Qul olmaq üçün növbəyə duran yazıçılar

Qul olmaq üçün növbəyə duran yazıçılar
15 fevral 2021
# 11:38

Kulis.az Mehman Qaraxanoğlunun "Ədəbi sezintilər" silsiləsindən "Virtuoz riyakarlıq" yazısını təqdim edir.

Dörd divar...
Onlar “qoşalaşıb”, üz-üzə dayanıb bir-birinə baxırlar...
Bəşəri ədalətsizlik və qəddarlıq burada da öz sözünü deyir; üz-üzə dayanan divarların birində qapı, digərində isə pəncərə vardır...

***

Müharibədən sonra yaradıcı adamların daxilində qəribə bir boşluq yaranır, elə bil ki, qumarda böyük pullar uduzublar. O pulları qaytarmaq üçün onlar dava-dalaş salmağa da hazırdırlar...

***

Əgər məndən azadlığın yerini soruşsanız, cavabım belə olacaq: Dil! Dildə azadlıq, əsasən, feilin azadlığıdır. Bizdə isə feili ömürlük həbs cəzasına məhkum ediblər...

***

Müharibələrdə pafoslar da ölür...

***

Müharibə bitib. Amma oxucu yenə də qan görmək istəyir...

***

Poeziya nədir? – sualı ta əvvəldən düz qoyulmayıb! Guya heç kəs də ona dürüst cavab tapa bilmir. Amma etiraf etmirlər ki, sualın bu cür qoyuluşu onlara sərf edir. Bu elə bir klassik və virtouz riyakarlıqdır ki, hər dəfə orijinal “poza” tələb edir...

***

“İnsan niyə yazır?” sualının ən sadə cavablarından biri də hamıya tanış olan bayatımızın son iki misrasındadır: “Gündə bir kərpic düşür, Ömrümün sarayından”. Əslində, yazmaq düşən kərpicləri yerinə qoymaq cəhdlərindən biridir. Biz özümüzü inandırmışıq ki, yazmaqla ölümsüzlük qazancağıq. Bəlli olur ki, bu, baş tutan iş deyil; bir az əvvəl gözümüzün qabağında qopub düşən kərpici yerinə qoymaq istəsək də, qalmır - yer həmən yerdi, kərpic də həməndı, amma zaman həmən deyildir...

***

Ədəbiyyatın ağzını hərdən şumluğa salmaq lazımdır. Atları da bəzən bu cür sınaqdan çıxarırlar...

***

Telefonlarımız kilidli olarkən ekranda “hökm” oxunur: “Kilidi açmaq üçün ekranı çək”. Anlayırsınızmı, bütöv bir ekranı! Ən kiçik diskurslara yanaşarkən də həmin simvolik səsi fərqli bir şəkildə eşitməliyik. Sən məni necə inandıracaqsan ki, Borxesin “Doqquzuncu qul” adlı kiçik bir hekayəsi insanlığın bütöv bir acı xronikasını nəzərdən keçirməyi və ya ucsuz-bucaqsız “ədəbiyyat ekranı”na baxmağı tələb etmir?! “Şirvanşah İbrahim əyilib fatehin taxtını öpdü. Onun bəxşişləri, tatarların dediyinə görə, hər biri doqquz ədəd olan ipək parça top və atdan ibarət idi, amma qulların sayındakı əskiklik müşahidəçinin gözündən yayınmadı - səkkiz. Doqquzuncu mənəm, - İbrahim dedi. Bu yaltaqlıq Teymurun təbəssümü ilə mükafatlandırıldı”.
Bu gün doqquzuncu olmaq üçün növbəyə dayanan yazı adamlarını gördükdə (Əslində, onlara “yazı adamı” demək doğru deyil. Çünki onlar üçün “adam” və “yazı” başqa-başqa anlamlar kəsb edir!) sükutun kainatın dili olduğuna inanırsan...

***

Bəziləri üçün ədəbiyyat o banal rəsmdə olduğu kimi, şəlalə qabağında otlayan ceyrandır. Hələ durub and da içirlər ki, biz ot iniltisi və şəlalə səsini də eşidirik...

***

Ədəbiyyatın qaydasız döyüş olduğunu dərk etməyənlər zəhlətökən inilti və sızıltılarla toplumun (azarkeşlərin) diqqətini cəlb etmək istəyirlər. Amma alınmır. Çünki azarkeşlər qan görmək üçün buraya toplaşıblar...

***

Heç bir müharibə cəmiyyətdəki depressiv simptomları müəyyən edib, ağrı mərkəzlərini bombalamır. Müharibə utopik sərxoşluqdur. Normanı aşandan sonra məgər sənin üçün fərqi varmı ki, içdiyin yüzillik, ya da birillik çaxırdır?!

***

Sovet ədəbiyyatı protez dişlərin atıldığı ümumi su ləyənidir. Sən başqalarının dişləri ilə də çeynəməyi bacarmalısan. Cavidləri, Müşfiqləri... “yad” dişlərlə öz dostları parçalayıb çeynədi. Ənənə davam edir...

# 3432 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #