divarlarını yolka ağacları kimi kasıb-kusubun cibinə girən bankların elə bu təbəqəni şirnikləndirən kredit tələləri bəzəyir. Reklamlardakı səhvlərdən də danışmıram. Üzümü qatarın gəlmə vaxtını göstərən elektron tabloya çevirmişdim ki, gözlərim bərələ qaldı. Qatar 8 dəqiqədir ki, yoxdur. Vəssalam, növbəti qatara minmək üçün ölüm-dirim savaşı başlayacaq. Elə belə də olur. İndi gör bu sərnişinlər qatara minmək və qatardan enmək üçün nə oyun çıxarırlar. Səbirsiz millət nümayəndələri bir-birlərini söyə-söyə, ağız-burun əyə-əyə öz istəklərinə çatırlar. Amma fikirləşirsən ki, burda nə var ki, səbir edib gözlə düşəni, sonra rahat minərsən də, ay kişinin oğlu. Yox e, gərək elə süni qələbəlik yaransın. Bir neçə qatar buraxdıqdan sora nəhayət mən də vaqon üzü gördüm.

Bu vaqon da əvvəlkilərdən sərnişin sıxlığına görə elə də fərqlənmirdi. Cürbəcür iylər salona hopmuşdu. Birinin tər iyi o birinin ətrinin qoxusu, digərinin tütün qoxan nəfəsi başqa birinin sarımsaqlı nəfəsi ilə sintez olmuşdu. Bir daha əmin oldum ki, millətin çimməklə də arası yoxdur. Tələbə ikən ərəb dili müəllimimiz Esmiralda xanımın dedikləri dərhal yadıma düşdü- “ətir-parfüm vurmayın, hər gün çimin! Qoy sizdən təmizlik iyi gəsin, ətir iyi yox”. İllər keçəndən sonra ayağım Fransa tərəflərə düşəndə, oranın ictimai nəqliyyatından istifadə edəndə, insanları ilə ünsiyyətdə olanda gördüm ki, parfümün vətəni olan ölkədə insanlardan ətir iyi yox, təmizlik qoxusu gəlir. Rəngarəng iylərin baş gicəlləndirici əyləncəsini unutmaq istəyirdim ki, tunelin dərinliklərində özümü lap saunadakı kimi hiss elədim. Kimin üzünə baxırsan, əsəbi, qəzəbli baxışları tər damcıları ilə bəzədilib. Elə bil lap cəhənnəmin qır qazanında qaynayırsan.

Nəhayət, gəlib çatdım təmiri gedən “28 may” metrostansiyasına. Bu da başqa bir baş ağrısı. Stansiyanı təmir edib “yaxşılıq” ediblər guya, amma qaş düzəldəndə göz də çıxardıblar. Sürüşkən mərmərlərin üstündən keçmək istəyəndə mən də bu “yaxşılıqdan” öz payımı aldım. Gözümü açanda gördüm ki, metroda yox, yatağımdayam. Günorta yaşadığım bu metro əhvalatı o qədər təsirli olub ki, gecə yuxusu “cəhənnəmə səyahət” kimi yadımdan heç vaxt çıxmayacaq.

Böyük şəhərlərə öz gözəlliyi ilə meydan oxumağa başlayan Bakımızın bu şəhərlərdəki metrolarda gördüyümüz hər xırda detala uduzması bir sərnişin və vətəndaş kimi əlbəttə məni də narahat edir. Ümid edirəm ki, bu başıbəlalı xalq nəqliyyatı nə vaxtsa bizdə də tıxacdan qurtulmaq üçün üz tutacağımız və bizi özündən döndərməyəcək bir nəqliyyat vasitəsi olacaq. Bu cəhənnəmi cənnətə çevirmək üçün heç hökumətdən maddi yardım da almağa ehtiyac yoxdur. Mən, sən, o, bir sözlə hamılıqla bu yolu cənnətə özümüz istiqamətləndirə bilərik. Yalnız istəsək və istəyimizi əməlimizlə sübut eləsək. Buna isə iradə və cəsarət lazımdır!

# 4313 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #