Elgizin adsız baş daşı

Elgizin adsız baş daşı
19 iyul 2022
# 17:00

Kulis.az Vüqar Babazadənin “Mənasızlığın fabulası ətrafında” yazısını təqdim edir.

Hamınızdan küsmüşəm. Ona görə də bu yazıda qətiyyən şirinlik-filan etməyəcəm. 6 dənə abzas yazacağam. Canınız çıxar, 6 dənə abzası oxuyarsınız. Adam da tanımadığı adama ermənisifət deyər? Mənim yerimdə kim olsa, indiyə abrına qısılıb, susmuşdu, amma di gəl arsızlıq edirəm. Əlim gicişir, yazmayanda özümü Elgiz müəllim kimi hiss edirəm. Doğrudan, söz gəlişi, görəsən, dünyada Elgiz müəllim kimi yaşamaq necə hissdir? Həyata bircə dəfə gəl, onda da Elgiz ol. Qəribədir. Dünən yenə gündəm olub axı. Deyib ki, mən öləndə vəsiyyət eləmişəm ki, başdaşı-filan olmasın. Nəyə lazımdır bu cür şeylər? Bir dənə daş qoyulsun bəsimdir. Elgizin baş daşını təsəvvür etmək, doğrudan da, çətindir. Elgizin adsız baş daşı...

Bir qonşum var, Cəlilabadlıdır, cavan oğlandır. Dünən məhəllədə dayanmışdıq. Daha dəqiq, qaz trubasının üstündə oturub söhbət edirdik. Qonşum siqaretini (siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur) yandırıb, sözə başladı ki, “barda Lepka vureyəm. Camaat içəridə nə hoqqadan çıxey, gəl görəsən. Dəlixanadı”. Susub, ona qulaq asırdım. Axşamtərəfi idi deyə küçədə-bacada adam gözə dəymirdi. Hərdən belim qaşınırdı. Qabağımızdan arabir maşın keçir, qonşum maşınlar gözdən itənə qədər onların arxasıyca baxıb, siqaretini sümürürdü. O nəsə yadına düşmüş kimi yerindən dik atılıb, danışmağa başladı. “Qulu var, sən tanımazsan. O biri tayda qaley. Nəysə, bu bir-iki dənə dostuyla gedib rayona qız qaçırtmağa. Qızın atası necəsə söhbəti öyrənib. Camaat tökülüşüb bunları döyüblər. Qulu danışey deyir, qəbiristanlığın yanında maşının içində oturmuşduq. Qəbiristanlığın iti də bizim maşının ətrafında hərrənirdi. Bir də gördüy bir talpa adam tökülüşdü. Dava-qırğın. Axırda bizi döyüb, göndərdilər rayondan. Maşına minəndə gördüm qəbristanlığın iti də qaçır maşının dalınca. Götürdüm, bunu da atdım bağaca. Salyana kimi maşında heç kim danışmadı. Özümüzə sığışdıra bilmirdik. Salyana çatanda arxada oturan dostum dedi ki, qız qaçırtmağa getmişdik, it qaçırtdıq”.

Belə bir hadisə. O mənə necə danışmışdısa, mən də sizə elə danışdım. Kaş istedadım nəhəng olaydı, bu söhbəti bəzəyib, düzəyib, daha maraqlı danışaydım. Neynək, əlimizdən bu gəlir. Daha söhbət açılıb, qoy sizə bir dənə əhvalat mən danışım. Unutmayın ki, hələ üç abzasım qalır. İstədiyim qədər danışa bilərəm. Onsuz da, oxumursuz. Oxuyanlar da başa düşmür.

Bir kişi varmış, hansısa bir kənddə. Bu kişi çox qaşqabaqlı, bədgüman, zəhmli kişiyimiş. Nə salam verər, nə salam alarmış. Xeyrə-şərə yaramazmış. Uşaqlara bircə dənə xoş söz deməzmiş. Üzü heç zaman gülməzmiş. Heç kim bu həyulə kişinin nə üçün belə elədiyindən baş açmazmış. Sözüm onda yox, günlərin bir günü bu kişi təzə bir ağac əkir. Hələ tingi basdırandan sonra camaat görür ki, bu kişidə ciddi dəyişikliklər baş verdi. Heç kimə salam verməyən kişi, bu tingi əkəndən sonra kənddə hamıyla mehriban davranmağa başladı. Uşaqların başını sığalladı, toyda-yasda görünməyə başladı, ailəsi ilə xoş davrandı. Hər gün də bu ağacı sulayırmış, ona diqqətlə qulluq edirmiş, bütün işlərini görürmüş. Budayırmış, əhəngləyirmiş, ətrafını səliqəyə salırmış, küləkdə-boranda-qarda xüsusi qulluq göstərirmiş. Əlqərəz, sözüm onda da yox. Aradan 10-15 il keçir. Bir də görürlər ki, bu kişi özünü həmənki ağacdan asıb, intihar edib. Adam nə qədər istəyir bu hadisəni oxucunun ixtiyarına buraxıb getsin, şərh verməsin, amma dayana bilmir. Sən demə, bu kişi öz ölümünü hazırlayırmış, ona qulluq edirmiş. Özünə qəsd edəcəyini bilib, rahatlayıbmış, hər kəslə mehriban davranırmış.

Qonşumla sağollaşdıq, gəldim evə. Yolda bir it çıxıb, ürkütdü məni. Girdim bir az yazdığınız söyüşlərə baxdım, dedim daha bu günlük bəsdir. Başımı atdım yatdım. 5 abzas oldu, bir abzas sizə borclu.

# 4029 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #