Anar Rzayev belə eləməz!

Vüqar Babazədə, yazar

Vüqar Babazədə, yazar

17 fevral 2022
# 13:10

Kulis.az Vüqar Babazadənin “Kəpənək effekti” adlı yazısını təqdim edir.

Son zamanlar “kəpənək effekti” üzərində xeyli düşünürəm. Adətən “kəpənək effektini” belə izah edirlər:

“Amazon ormanlarında qanad çırpan kəpənək, ABŞ-da fırtına qopmasına səbəb ola bilər”.

Yəni ki, bu fani həyatda hər şey biri-biriylə əlaqəlidir, hər şey başqa bir şeyin səbəbidir. Bu düşüncə məni həyəcanlandırır, eyni zamanda, başıma gələn bəzi hadisələrin məndən asılı olmadan baş verməsinə görə çox məyus oluram. Bir sözlə, gecə-gündüz bu haqda düşünürəm. Necə ola bilər axı, Çinin milyardlarla əhalisinin içindən bir nəfər çıxıb yarasa yesin, virus başlasın və mənə maskaya görə 100 manat cərimə yazsınlar. Bu necə bir xaotik möhtəşəmlikdir? Necə bir əlaqədir? Baş aça bilmirəm.

Bu haqda olmasa da, bizim də bir atalar sözümüz var: “Hər danışanın ağzına pambıq salsan, Salyanda pambıq qalmaz”. Hər halda, çox ibrətamiz kəlamdır.

Mən Suraxanıda yaşayıram. İşə gəlmək üçün iki avtobus, bir taksi dəyişirəm. Buradan göründüyü kimi, yolum xeyli uzaqdır. Maraqlanan oxucular üçün qeyd edim ki, tək qalıram və öz evimdir.

Səhər gözəl əhvalla durub işə gəlirdim. Əlimdə qəşəng bir kitab vardı, yolboyu onu oxuyacaqdım. Avtobusda bir tanışım mənim də gediş haqqımı vermişdi, artıq qalan 30 qəpiyimi bir dilənçiyə bağışlamışdım. Çayla içməyə qəşəng şirniyyatlar almışdım. Üstəlik, Zamin Hacının səhər saat 9-da yazısı çıxmışdı. Gedib sevə-sevə onu oxuyacaqdım. Üstüm-başım səliqəli və qarnım tox idi. Gah günəş çıxır, gah da yağış çisələyirdi. Bir sözlə, həyatdan bu səhər heç nə istəmirdim. Hər şey qaydasında gedirdi.

Bu vaxt bir anın içində illərdir aeroport yolunda görmədiyim tıxac başladı. Çox qəribə oldum. Əvvəlcə taksidə sürücü ilə qərar verdik ki, qabaqda qəza olub və buna görə belə tıxac yaranıb. Ən ideal variant bu idi, çünki belə tıxacın yaranmasına başqa heç nə səbəb ola bilməzdi. Sürücü yaşlı bir kişi idi. Başladı problemlərindən danışmağa. Mən də əvvəlcə qəza törədən maşınların sürücülərinə əsəbiləşdim. Çünki onlara görə bu boyda tıxac yaranmışdı. Amma sonra bu düşüncəmdən utandım. Onların həyatı təhlükədə idi. Mən isə öz rahatlığımı düşünürdüm.

Bir xeyli tıxacda addım-addım irəlilədik. Koroğlu metrosuna çatanda gördüm ki, “bu xına, o xınadan deyil”. Bu nəsə qəza yox, başqa bir şeydir. Çünki tıxacın sonunu görmək olmurdu. Yavaş-yavaş yuxarıda danışdığım xoş əhvalın yerini pis duyğular, əsəb, mənfi emosiyalar alırdı.

Bu uzun, incə yol bitmirdi ki, bitmirdi. İçimdə narahatlıq baş qaldırır, balaca, hər şeyə kövrələn, həssas ürəyim getdikcə sıxılırdı. Yenə ağlıma “kəpənək effekti” gəlirdi. Nə üçün başqasının etdiyi bir məsuliyyətsizlik ucbatından mənim qanım qaralmalı və işə gecikməliydim?

Bir saatdan çox tıxacda irəliləyəndən sonra üç yekə tır gördük. Onlar qəza zad etməyiblər. Sadəcə yolun ortasında dayanıblar və bütün nəqliyyat iflic olub. Bu hadisəyə də xeyli əsəbiləşdim ki, bu nə məsuliyyətsizlikdir. Adam da bu boyda tırları yolun ortasında saxlayar? Nə üçün tır şoferlərinin bu hərəkətinə görə mən bədəl ödəməliyəm? İşə gecikməliyəm, danlanmalıyam, əhvalım korlanmalıdır.

Birtəhər bu uzun yolu bitirib, güc-bəla ilə işə çatıram. İçəri daxil olan kimi gecikməyimin səbəbini izah edəndə, uşaqların gözlərində bir ifadə görünür: “Narahat olma, bizim hər şeydən xəbərimiz var”.

Kompüterimi açan kimi tıxacın səbəbini anlayıram. Sən demə, 4 yük avtomobilinin sürücüsü yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə etirazlarını bildiriblər. Etirazlarının səbəbi isə dövlət qurumundan icazə vərəqələrini ala bilməməkləridir.

Özümü bir anlıq tır şoferlərinin yerinə qoyuram. Düşünürəm ki, əgər Nəqliyyat Xidmətinin rəisi yox, AYB-nin sədri Anar Rzayev mənə çap olunmağa icazə verməsə, mən də, yəqin ki, əlacsızlıqdan belə bir üsula əl ataram. Amma bizim Anar müəllim elə şey etməz.

Kəpənək effektini bir daha xatırlayıram. Başa düşə bilmirəm ki, mənim tıxacda qalıb işə gecikməyimin səbəbi tır şoferlərinin yolu bağlamağıdır, yoxsa Anar Rzayevin onlara icazə vərəqi verməməsi. Bəlkə də, heç birində günah yoxdur. Mən başqa yolla getsəydim, bunları görməyəcəkdim. Lap, bəlkə də, mən dünyaya gəlməsəydim, bu şeylər başıma gəlməyəcəkdi. Həyatın bu cür sirli tərəfi məni həm narahat edir, həm də yaşamağa daha da ruhlandırır.

Səbəb-nəticə əlaqələrinin içində aldığımız qərarlar, başımıza gələn hadisələr, yaşadığımız anlar bizim kim olmağımıza, özümüzü tanımağımıza güzgü tuturmu? Bu qədər şeyin içində mən kiməm və başıma gələn hadisələrə görə kim məsuliyyət daşıyır?

# 3026 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #