Plyajda qadınları çəkib paylaşan "qeyrətli" oğlan

Plyajda qadınları çəkib paylaşan "qeyrətli" oğlan
20 iyul 2022
# 16:10

Kulis.az Vüqar Babazadənin "Dəlixana fabulası ətrafında" adlı yazısını təqdim edir.


Bismillahir-rəhmanir-rəhim

Bu gün sosial şəbəkələrdə bir video tirajlanır. Düzü, bu gün yazı yazmaq niyyətim yox idi. Amma bəzən yazı özü gəlib sənə deyir ki, “yaz məni, yaz məni”. Ona görə də bu cür quymaq kimi mövzunu heç kimə etibar etmək istəmirəm, gərək özüm yazam.

Video Nabranda bir istirahət mərkəzində çəkilmişdir. Bir kişi cinsli, amma mənşəyi bilinməyən məxluqat istirahət mərkəzində dincələn qadınları videoya çəkərək təhqir edir

Videoda görünür ki, oğlan hovuzda üzən qadınları çəkib deyir:

“Hansınızın bacısıdır, deyin çəkməyim. Qeyrət çəkənlər hanı?”

Düzü, ola bilər ki, bu yazıda sivilliyimi itirdim. Bəri başdan bütün oxucularımızdan, o cümlədən, redaksiya heyətimizdən üzr istəyirəm. Yaxşı olar ki, uşaqlar, ürəyi zəiflər, qocalar, hamilə qadınlar, əlillər, psixi xəstəlikləri olanlar oxumasın. Çünki bəzi adamlara qarşı mənəvi şiddət görə bilərsiniz. Bu yazı, ümumiyyətlə, “18+”dur.

Ona görə də indidən kəmərləri bağlayın, getdik.

Bu video o qədər sarsaq videodur ki, normal düşüncəli adam o videoya baxandan sonra ən azı bir neçə hüceyrəsini itirməlidir. Şəxsən, mən, videoya baxandan sonra ağzım əyildi. Hansısa bir dahi demişdi, doğrudan da, adam bu cür şeylərdən sonra həmin ifadəni dərisində hiss edir. Dahi demişdi ki, “ən böyük əzab Qərb təfəkkürü ilə, Şərq ölkəsində yaşamaqdır”. Doğrudan da, bu belədir. Əksini iddia edənlərə deyin ki, getsinlər hoppansınlar.

Oğlan sonda özünü də çəkir. Baxırsan ki, saçları adamın saçına oxşayır, gözləri, qulaqları, burnu adamdır, dərisi adam dərisidir, dişləri var, dili var, əlləri tutur, ayaqları işləyir, daxili orqanları insandakı kimidir, nə bilim daha, insana aid nə varsa, bu oğlanda da var. Amma bir az diqqətlə baxırsan, görürsən ki, heyrət ey büt, bu insan deyil, əcaib bir məxluqdur. Bu həvəssiz seksdən əmələ gələn “qeyrətmetr” nəsə insana oxşamır. Başqa bir şeydir, bədəni insan bədənidir, başı nəsə eşşəy başıdır. Hər dəfə də “eşşək”dən istifadə edirəm, amma təəssüf ki, söyüş söyməyimə qadağa qoyulub. Siz hələlik eşşəklə yola verin.

Əsl yay mövzusudur. Ver bunu mənim əlimə, geninə-boluna yazım. Sonra məni söhbətə çağırsınlar ki, “qaqa sən orda həvəssiz seksdən əmələ gələn kimə deyirdin?”

Qeyrət barometrləri doluşublar yenə, adam bilmir başını götürüb hara gedə?

Şortik geyinirsən, bir çolkalı oğlan gəlib deyir ki, “ia, ia, ai, ai, ham, ham, mööö, möö”.

Nə bilim yaydı da, bir az rahat geyinən qız görən qeyrət dağarcığı dərhal peyda olub qıraqdan deyir ki, “ia, ia, ia, hav-hav-hav”.

Plyaja gedirsən kimsə deyir ki, bu kimin qardaşıdır? Bu kimin bacısıdır? Oturduğun yerdə kimsə gəlib səni peysər çıxardır. Qalırsan belə ki, bəs mən neynəyim? Hmm?

O videonu çəkən adamla, o videonun altında “düz edirsen qardash, ehsen sene, sen bize qeyretsiz qadinlari görsedirsen, sen esil veten oqlusan, halal olsun, azerbaycnanıin qeyretli oqullarina, ewq olsun sene. Bizm Nigarimiz, Tomrisimiz, Nüshabemiz, Hecerimiz var. Kishi oz arvadini denize, hele-hele liftçik-tumanda buraxmamılıdır”-zad yazan degenratlara:

Çox hörmətsiz degeneratlar, yazıb sizə bildirmək istəyirəm ki:

1. Düzü bu cümləni yazmaq ağlımın ucundan belə keçməzdi, amma həyat bəzən adamı hər cür cındır hərəkət eləməyə məcbur edir.

“Plyaj – Çimmək və ya günəş vannası qəbul etmək üçün istifadə edilən dəniz, göl və çayın qumlu və ya çınqıllı sahil zolağı; çimərlik”.

Aha, deməli, Plyajın nə olduğunu artıq öyrəndik. Plyaj nədir? Qısaca, çimmək üçün yer.

Bəs yaxşı necə çimirlər?

