Gəncləri terroçuya çevirən nədir?

Gəncləri terroçuya çevirən nədir?
30 sentyabr 2021
# 15:34

Ötən həftələrdə 18 yaşlı Timur Bekmansurovun Perm universitetində törətdiyi qətl yadıma amerikalı rejissor Maykl Murun “Kolumbayn üçün boulinq” sənədli filmini saldı.

1999-cu ildə Amerikanın Kolorado ştatında yuxarı sinif şagirdləri Erik Harris və Dilan Klibold oxuduqları Kolumbayn məktəbində qətliam törədərək 10-dan çox adamın ölümünə səbəb oldular.

Maykl Mur sözü gedən filmində bu cinayət aktının üzərindən, ümumən ölkədə baş verən zorakılıqların səbəbini araşdırır...

Bekmansurovun qətl aktından sonra yeniyetmələr və gənclər tərəfindən törədilən analoji hadisələr haqda xeyli yazı oxudum.

Niyə yeniyetmələr qətllər törədir?

Onların bioqrafiyalarındakı hansı qaranlıq məqamlar cinayətlərə yol açır?

Gəlinən nəticə budur ki, onlar üçün qətl özünüifadədir, sevgisizlik, ünsiyyət çətinliyi, məktəbdə bullinqə məruz qalmaları zorakılığın əsas motivləri sırasında yer alır. Və bir qayda olaraq qətlləri törədən şəxslər sosiumda özlərini identifikasiya problemi yaşayırlar.

Timur Bekmansurovun qohumları onu səssiz, qapalı adam kimi xarakterizə edirlər. Cinayətkarın məktubundan aydınlaşır ki, o, bu qətliama çoxdan, hələ məktəbdə oxuyanda hazırlaşıbmış. O, qeydlərində mühitin saxtalığından, monotonluğundan, insanlarla dil tapmağın çətinliyindən gileylənir. İnsanlar ona yalnız qorxuyla üzləşəndə və ağrı hiss edəndə səmimi görünürlərmiş.


Timur Bekmansurov terror törədərkən...

Bekmansurov məktubunda davranışının rasional izahını verir, bunu istintaqın işini yüngülləşdirmək məqsədilə yazdığını qeyd edir.

Daha sonra açıqlamasında müasir tibbin onu sağaltmaq gücündə olmadığını yazır, zira onların özlərinin şəfa tapmağa ehtiyacı var!

Kolumbayn qətlini törədən gənclər Harris Klibold da cəmiyyətə nifrət elədiklərini, hər kəsi qətlə yetirmək arzusu ilə yaşadıqlarını deyiblər. Onların hər ikisi təbiətən qapalı olublar, yaşıdları ilə ciddi ünsiyyət problemləri yaşayıblar və bullinqə məruz qalıblar.

Virginiya Politexnik universitetinin məzunu Ço Sın Xi isə 2007-ci ildə 32 adam öldürüb. O, gündəliyində insanlara nifrət etdiyini, tezliklə hamının öləcəyini yazırdı. Çünki milliyyətinə görə universitetdə psixoloji təzyiqə məruz qalır, kimsə onunla dostluq etmirdi.

Xinin universitetdə ona verilən tapşırıq əsasında yazdığı pyesdə insanlar bir-birini qətlə yetirir və təhqirlərə məruz qoyur. Qətldən öncə isə Xi belə bir məktub yazıb:

“Əclaflar, Mersedesləriniz sizə bəs eləmir. Kapitalınız bəs eləmir. Şıltaqlıqlarınızı təmin etmək üçün bütün bunlar sizə yetmir. Sizin hər şeyiniz var... Sizə görə mən İsa Məsih kimi ölürəm ki, bütün zəif və müdafiəsiz adamlar üçün nümunə olum”. Araşdırma əsasında o da məlum olub ki, Xi Cənubi Koreya rejissoru Pak Çxan Ukun qisas trilogiyasının ikinci hissəsi “Oldboy” filmindən də təsirlənib.


"Oldboy" filmindən fraqment

20 yaşlı amerikalı Adam Lenza məktəblərdən birində 27 adam öldürüb. Yüngül autizm, sosiallaşma problemi olan gənc məktəbi yaxşı qiymətlərlə oxuyub. Tənha, qapalı biri və vide-oyun aludəçisi idi.

Bu ilin mayında Kazan məktəblərindən birində qətllər ötrədən 19 yaşlı İlnaz Qalyaviyev isə dünyanı biozibillikdən təmziləməyi özünün əsas öhdəliyi kimi görür, insanları kainatın səhvi hesab edirdi.

2001-ci ilin 11 sentyabrında doğulmasıyla fəxr edən İlnaz qohumlarının dediyinə görə sakit uşaq idi, ünsiyyətcil deyildi və dərslərini yaxşı oxuyurdu.

Amerika və Rusiyada özəlliklə Kolumbayn hadisəsindən təsirlənən, Harris və Kliboldun fanatları olan yeniyetmələr var. Məsələn, Luizina ştatından olan iki şagird Kolumbayn faciəsinin beşinci ildönümü zamanı öz məktəblərində bu qətliamı təkrarlamaq istəyirmişlər.

