Yaltaqların içinə düşməkdənsə, qarğa-quzguna yem olmaq yaxşıdır. Çünki ikincilər adamı öləndən sonra, birincilər isə diri-diri yeyir.
Antisfen
Qəzetin qəzet olduğu vaxtlarda qocalıb yaşının həssas dönəminə girmiş Rokfeller üçün uydurma xəbərlərlə dolu xüsusi qəzet dərc edirlərmiş…
Ənənəvi mətbuatın güclə nəfəs alıb-verdiyi indiki vaxtda sosial əhval-ruhiyyənin indikatoru və hətta reaktivi rolunda onlayn-platformalar çıxış edir. Lenin sağ olsaydı, deyərdi ki, sosial şəbəkələr medianın ən vacib növüdür.
Sosial mediada ən çox qabardılan mövzulardan biri, bəlkə də, birincisi – yaltaqlıqdır.
Yəni biz tərəflərin sosial mediasında belədir. Başqa xalqların başqa dərdləri var. Necə deyərlər, hərə öz ağrısını əzizləyir.
Doğrudan da, istər-istəməz, yaltaqlığı gəlirli peşəyə çevirən, idman növü səviyyəsinə qaldıran, insanı abır-həya kimi “təfərrüatlar”ı arxa planda tutmağa sövq edən məsələlər barədə fikirləşməyə bilmirsən…
Yaltaq – ilk növbədə, öz “nəçənniyi üçün” “Rokfeller qəzeti” olmağa amadə məxluqdur. İnsanlığın min illərlə gəlişdirdiyi mənəvi imperativləri pozan, şəxsiyyətsiz, özündən bircə pillə yuxarıda dayananların qarşısında quyruq bulayan, nisbətən aşağı pillədəkilərin gözünü dələn, öz müstəqilliyini qoruyub-saxlamağı bacarmış adamlara səmimi-qəlbdən nifrət eləyən və başlıcası, başqalarının haqqına girən bir məxluq.
Elə bir məxluq ki, artıq o, quyruğunu yox, quyruğu onu bulayır!
Təsadüfi deyil ki, ölməz Dante Alyigeri özünün məşhur “İlahi komediya”sında yaltaqları cəhənnəmin səkkizinci dərəsinə yerləşdirir. Doqquzuncu dərənin – İudanın, Brutun və digər xainlərin, vəfasızların salındığı, islami təbirlə desək, veyil dərəsinin bir addımlığında. Başqa dərədəkilərin görünüşü insanlarda qorxu, vahimə, ikrah hissi yaradır. Amma yaltaqlara baxanda adamın ürəyi bulanır, çünki dizəcən ekskrementin içindədirlər, üst-başlarına nəcis bulaşıb. Bu onunla izah olunur ki, işıqlı dünyada onların ağzından çıxanlar nəcis kimidir.
İstər-istəməz İmam Əlinin sözlərini xatırlayırsan: insanı ağızdan girənlər deyil, ağızdan çıxanlar murdar eləyir.
İngilislərin “Brown nosing” – burun p..u adlandırdığı yaltaqlar istər klassik, istərsə də müasir ədəbiyyatın ən populyar personajlarıdır. “Otello”dakı Yaqo (Şekspir), “Üzüklərin ağası”ndakı Grima Wormtongue – Murdarağız Qrima (Tolkien), “Xameleon”ndakı Oçumelov (Çexov) və s. kimi.
İnsanların “uşaqların çörəyi naminə”, yaxud məcburən yaltaqlığa qurşanması ilə bağlı danışılanlar sadəcə mifdir, amma… Yaltaqlıq anadangəlmədir, yoxsa sonradan qazanılan keyfiyyətdir? Sözsüz, bu barədə düşünməyə dəyər.
İstənilən halda, Böyük Fransa inqilabının əhəmiyyətli fiqurlarından biri, mason və qraf Mirabonun bu məsələylə bağlı dedikləri həqiqətlə səsləşən fikirdir: “Könüllü qulların yaratdığı tiranlar, tiranların yaratdığı qullardan çoxdur”.
Çoxumuzun tarixçi kimi tanıdığı qədim yunan filosofu Plutarxın “Dostu yaltaqdan necə ayırmalı” adlı orta həcmli gözəl bir əsəri var. Çoxdan dilimizə çevirmək istəyirəm, inşallah, gün olar çevirərəm. Hələlik isə həmin əsərdən kiçik parçanı diqqətinizə çatdırıram:
“Yaltaqlar ağacı içindən yeyən tırtıl, bədənə daraşan bit-birə kimidirlər; Onların sıradan, kasıb, tanınmayan adamlarla işi yoxdur, böyük evlərə, böyük işlər görülən yerlərə can atırlar; neçə-neçə səltənət, neçə-neçə imperiyalar məhz onların ucbatından dağılıb, yerə yeksan olub…”
Yeri gəlmişkən, Plutarxdan xeyli əvvəl Teforast adlı gözəl bir sənətkar olub. Onun otuz ədəbi portretdən ibarət “Xarakterlər” toplusu bir vaxtlar Avropada əl-əl gəzirmiş. Buradakı “xarakter”lərdən biri də yaltaqlıqdır. “Ağa şit zarafat eləyir, yaltaq dərhal plaşını ağzına tutur: guya gülməkdən özünü saxlaya bilmir” – əsərdə personajın xarakteristikalarından biri belədir. Elə bil, 2400 il əvvəl Yunanıstanda yox, bu gün Azərbaycanda yazılıb.
Ümumiyyətlə, klassik yunan ədəbiyyatından və tarixçilərin əsərlərindən bilirik ki, Attik dövrdə daimi “dostlar” institutu formalaşıbmış – hökmdarlar öz sarayında, zənginlər öz evlərində mütləq bir və ya bir neçə yaltaq “dost” saxlayırmış. Bir qarın yemək, “uşaqlarına çörək aparmaq” üçün bu adamlar yaltaq-yaltaq danışıb, ağanın könlünü xoş edirmiş. Başqa heç nə…
Bu adamları “parasit” adlandırırmışlar. Parasitos – əski yunancada “müftəxor, tüfeyli, başqasının süfrəsindən yeyən, başqasının hesabına dolanan” adam deməkdir. Bildiyimiz “parazit” sözü də burdandır.