Paltarlarını çıxarıb, çimərlik paltarı geyinərək və sərinlənmək üçün çimirlər.

Deməli nə oldu? Çiməndə çimərlik paltarı ilə çimirlər.

Daha durub sviterlə, nə bilim, yun köynəklə, plaşla, palto ilə çimmirlər.

2. Videoya baxırsan ki, oğlanın özü də hər kəsin yarıçılpaq olduğu yerdədir. Əgər özün də lütsənsə, onda başqa insanların lüt olmağına necə rişxənd edə bilərsən və onları çəkə bilərsən?

3. Bunu da o əsəbi və varavskoy qaqaşlar üçün yazıram, işverənlik kimi çıxmasın, gedin tutun nə istəyirsiz edin. Üzr istəyib, canını qurtarmasın.
Ay o videonu çəkən, təkhüceyrəli varlıq. Bəlkə, orda hansısa yaxşı oğlanın bacısı var? Hmm? Bu nə “pezpantovi” hərəkətdir?

Ölkədə hər cür seqmentdən, hər cür qruplaşmadan olan adamlar olmalıdır. Biri feminist olmalıdır, biri dindar, biri ateist, biri patriot, biri gey, biri sünni, biri vəhhabi, biri xristian. Hər cür adam olmalıdır. Ki, rəngarənglik olsun, boz və mənasız həyatdan sıxılmayaq. Amma nə olursa, olsun, adam gərək “gij” olmasın. Ağlı olsun. Əgər adam gic oldusa, belə hərəkətlər edəcək.

Bu oğlan da indi guya şirinlik eləmək istəyirdi, qoydular aşırtdılar. Ən yaxşı vəziyyətdə mənəvi olaraq sındırıb, amorf edəcəklər. Düz edəcəklərmi? Düz edəcəklər. Belə adamlar bədbəxt olsalar daha yaşxıdır. Başları qarışar öz işlərinə.

Mollaların zibilləridir hamısı. Birmənalı olaraq bu belədir. Əlbəttə bu cür məqamlarda hər kəs günah keçisi axtarır. Ehtiyac yoxdur, gedin bir az araşdırın, görərsiz ki, mollalar deyir və təbliğ edir ki, həyat yoldaşlarınızı, bacılarınızı, analarınızı dənizə qoymayın. Onların bədənlərini naməhrəm kişilər görməməlidir.

Bəs nə edək, ay çuşka? Dənizi evə gətirək, ya dənizi bağlatdıraq ki, nədi-nədi mənim arvadımın, bacımın, anamın sağrı əzələsinə, ya döşünə hansısa naməhrəm kişi baxar, vəssalam. Gərək ya özümü öldürəm, ya o kişini, ya da bacımı, arvadımı. Bəs QEYRƏT? Bəs NAMUS? AHH, NAMUS, SƏN BİZİM HƏR ŞEYİMİZSƏN.

Namuslu olmaq, qeyrət çəkmək bu dünyada ən asan işidir, vallahi-billahi. Nə var ki? Arvadını dənizə qoyma, ol namuslu. Bacının geyiminə qarış, ol qeyrətli. Məhəllədə bir az findi-furuş qızların adını fahişə çıxart, ol ən qeyrətli. Gətirin ordan bir dənə qeyrət kuboku.

Bacarırsan, insan ol e. İnsan ol görüm necə olursan? Haqqını taplatdırma, haqqı tapdalananın yanında ol, vicdanlı hərəkətlər et, düz ol, fərdi əxlaqın olsun. Zırt. Olarsan.

Təsəvvür edəndə ki, o videonu çəkən və o videonu bəyənən adamlarla eyni yerdə yaşayıram, dəhşətə gəlirəm. Tutaq ki, o videonu bəyənən adamlardan hansısa biriylə metroda toqquşuruq, hansısa biriylə marketdə kassir işləyir, hansıylasa yolda qarşılaşırıq, hansıylasa restoranda baxışırıq.

Fikirləşdikcə tüklərim biz-biz durur. Yəni bu cür qatil təfəkkürlü, bədbəxt və yarımçıq adamlarla necə eyni bir yerdə yaşamaq olar? Onlarla nə danışasan, necə deyəsən axı, ay bədbəxt, sən niyə özünü inkişaf etdirməmisən, mərhələ aşmamısan? Hələ də ikinci sinif təfəkküründə qalmısan? Həqiqətən faciədir. Özümə təcili maşın alıb, adamları az görməli, az kontakda olmalıyam. Əgər siz də normal düşüncəli adamlarsınızsa, məsləhət görürəm ki, bunu yoxlayasız. Taksiylə gedib-gəlin ki, adamları az görəsiniz. Cəhənnəmə pulunuz çox çıxsın, amma əsəbləriniz sakit olar.

Bineyi-qədimdən bir az ağlı kəsən adamlar həmişə millətinin, ümmətinin, xalqının, bir az daha ağıllılar isə bütün millətlərin, bütün ümmətlərin, bütün xalqların dirçəlişinə, rifahına, yüksək mədəniyyətə yiyələnməsinə çalışıblar. Mən də “bir az ağlı kəsən” biri olduğumdan çox istəmişəm ki, bizimkilər düzəlsin. Hətta yazıb-pozmağım bir yana, dəfələrlə nəzir-niyaz da vermişəm bu niyyətlə. Amma düzəlmir ki, düzəlmir də.

# 5429 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #