Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...
23 yanvar 2024
# 12:00

Kulis.az Fərid Hüseynin mərhum xalasına ithaf etdiyi "Arzularımızı Allaha çatdırana vida…" yazısını təqdim edir.




Özünü unudan…

Çözümü çətin, həlliağır bir işimiz olanda, bəzən gerçəklik nəzir götürmək, qurban demək qədər göylərdən, Allahdan asılı bir vəziyyətə dirənəndə, istər-istəməz, ürəyimizin dərinliyində düşünərdik ki, kaş xalamız bu müşkülün aradan qalxması ilə bağlı nəzir götürə, qurban deyə. Çünki Allah onun əhdini heç zaman sındırmazdı.

Xalam da həmişə ürəyimizin sirrindən duyuq düşərək müşküllərimizin həll olunacağı, diləklərimizə çatacağımız təqdirdə, Allah yolunda ya imam ehsanı verər – “matəm saxlayar” ya Çillə gecəsi keçirər, ya da qurban kəsdirərdi. Bizim nəsildə belə bir inam yəqinləşmişdi, belə bir etiqad qətiləşmişdi ki, xalam əllərini göyə açıb Allahdan dilədisə, Yaradan heç vədə onu naümid qoymaz, istəyini geri çevirməz, nəziri əldə, qurbanı gözləmədə qalmaz. Xalam isə heç zaman, – bir ömür boyu özü üçün Allahdan heç nə istəmədi. Yəqin, Allah daim öz işlərinin aşması üçün onu “zinhar eləyən”, işi düşəndən düşənə Xudanın qapısını gecə-gündüz “döyən” insanlardan “usanmışdı” və belələri ilə müqayisədə Xuda başqaları üçün gözəl, qayğısız, çətinliksiz həyat diləyən bir qadını kimlərinsə yanında xəcalətli qoymaq istəmirdi.

İnanmaq istəyirəm ki, Allahın bu cür özünü unudub, başqaları yolunda ömrünü şam kimi əridən bu qadına xüsusi ehtiramı vardı. Beləcə, xalamın nəzir-niyazı, Xuda ilə əhdi “sayəsində” nəslimizin neçə-neçə oğulları qanlı müharibədən sağ-salamat geri qayıdır, biri universitetə daxil olur, biri maşınların diş-dişə keçdiyi ağır yol qəzalarından salamat xilas olur, başqa biri isə boyundan hündürə tullanır – yəni imkanlarının xaricində olan işlərin öhdəsindən gözüyumulu gəlirdi.

Son illərdə xalam xeyli müddət xəstə oldu, beyin ağrılarına dözdü, ayaqları şişdi, özündən keçmələri artdı, amma şəfa tapması üçün heç zaman qurban demədi, nəzir götürmədi. Çünki əhatəsindəki, dörd yanındakı çox sevdiyi insanlar ona özünü, öz varlığını, canını çoxdan unutdurmağı “məharətlə” bacarmışdılar. Varlığını unutmuş bu mübarək qadın daha özünü Allaha tapşırmağa da ehtiyac görmürdü.

İki gün öncə xalam haqqa qovuşdu. Dünən qeyri-ixtiyari könlümdə bu fikir də özünə yer tapdı ki, daha bizim əvəzimizdən Allaha üz tutacaq, Yaradandan nələrsə diləyəcək bir adam da aramızdan, sıramızdan ayrıldı və beləcə, biz sanki Allaha bir köynək də “yadlaşdıq”. Və biz bundan sonra bəlkə də, Allahdan ancaq özümüz üçün nələrsə istəyə bilərik və bu da, əslində, xalamın yaşadığı ömrün əleyhinə bir addım sayılsa, haqlıdır.

Kim bilir, bəlkə də, xalamın bu sayaq fədakar diləkləri, nəzirləri kiminsə tərəfindən mövhumat, xurafat, batil inanc sayıla bilər, amma onun başqalarından ötrü qurban deməsi, nəzir götürməsi, öz malını, pulunu gözqırpmadan qıyması dərin qatda bizi eqoizmdən, ancaq öz başının hayına qalmaqdan, özünü düşünmək kimi naqis, içərisi puç olan xarakter göstəricilərindən xilas etmək üçün idi. Əlbəttə, o bu məsələləri kiməsə dərs vermək, Allahla rəftar qaydalarını öyrətmək üçün etmirdi, hər şey həyatın, xüsusən də kənd həyatının təbii axarında, öz-özünə baş verirdi. Amma hər halda ortada dərs, öyüd, nəticə çıxarılası hal var idi və bu dərsi bizə xalamın istəklərini geri çevirməyən uca Yaradan verirdi...

Torpaq kimi...