2018-ci ildə kollec tələbəsi, 19 nəfəri öldürmüş Vladislav Roslyakov yazışmalarında Kolumbayn hadisəsini xatırladırmış.

Maykl Mur filmində bu qənaətə gəlir ki, zorakılığın səbəbi subkulturalar, videooyunlar, amansız filmlər deyil. Onun fikrincə, digər ölkələrlə müqayisədə, odlu silahdan ölənlərin sayının üstünlük təşkil elədiyi Amerikada silah vasitəsilə kapital qazanırlar və zorakılıqla cəmiyyəti qorxu altında saxlayırlar ki, insanlar sosial-siyasi problemlərdən yayınsın. Belə bir şərait isə güvənsizlik və nifrət yaradır. Cəmiyyətdə belə fikir var ki, yeniyetmələrin qətl törətməsində zorakılığın yer aldığı vide-oyunların, filmlərin, aqressiv musiqinin təsiri böyükdü. Amma Mur filmində maraqlı müqayisə aparır:

Yaponiyada zorakılıq elementlərinin olduğu oyunlar yayılsa da, ölkədə il ərzində 39 qətl hadisəsi baş verir, Amerikada isə təkcə 2000-ci ildə odlu silahla 11 mindən çox cinayət törədilib. O da istisna edilmir ki, məktəblilərin xarakterinə vide-oyunlardakı amansızlıq təsir göstərə bilər, bununla belə hər şey yeniyetmənin özəl xüsusiyyətlərinə bağlıdır.

Amerikalı psixoloq Piter Lenqman araşdırmasında deyir ki, zorakılıq törədən yeniyetmələr üç tipə ayrılır: psixotiklər, travmatiklər və psixopatlar.

Birincilər özünü cəmiyyətdən qovulmuş hiss edir. İkincilər emosional, fiziki və ya seksual zorakılığın qurbanlarıdır. Üçüncülər isə ətrafla əlaqə saxlamayan, günah hissi daşımayan və başqalarının əzabından zövq alanlardır.

Bununla belə yenə də skulşutinqa (təhsil ocaqlarında silahla zorakılığın törədilməsi) meylli olanların dəqiq protretini müəyyənləşdirmək çətindir.


"Kolumbayn üçün boulinq" filminin posteri


Kazan dövlət universitetinin Tibbi və Ümumi psixologiya kafedrasının müdiri Vldaimir Mendeleviçin sözlərinə görə, bu aktı törədən insanların 97 faizi psixi sağlamdır. Onlar ən müxtəlif səbəblərə görə cinayət törədirlər. Əgər yeniyetmə məktəbdə emosional, psixoloji təzyiqə məruz qalırsa, sistemli məsxərəyə qoyulursa, hətta ən sağlam adam silaha sarılaraq qisas ala bilər.

Sosiologiya elmləri üzrə professor, amerikalı Cessi Kleyn “Xuliqanlar cəmiyyəti:

“Amerika məktəblərində bullinq böhranı və skulşutinq” adlı kitabında yazır ki, qətllərin əsas səbəbi bullinqdir. Alfred universitetinin sorğusuna əsasən, bu səbəbi şagirdlərin 86 faizi də dəstəkləyir.

Bəzi fikirlərə görə, qətllərini motivi özünü aşağı qiymətləndirmə ilə də bağlıdır. Bu adamlar narsist qəzəbilə cəmiyyətdə niyə qəbul olunmamaqları haqda suallardan əziyyət çəkirlər. Və həyatlarında məna tapa, daxili konfliktlərini həll edə bilmirlər.

Bəs çıxış yolu nədədir?

Rusiya prezidenti Putin bu qənaətdədir ki, cinayətlərin qarşısını almaq məqsədilə bədii zövqü yüksəltmək lazımdır, gənclər keyfiyyətli ədəbiyyat oxumalı, film izləməli, teatra getməlidirlər. Amerikada, Rusiyada silah satışına məhdudiyyət qoyulması da çıxış yollarından biri kimi göstərilir.

Bundan başqa, 2010-cu ildə Amerika məktəblərində sağlam psixoloji mühitin yaranması üçün qanun qəbul olunub, maariflənmə işi aparılır.

Oxuduğum mətnlərdə bir məqam da diqqətimi çəkirlər: cinayətkarların içində hardasa bir işığın olması.

Bekmansurov yazırdı ki, əgər anamla nəsə baş versə, pişiyimi qohumlarıma verin, pişiyin bütün bunlarda günahı yoxdur.

Veqan olan Adam Lenza heyvanları öldürməyin əleyhinə çıxış edirmiş.

Kolmbayn qətlini törədən Harris və Klibold isə vida videolarında doğmalarından üzrxahlıq ediblər.

Ola bilsin, gənclər və yeniyetmələrin intiharının, qətl törətməsinin əsas səbəbi sevgisizlikdir. Bullinqə məruz qalan Elina da əslində sevgisizliyin qurbanıydı. Ona görə övldalarınızdan sevginzi əsirgəməyin.

# 2943 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #