Tərbiyəsiz rus "babuşka"sı

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

24 mart 2022
# 13:00

Ancaq, Tanrını sevirsən, tələsmə! Özün də görürsən ki, burada “ölçü-biçilik” də işə yaramadı, sən barı “heç olmaya nəsə” ilə özünü ovutmağa çalış! “Heç olmaya nəsənin”, az olsa da, yenə nəsə bir dəyəri vardır. Yavaşcadan, tələsmədən, dua edərək gedirsən, bir də onda görürsən ki, gəlib məbədə çatmısan!

Saltıkov Şedrin “Liberal”


– Ay “xeste”, bu şeylerle heç minerler metroya?

– Nə bilim, ay nənə, sən Allah bağışla.

Bu dialoqu hər dəfə Novruz bayramı ərəfələrində xatırlayıram. Tələbəlik vaxtlarında həmişə olduğu kimi bayrama Lerikə gəlmişdim. Bayram bitəndən sonra Bakıya qayıdacaqdım. Anam də mənim üçün xeyli hazır yeməklər, kartof, nə bilim, yağ-şor, lavaş, ləvəngi filan qoymuşdu. Taksi düz məni evə aparacaqdı. Elə oldu ki, şəhərin girişində maşın xarab oldu.

Mən də məcbur olub “İçərişəhər” metro-stansiyasına girdim. Qanım qaralmış, dilxor olmuşdum. Bir əlimdə, təxminən, 10 kiloluq kartof kisəsi, bir əlimdə İran “sumkasında” hazır yeməklər, çiynimdə paltarlarım, bir sözlə yesir günündə eskalatorla aşağı enirdim. Birdən nə olsa yaxşıdır? Kartof kisəsi cırılıb, yerə düşdü. Kartoflarım eskalatordan aşağı enməyə başladılar. Kiminin başına, kimin ayağına, kiminin əlinə dəyə-dəyə aşağı diyirlənirdilər. Elə bir xəcalət təri tökürdüm ki, onu burda sözlə ifadə edə bilməyəcəyəm.

Üstəlik, hələ utanmaz-utanmaz başladım kartoflarımı yığmağa. Onlar mənim iki aylıq azuqəm idi. Onlarsız mən bir heç idim. Eskalatordakı kartofları yığdım, hətta bir neçə təmizqəlbli insan da mənə kömək edirdi. Ətrafa səpələnmiş kartofları gətirib mənim kisəmə tökürdülər. Onlara dərin minnətdarlığımı bildirirdim.

Qərəz, bütün kartoflarımı, demək olar ki, yığmışdım. Metronun içində bir az qalmışdı. Onları da bir-bir əyilib adamların qabağından götürürdüm. Kartofları yığa-yığa gəlib çatdım bir qoca rus “babuşkasının” yanına. Elə onun üzünə gülümsəyərək, ayağının yanındakı kartofumu götürmək istəyirdim ki, birdən bu babuşka götürüb bir təpik vurdu kartofuma, əvvəlcə rusca söydü, sonra da dedi ki, “ay xeste, bu şeylerle heç minerler metroya?”. Gözlərim doldu, heç bilmədim nə edim. Bir təhər dikəlib onun təpik vurduğu kartofumu da götürüb kisəmə atdım. Daha ona heç nə demədim. Bu anda metroda səslənirdi:

– Əziz Bakılılar və şəhərimizin qonaqları...

***

Yəqin ki, hamınız “Google”da axtarış verərkən, internet olmayanda açılan dinozavr oyununu görmüsüz. “Space” (boşluq) düyməsinə basandan sonra hərəkətə gələn balaca dinozavrın qarşısına kaktus ağacları, qarğalar və bir sıra başqa maneələr çıxır. İdarə etdiyiniz dinozavrı bacardığınız qədər həmin maneələr toxundurmadan, ən uzağa aparmaq oyunun əsas məqsədidir.

Bu oyun internet olmayanda belə, insanların başını qatmağa, onları nəyin bahasına olursa, olsun, kompüterin qabağından ayırmamağa xidmət edir.
Bu dinozavr ilə “Google” şirkəti, “internet olmasaydı, dinozavrlar dövrünə geri dönərdiz” mesajını da verir.

Yalnız internet olmayanda qısa müddətə yada düşən və oynanılan bu oyun məni həddindən çox kədərləndirir. Oradakı dinozavra yazığım gəlir.

Oyunun qəribə tərəfi odur ki, sonu yoxdur. Elə hey, getdikcə-gedirsən. Ta ki, nəyəsə dəyənə qədər.

Əslində, bu oyun tamamilə yaşadığımız həyatı ifadə edir. Sonu bilinməyən, axırının necə olacağı haqqında bir fikrimiz olmayan, hər an ölüm təhlükəsi olan həyatda düm-düz irəliləyirik. Qabağa getməkdən başqa bir yolumuz yoxdur. O yolda hərəkət etməyə məcbur və məhkum olmuşuq. Qarşımıza hər addımbaşı cürbəcür əngəllər çıxır. Onları aşmalıyıq və yenidən irəliləməliyik. Hətta dayanmaq haqqında düşünmək də bir saniyənin içində bizi məhv edə bilər.

Lerikdəyəm. Bayrama görə hər bir azərbaycanlı kimi öz dədə-baba yurduma, rayonuma gəlmişəm. Bir metr qar var. Bir metr qar olmaqla bərabər, duman, çən, nisgil, kədər və darıxmaq da, şübhəsizdir ki, var. Burda insanın düşünməyə çox vaxtı olur. Nə istəsən düşünə bilirsən. Heç kim sənə qarışmır. Heç kim səni narahat etmir. Elə bu anlarda həmin dinozavr haqqında düşünürəm.

O dinozavrı insana, getdiyi ağ-qara, boz yolu isə həyata bənzədirəm. Heç bir məqsədi olmaya-olmaya irəli getmək və yalnızca sağ qalmaq uğrunda mübarizə aparmaq bizim ortaq cəhətlərimizdən biridir. Ümumiyyətlə, mən həyat haqqında dərin düşünən adam deyiləm. Belə şeyləri heç sevmirəm də. Sadəcə niyəsə Lerikdə ağlıma axmaq-axmaq fikirlər gəlir.

Kamyünün Sizifində də eyni şeydir. Tanrılar tərəfindən cəzalandırılan Sizif, yekə bir qayanı yüksək zirvəyə qaldırmağa məhkum olur. Sizif qayanı dağa qaldırmağa başlayır. Hər dəfə zirvəyə bir addım qalmış Tanrılar daşı ən başa qaytarırlar. Sizif də yenidən daşı zirvəyə qaldırmağa başlayır. Və bu sonsuza kimi davam edir.

Məncə ordakı dinozavr da elə Sizif kimi xoşbəxtdir. O, hədəfə çatmaq barəsində düşünmür. Onun tək vəzifəsi qarşısına çıxan maneələri adlamaq və bacardığı qədər çox irəliyə getməkdir. Çünki qarşısındakı ucsuz-bucaqsız yol müəmmalı və sirlidir. Onu qabaqda nəyin gözlədiyini bilmir.

Son zamanlar dəb olan şarlatan biznes və özünü-inkişaf yazarları necə deyirlər:

Hədəfə gedən yol, hədəfin özündən daha yaxşıdır.

# 5177 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #