Kulis.az Fərid Hüseynin "Ədəbiyyatımızda “üşənmə” və sarsılma problemi..." adlı yazısını təqdim edir.
Hörmətli və əziz Azad müəllim!
Əvvəla Eldar Baxışın şeiri haqqında yazdığım məqaləyə cavab olaraq qələmə aldığınız mətndə şəxsim barədə dediyiniz xoş fikirlərə görə Sizə təşəkkür edirəm. Nə yaxşı, ədəbi mətbuatımızda bədii söz xüsusunda polemikalar, fikir mübadilələri davam edir. Nə xoş ki sözümüz-söhbətimiz şeirdir, “davamız, söz davasıdır”. Yazıma fikir bildirdiyinizə görə Sizə minnətdarlığımı çatdırıram.
Həmvətənlərimizi yaxşı tanıdığıma görə əminəm ki, onsuz da hər kəs mübahisənin sonunda öz fikrinə sadiq qalacaq, amma yenə də bu bihudə zəhmətə qatlaşıb yazınıza cavab verməkdən də özümü saxlaya bilmirəm.
Üzdən getmək...
1. Yazırsınız ki: “Eldarın ÜRƏKlə NƏFSi dəyişik saldığını düşünür və deyir ki, insanı hansısa qadının dalınca ürək yox nəfs çəkir...”
Azad müəllim, Məhəmməd Füzulinin “Səhhət və “Mərəz”indən bixəbər olmayanlar bilir ki, ruh qəribdir. Onun üçün də daim özünə Vətən axtarır. Və bədən özünə müvəqqəti vətən seçir. Ruh Bədəndə əvvəlcə Mizacı (təbiət, xasiyyət) özünə həmdəm seçir. Onların yaxınlığından Səhhət doğulur. Burdan aydın olur ki, insan Ruhu yaradılışda pak, yəni, sağlam olur. Onun üçün Ruhun övladı Səhhət – sağlamlıqdır. Yəni, Tanrının bəxş etdiyi Ruhdan Səhhət – sağlamlıq – paklıq yaranır. Təəssüf ki, insan onu zamanla korlayır və Ruh öz sağlam övladını incidir. Nəticədə Səhhət korlanır, yəni, əzəli mübarizədə Mərəzə uduzur. Füzuliyə görə, insan sağlamlığını qorumaq üçün Ruhunu və onun övladı olan Səhhəti qorumalıdır. Deməli, bütün bu prosesdə qəlb kirlənmir, əgər qəlb kirlənsəydi, insan yaşadığı illər ərzində vicdan hissini büsbütün itirər və daha heç zaman ağı qaradan ayıra bilməz. Deməli, kirlənən və aldanan nəfsdir. Onu tanıyan isə qəlb. Bu mənada, aydındır ki, Eldar Baxış bu anlayışları qarışıq salıb.
“Can bədəndən çıxmayınca” ifadəsində can elə ruh deməkdir, sadəcə zaman keçdikcə söz təyinatını, işlənmə yerini dəyişib. Eldar Baxış “Ürək sizə sarı çəkirdi məni” deməklə, əslində, nəfsi nəzərdə tutmalı idi. Doğru olan budur. Əlbəttə, Eldar Baxış sufi şair deyildi, amma söhbət burada irfan əhli olmaqdan getmir, şair gərək sözü xalqın sınağından çıxmış mahiyyəti üzrə işlətsin.
Ümumən, qəlb, ürək, könül ifadələri ədəbiyyatımızda təyinatınca düzgün işlənilmir, yersiz sinonimləşmə bir sıra halda onları bir-birinə tən edir. Bu barədə ayrıca yazım olacaq deyə, söhbətin çürüyünü çıxarmaq istəmirəm...
XVIII əsrin sonundan sonra dünya ədəbiyyatında yenilənmə prosesi baş verdi, çox ənənələr aşıldı. Nəticədə şairlər anlayışlarla hesablaşmadılar – yəni, sözün kökünü anlamağa maraq azaldı, sonra bu prosesin qarşısını XIX-XX əsrlərdə ard-arda peyda olan ədəbi cərəyanlar qismən aldı. Çünki zamanında ədəbi cərəyan nümayəndəsi heç zaman bəlli, şifrələnmiş sözləri yersiz işlətməzdi. Məsələn, hansı futurist “güzgü” sözünü neqativ anlamda işlədər, yaxud hansı romantik şair “zaman” deyərkən bu günü nəzərdə tutar? Heç biri. Yəni, ədəbi cərəyanlar orta əsr kanonik ədəbiyyatının başqa formada zühuru idi. Sonrası isə məlum... Nə istəyirsən və necə istəyirsən yaz... “Dərə xəlvət, tülkü bəy”. Əsas odur ki, uydurulmuş normalara əməl elə, olacaqsan “sənətkar”.
Bizim şairlərin bəziləri hansı ədəbi şəcərədən gəldiklərini və hara getdiklərini çox zaman bilmirlər deyə ona görə də şeir həmişə “ovqat” məsələsi olaraq qalır. Belədə şair başı üzərində fırlanan mövzuları tutan “antenadır”. Yəni, mahiyyətcə texniki vasitə. Hansı şairi dindirisən, “mövzusu göydən gəlir”, bizim göylərlə mövzu alveri edən şairlərimizin sayı Çin ordusundan “çoxdur”. Ona görə də ədəbiyyatımızda “Hal şairləri”nin sayı nağıllarımızdakı hal qarıları “qədərdir”.
H.Cavidin cib dəftərlərinə baxın, o şeiri öncə mənaca yaradarmış, anlamını kağıza köçürərmiş, sonra formaca yaradarmış. Əks təqdirdə, o nə üslubuna sadiq qala bilərdi, nə də keşiyində durduğu ədəbi cərəyanın qaydalarına – anlayış sözlüyünə. Yarım əsrdən çoxdur o cür məsuliyyət ədəbi sözümüzə qarşı azalıb. Əksər şair özünü buraxıb “ilham pərisinin” ixtiyarına. Nə ola-ola...
Yaxud ustad Vaqif Bayatlı bizə vergili kimi təsir bağışlayan ecazkar misralarının üzərində hər zaman dəfə-dəfə işləyib. Onun şeirləri üzərində işləməsi təzə hadisə deyil. Yəni, şairin şeirinin üzərində işləməsi, boşluqları doldurması, düzgünlüyü təmin etməsi qətiyyən qüsur, yaxud ruhu korlayan bir məqam sayıla bilməz, bu peşəkarlıq əlamətidir. “Necə gəlib elə yaz” kor-koranəliyi çağdaş dünya poeziyasında ancaq gülüş doğurur. Yazıma yazılan rəylərdən də aydınlaşdırdım ki, şairin fetişləşdirməyə aludələrin sayı çoxdur. Olsun, neynək. Kiminsə dilindən qıfıl asmaq olmaz...
Bu həqiqətdir ki, həmin sözlər (qəlb, nəfs) haqqında danışdığım şeirdə qarışıq salınıb. Görünür, ustad şair üçün bu məsələ – qarışıqlıq o qədər də önəm kəsb etməyib, eləcə şeiri oxuyub bitirərək ondan ayrılan, düşünmək əziyyətinə qatlaşmayan, beynin qırışlarını dartıb açmaq istəməyən oxucular üçün də bu çaş-başlığın elə də ciddi önəmi yoxdur. Ola bilər... Heç on il öncə mən də belə şeylərə fikir verməzdim...
Qaçılmaz haşiyə:
Eldar Baxışın şeirini “oxuyanda üşünmüşəm” yazırsınız. Bilirsiniz, neçə onillikdir ki, bizim ədəbiyyatda mütaliə zamanı oxucular o qədər çox “üşənir”, sarsılırlar ki, nəticədə mətndən ancaq fiziki “həzz alırlar”, anlamaq ləzzəti isə qalır bir kənarda. Axı biz sizin “içinizdə deyilik” ki, “üşənmə”yinizdən xəbərdar olaq. Ona görə də əsaslanmaq eşqinə düşdüyünüz fikirləriniz havadan asılı qalır. “Üşənmək”dən, sarsılmaqdan, dizinə vurmaqdan, dilini dişləməkdən vaxt tapıb normal anlamağa da çalışmaq ədəbi vacibatdır. Bu cür “terminalogiya” təhlil ciddiyyətini öldürür. Doğrusu, dünyanın əksər ölkəsində bizim ədəbi mühit qədər “ah-uf” kriteriyası ilə mətnlər şərh olunmur, bədii fikir analiz edilmir.
Malı mala qatmaq azarı...
Yazırsınız ki: “Düşündüm ki, Fərid niyə belə edib? Cavabım bir qədər fərqli yozula bilər: Fərid Eldarın söz sehrindən çıxmaq istəyib. Qorxub, üşənib Eldardan. Axundov Füzulini necə tənqid etmişdisə, Cabbarlı Cavidə necə ilişmişdisə, Tolstoy Şekspirə necə ağız büzmüşdüsə, Fərid də Eldara elə ilişmək istəyib...”
Baxın, Tolstoyun Şekspiri bəyənməməsi, Axundovun “Füzuli şair deyil deməsi” fərqli məsələlər idi, yəni, bu xına, o xınadan deyil. Siz isə bunu sadəcə “ilişmək” kimi anlamısınız.
Axundov Füzulini ona görə bəyənmirdi ki, Füzuli yüz illərdir dünyada olmasa da, təqlidçiləri hələ də onun şeirini yazırdılar. Elə şairlər olur ki, daim başqasının şeirlərini yazır, fəqət bundan özləri də xəbərdar olmur. Axundovun həmin məqaləsini “üşənmədən” oxusanız görərsiniz ki, Qasım bəy Zakiri Füzulidən üstün tutur, bu, dərin mənada Füzuliyə ilişmək deyildi, realizmin təsir şiddətini ədəbiyyatda daha artıq görməmək istəyi ilə bağlı məsələ idi. Çünki Axundovun yazdıqları missiya ədəbiyyatı idi. “Füzuli şair deyil” deyən Axundov həmin məqalədə görün sonra nə yazır:
“Xəyalatında təsir yoxdur”. “Üşənmədən” izah edim: yəni, bu, “Füzulinin utopiyası xilas etmir, yol göstərmir” deməkdir. Sonra yazıda Axundov Molla Pənah Vaqif yaradıcılığına marağını büruzə verir, özü də onun şeirindəki məzmunu yox, anlaşıqlı dil məsələsini qabardır. Deməli, Axundov sadə və güzərana təsir edən şairi, çətin başa düşülən və mürəkkəb dil quruluşuna malik şairdən üstün tuturdu. Bəs elə təmsilçisi olduğu maarifçi realizm də bunu tələb etmirdi ki? Bunun harası ilişmək oldu və sizin apardığınız müqayisə öz “termininizlə” desəm, adamı “üşəndirir”, bir az fikrimi “sərtləşdirsəm” kökündən yanlışdır.
Tolstoy isə Şekspiri boş yerə tənqid etmirdi, deyirdi ki, Şekspir əsərlərində hər şeyi insanın xarakterindən asılı olmasını qabardır, din, mənəviyyat insan xarakterindən aşağıda dura bilməz. Bu intibah düşüncə sisteminin əleyhinə olan subyektiv irad idi. Özü də bu o zamanlar idi ki, Tolstoy öz mükəmməl yaradıcılığı barədə də xoş fikirdə deyildi: “Fəlsəfi traktatlarımdan özgə yazdıqlarım əbəsdir” deyirdi. Lakin bu da ilişmək deyil, bu iki sənətkar arasında düşüncə mərtəbələrinin bariz fərqi idi. Amma başqa bir məsələ də var, Tolstoyu qıcıqlandıran o idi ki, Şekspiri “üşənərək dərk edənlər” onun yaradıcı təyinatını yersiz yerə şişirdirdilər. Yəni, Şekspirin mütəfəkkir kimi qələmə verilməsi Tolstoyu hövsələdən çıxardırdı. Qoca qraf haqlı yerə deyirdi ki, Şekspirin ideyaları müxtəlif, qarışıq fikirlərdən doğur, məsələn, bir əsərində dediyini başqa bir faciəsində danır, situativ düşüncələr, situativ qəhrəmanlar konseptual fəlsəfə yarada bilməz. Konseptual fəlsəfəsi olmayan adam necə mütəfəkkir adlandırıla bilər? Nə isə, bu xüsusda çənəmi çox yormaq istəmirəm... Corc Oruelin “Şekspir və Tolstoy” adlı məşhur məqaləsində bu velosiped çoxdan “kəşf olunub”...
