Kulis.az Aytac Sahədin "Risk və reallıq" adlı yazısını təqdim edir.
"İnsan atasının qazandığının uzağı iki mislini qazana bilər, əgər onu da qazana bilsə". İllər öncə bir müəllimim demişdi bu sözü. Necə acığım tutmuşdu ona, necə əsəbiləşdirmişdi bu söz məni.
Çünki möcüzələrə inanırdım o vaxtlar. Çünki o vaxtlar elə bilirdim, bir şeyi qazanmaq üçün bir arzu, bir də çalışmaq kifayət edir. Ancaq sonralar başa düşdüm ki, olmur, nə edirsənsə, et, bəzən sadəcə olmur. Əlbəttə, sonralar bunun əksini mənə sübut edən adamlar da tanımışam. O adamlar ki, istedadlı idilər, istedadları onları zirvələrə aparıb, o adamlar ki, çalışqan idilər, məhz çalışıb-vuruşub haralarasa çatıblar. Bir sözlə, onlar nəinki atalarının qazandıqlarının iki mislini, hətta on beş mislini də qazanıblar. Ancaq əvəzində nələr itiriblər, nələri fəda ediblər. Sadəcə şansı gətirənlər də olub əlbət. İstənilən halda istisnalar qaydaları pozmur.
Yox, mən qazanmaq, ya da itirmək deyəndə yalnız maddiyyatı nəzərdə tutmuram. Getdiyin yol, əldə etdiyin status da bu qazanca daxildir. Ancaq lap elə maddiləşdirsək də, müəllimim yenə haqlı çıxmış olar.
"Bəxt üzüyü" filmində qara-qura işlərlə özünə gün ağlayan Rasimi asan yolla pul qazanmaqda ittiham edəndə o, cavab verir ki: "Mən risk edirəm". Bu cümlə o qədər yerində işlənmiş cümlədir ki...
Bəli, hətta haram yolla qazananlar da nələrisə asan-asan əldə etmirlər. Risk məgər asan məsələdirmi?
Ümumiyyətlə, hərdən mənə elə gəlir ki, ən ədalətli quruluş elə kapitalizmdir. Çünki o heç nəyi insana əbəs yerə vermir, nə verirsə, mütləq onun haqqını alır. Ya səhərdən-axşama kimi işləyirsən, ya da Rasim kimi risk eləyirsən.
Bir sözlə, hansı yolu tutmağından asılı olmayaraq, əziyyət çəkirsən. Nail olub-olmayacağın da bir başqa məsələ.
Onu deyirdim axı. Müəllimim haqlıdır. Çətindir sıfırdan nələrisə qurmaq, yaratmaq, böyük-böyük arzuların arxasınca qaçmaq. Belə baxanda insan ömrü nədir ki - ortalama 75 il. Bu 75 ili də savaşlarda keçirməyə dəyərmi?
Hə, bir də uğur hekayələri var axı. Qan-tərlə yazılan hekayələr. Yazılarına hörmətim sonsuzdur, ancaq hər şeyi olduğundan asan təqdim edənlər sizi aldatmasın.
Bir dəfə 71 yaşlı bir kişinin qeydlərini oxuyurdum. Təxminən belə yazırdı: "Mən cavanlığımı yaşamadım, bütün həyatım əziyyətlə keçdi. Ancaq həyata qalib gəldim". Halbuki həyat həm də onun itirdiyi cavanlığındadır. Əksər uğur hekayələrində bu cümləni eşitmək olar: "Həyata qalib gəldim". Çox mənasız cümlədir. Həyat nə vaxt bizimlə mübarizəyə girdi ki, hələ bir qalıb də gələk. Həyat bizə bir ovuc xoşbəxtlik verir. Apar ömrünün harasında yaşayırsansa, yaşa. İstəyirsən cavanlığında özünü xoşbəxt zənn edib avaralan, istəyirsənsə də cavanlığında özünü çərlədib qocalığında kef elə. Hə, mən də razıyam ki, həyat mübarizədir. Ancaq "Mən həyata qalib gəldim" düşüncəsi boş söhbətdir. Biz hamımız həyatın məğlublarıyıq. Ya 20 yaşında dostlarınla hansısa ucuz kafedə oturursan, ya da bundan imtina edib 71 yaşında bahalı restoranda. Yox, əgər hər ikisini edə bilirsənsə, deməli, bunu sənə həyat öz xoşu ilə verib. Vəssalam.
Yox, pessimist deyiləm, ancaq əvvəlki kimi optimist də ola bilmirəm. Deyəsən, indi bir az realistəm. Müəllimimin reallığı artıq mənim də reallığıma çevrilib, təəssüf ki.