Ən güclü adam

Ən güclü adam
5 iyun 2015
# 11:50

Ağa Laçınlının xatirəsinə

Rəvayət edirlər ki, Çingiz xan dünyanı tutub bütün imperiyanı gəzəndən sonra öz sarayına qayıdıb taxta çıxır və qəfil qışqırır: “Tibetdə bir buddist münzəvi var, gedin onu gətirin!” Dalınca qımız içərək deyinir: “Dünyada mənə baş əyməyən yeganə adamdır!”

Tibet dağlarına sığınıb tənhalıqda və təmizlikdə tanrıya meydan oxuyan qoca münzəvini imperatorun hüzuruna gətirirlər. Çingiz xan onun ağıllı gözlərinə baxaraq sakit səslə deyir:

- Niyə məni sayıb hüzuruma gəlmirsən?

- Çünki mən özümdən zəiflərin ayağına getmirəm.

- Güclüsənmi məndən? – imperator narahatlıqla yerində qurcuxan yaltaq əyanlara baxıb gülümsəyir.

- Əlbəttə - qoca münzəvi həlim səslə cavab verir.

- Sübut! – gözləri həyəcanla bərəlir.

- Mən nəfsimin ağasıyam, sən qulusan. Özün denən, qulumun qulunun hüzuruna niyə getməliyəm?

Rəvayət burda bitir.

İslam peyğəmbəri nəfs üzərində qələbəni Cihadi-kəbir (Böyük cihad) adlandırırdı. Tanrı və din uğrunda aparılan döyüşlərə isə Cihadi-səğir (Kiçik cihad) deyirdi. Təsəvvür edin, nəfsi məğlub etmək Məkkəni fəth etməkdən daha böyük hadisəymiş...

Bəzən görürsən ki, Cihadi-səğirin məğlubları Cihadi-kəbirin qalibləri üzərində ağalıq eləmək istəyir. Yəni, balaca cihadın məğlubları böyük cihadın qaliblərinə güc gəlir. Onda papağını qabağına qoyub, türklər demiş, hindi-hindi düşünürsən: “Niyə belə olur axı? Tanrı hara baxır? Orda nə iş görür?”

Amma bu dünyada elə adamlar var ki, hər iki cihadda biabırçı şəkildə məğlub ola-ola üstünə xoruzlanan adamları da özünə dərd eləmir, onları etdikləri və eləyəcəkləri bütün günahlara görə səmimi qəlbdən bağışlayır.

Bax mənəviyyatın bu mərtəbəsi haqda düşünəndə görürsən ki, dişə vurulası adamlar elə tarix boyu az olub.

Amma, inanın mənə, bütün dünya gələcəyə belə insanların çiynində ötürülür.

O qoca münzəvi Çingiz xana elə cavab verməsəydi dünyamız bundan da pis olardı və hətta bəlkə də olmazdı.

Buna o qədər əminəm ki, durub laqeydliklə fit çala bilərəm.

# 1448 dəfə oxunub

Oxşar xəbərlər

"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
# # #