Gizlətmirəm, Sizin müqayisənizdə adımı o dahilərin sırasında oxuyub “ÜŞƏNDİM...”
Dostanə...
Yazırsınız ki, “Eldar hələ də dostumdur”. Yəni, onun şeirlərinin müdafiəsinə qalxmağa özünüzü mənən borclu hesab edirsiniz. Yeri gəlmişkən, Eldar Baxış mənim də dostumdur, onun əsərlər toplusunu nəşrə hazırlamışam, ön söz də yazmışam və dövrünü nəzərə almaq şərti ilə mənim də sevimli şairlərimdəndir. Yaxşı şairin ən yaxın dostu isə onunla birgə çalışan adamlardan daha artıq, onu daha dərindən duyanlardır. Bu mənada Puşkin də mənim dostumdur, Əsma Əzizə də, Adonis də, Blok da, Hadi də, min rəhmətlə andığım Eldar Baxış da... Kiməsə ilişməkdən isə söhbət gedə bilməz, mənə bələd olanlar yaxşı bilir ki, heç zaman “suyu bulandırmaq istedadı” ilə seçilməmişəm. Mən söz atıb məşhurlaşmaq dövrünü çoxdan geridə qoymuşam. Üzümə taybatay açıq olan mətbuatımızda bunu etmək istəsəydim çoxdan bacarardım...
Qərəz...
Qaldı ki, “dodağa toxunmaq”, “dodağa baxmaq” ifadələrin eyni mənaya gəldiyini dil daşıyıcıları hamısı yaxşı bilir, amma tərcümədə o məsələlər ciddi problem yaradır. Şair sözlərdəki dəqiqliklə yaradıcılığının ilk tərcüməçisi olur. Əlbəttə, mən də bu torpağın oğluyam və “dodağa baxmaq” ifadəsinin anlamını aydın dərk edirəm. Sadəcə umduğum fikri dəqiqlikdir... Bu isə, əlbəttə, ola da bilər, olmaya da... "Sümüyü sürmə olmuşdu" ifadəsi haqqında yazdığınız iradınızla isə razıyam.
Ümumən...
Mən bu yazıları – “Kor-koranə sevdiyimiz şeirlər” layihəsini ümumi ədəbiyyat kontekstində düşünmüşəm, burada əsas məqsəd oxucuların zövqünün “təftişidir”, nəinki müəllifləri tənqid etmək. Ola bilər ki, bir şair şeiri daha çox ruhi vəziyyətlə yazır, amma sonradan o vəziyyət, bir kəsim "şair" üçün norma kimi qəbul edilir. Belədə bu dəsti-xətt öz şeir yolunu tapa bilməyənlər üçün "haqq mərkəzi"nə, ədəbi istinadgaha çevrilir. Nəticədə nə yazdığını bilməyən bütöv bir "ədəbi axın" peyda olur – "kor-koranəlik" ustad şairlərin asan anlaşılan şeirlərində özünə "qiblə" tapır. Şəksiz ki, mən öz zövqümü norma kimi təqdim eləmirəm, bu da sadəcə bir baxış bucağıdır, kiməsə məntiqli gələ bilər, kiməsə söz xatirinə deyilmiş söz kimi. Anlayışla qarşılayıram. Fəqət böyük şairlərin asan anlaşılan şeirlərlə sevilməsi əzəli şansızlıqdır. Tam əminliklə deyirəm ki, əsl Eldar Baxış – onun ədəbi kimliyi tamam başqa şeirlərindədir...
Heç şübhəsiz, mən poeziyanın robotlar tərəfindən ərsəyə gəlməsini ummuram, şeirdə, poeziyada havacatın, atmosferin gətirdiyi məqamları da yaxşı bilirəm. Özüm də şairəm. Nizami demiş: “Anası ölmüşə öyrətmə şüvən”.
Hörmətli və əziz Azad müəllim!
Sonda görkəmli şairimiz Eldar Baxışa Allahdan rəhmət, sizə isə onun torpağı sanı sağlam, hər anı yaradıcılıq bəhrələri ilə dolu uzun ömür diləyirəm...