Xalam ömrünün ən əziz illərini, qayğısız əyyamlarını torpağa həsr eləmişdi, daim bostan əkər və ruzisini də yerdən toplayardı. Torpaq ona doğru əyilən hər kəs kimi onu da səxavətlə mükafalandırır, buna görə də xalam daim bir qoyub beş götürürdü. Nəsə əkib ondan bəhrə gözləmək Allaha təvəkkülün, müsbət enerjiyə, zəhmətin itməməsinə inamın ən bariz göstəricilərdəndir.

İndi bu sətirləri yaza-yaza xalamgilin evləri tikilərkən onun kərpic qəliblərinə vedrələrdə palçıq daşıması, bəzən əyilə-əyilə saatlarla tərəvəz yığması, bostan məhsulları toplaması, bir sözlə, torpaqla ünsiyyəti gözlərimin önünə gəlir.
Dünən xalamın dəfin mərasimində – onu torpağa tapşıranda qəbir yerindən kənara yığılmış torpaq qalaqlarına baxdım və elə bildim ki, məzarın boşluğu həmin torpaqla dolmayacaq. Məzara tökülən torpağı xalam sanki öz balası kimi, əzizisayaq qucağına alırdı. Elə bil torpaqdan doymurdu.

Çünki o heç zaman torpağa insanı çürüdən, yoxa döndərən, qoynundakı adamın ətini sümükdən sıyıran nəzərlərlə baxmamışdı, torpaqdan daim bəhrələr götürmüş, ruzi qazanmış, sonra da əldə etdiklərini intəhasız səxavətlə əli yetən hər kəslə bölüşmüşdü. O torpağa bir dən basdırıb sünbül yuvası yetişdirmişdi, bir çubuq əkib meyvəsindən budaqları əyilən ağaclar göyərtmişdi, bir sözlə, bütün həyatı boyu torpaqdan az alıb çox vermək xasiyyətini öyrənmişdi. Və o hər kəslə, əhatəsindəki insanlarla eynən torpaq kimi davranırdı, yəni hamı ona lazımından az nəsə edirdi, o isə torpaq kimi həmişə başqalarını daha çoxuna layiq bilirdi.

Nağıllı günlər...

Uşaqlıqda, mənim 5-6 yaşım olanda xalam hər dəfə bizə qalmağa gələndə ona yerdən yorğan-döşək salardıq, çünki kənd həyatına vərdişkar olduğuna görə belə gecələmək onun üçün daha xoş idi. Doxsanıncı illərin ortalarında – işıqların sönməsi adi hal olan vaxtlarda axşamlar hamı yatmaq üçün yerinə uzananda o, bizə hər sözünü bəzəyə-bəzəyə, kəlmələri zinətləndirə-zinətləndirə, baməzə ədalarla “Şahqulunun nağılı”nı danışırdı. Həmin nağılda nankor bir qadının bicliklə əldə etdiklərini rüsvayçılıqla itirməsi, bütün sirlərin, ağır xəyanətin gülünclüklə aşkara çıxmasından söhbət gedirdi.

Uşaq vaxtı mən o nağılın daha çox sirlərin açıldığı komik məqamının yetişməsini bəyənərdim və xalam nağılı danışarkən həmin yerin tez yetişməsi üçün özümdən asılı olmadan tələsərdim. Nağılın həmin yerində biz çarpayıda, xalam isə yerdən sərilmiş döşəyində ürəkdən qəhqəhə çəkib gülərdi.

20 il sonra 2015-ci ildə, xalam bizə qonaq gələndə yenə o nağılı danışmasını təkidlə istədim. Başımı onun dizinə doydum, o da başladı şirin-şirin danışmağa. Fikir verdim ki, xalam 20 öncəkindən fərqli olaraq nağılın komik yerlərinin üstündən sükutla keçir, daha çox nağılın sonuna – həqiqətlərin üzə çıxmasına, bir sözlə, Allahın böyüklüyü, haqqın təntənəsinə vurğu edərək əhvalatı danışırdı.

Amma o bunu bilərəkdən, şüurlu şəkildə, yaxud qarşısındakı insanın 20 il öncəki uşaq olmadığını anladığı üçün etmirdi. 20 il ərzində onun özü üçün də, dünya üçün də bir çox həqiqətlər qiyafəsini, mahiyyətini təbii ki, dəyişmişdi və onun bütün həyatı kimi hər şey yenə də təbii halda baş verirdi.

Əziz xala, əhdini sındırmayan, sözünü yerə salmayan, könlündə həqiqətin təntənəsinə, ədalətinə, bərqərarına şübhə yeri qoymayan Allahın rəhməti daim səninlə olsun.

Əlvida...

# 2038 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
#
#
# # #