“17 yaşlı gəlin ər evindən niyə qaçar?”
Bir neçə gün əvvəl cəmiyyəti saran suala cavab axtarmaq niyyətindəyəm. Çünki üç ay əvvəl toyu olmuş gəlinlə bağlı bu hadisə bu qəbildən olan ilk xəbər deyil. Erkən nikahların acı nəticələri ilə hər addımda qarşılaşırıq.
17 yaş - bir insanın gələcəyini müəyyənləşdirən önəmli yaşdır. Bu yaşda gənc gələcək həyatı üçün ixtisas seçimi edər, oxuyar, öyrənər, maariflənər. Burda ən birinci məsuliyyət valideynlərinin üzərinə düşür. Valideyn övladına istiqamət verməli, gələcək həyata hazırlamalıdır. Nəyə görəsə, “gələcək həyata hazırlamaq” deyəndə çoxları bunu evləndirməyə hazırlıq kimi başa düşür. Amma insan ailə qurmadan öncə daha vacib bir qərar verməlidir - ən əvvəl özünün kim olduğunu müəyyən etməli və onu həyatı boyu təmin edəcək bir sənətin yiyəsi olmalıdır.
Erkən nikahların səbəblərindən biri valideynlərin qız uşağını yük kimi görmələridir. Əgər qız evin bir küncündə oturub vaxtını ər yolu gözləməklə keçirsə, onda, əlbəttə ki, həm özünə, həm də sizə yük olacaq. Amma əgər onda hansısa elmə, biliyə, xarici dilə maraq yaratsanız, musiqiyə, rəqsə cəlb etsəniz cəmiyyətə yararlı, faydalı bir şəxs kimi, bir şəxsiyyət kimi yetişər.
17 yaşli bir gəncin qarşısında – o, bunu istəsə də, istəməsə də - geniş üfüqlər açılır. Dünya gözəldir, ümidlidir. Bu yaşda yeni dünyaları kəşf etmək, yeni zirvələr fəth etmək olar.
Bundan başqa, erkən nikahlar çox vaxt uğursuzluğa düçar olur. Çünki dünyagörüşü tam formalaşmamış, həyatdan nə istədiyini bilməyən, ailə haqqında təsəvvürü olmayan azyaşlı qız ərə getdikdən bir neçə il sonra nəyin yaxşı, nəyin pis olduğunu daha yaxşı ayırd etməyə, özünü tanımağa, həyatı tam mənası ilə dərk etməyə başlayır, ətrafdakılara yeni nəzərlərlə baxır. Və bu vaxt yanındakı kişi ona tamamilə yad təsiri bağışlaya bilər.
Özünü yad mühitdə tapan qadın çox vaxt özünü qurban verir, taleyi ilə barışır, canını dişinə tutub dözür. Belə qadınların, bir qayda olaraq, təsərrüfat məsələlərindən başqa heç nə haqqında fikir yürütməyə haqları olmur, hətta özünə çox güvənməsin deyə evdarlıq qabiliyyətləri də tənqid atəşinə tutulur. Onlar hələ çox gənc olduqları halda alçaldıcı “arvad” müraciətinə alışmalı, ərin evə gec gəlməyini, bəzən isə ümumiyyətlə gəlməməyini normal bir şey kimi qəbul etməli olurlar.
Çox az qisim qadın bu vəziyyətdən qalib kimi çıxır və özünü təsdiq edir. Ərlə fikir mübadiləsi aparmaq, önəmli qərarların verilməyində pay sahibi olmaq haqqı qazanır. Bu qəbildən olan qadınlar fitrən diribaş doğulur və həmin liderlik istedadı da bir ömür boyu onlara kifayət edir.
Amma necə deyərlər, qadınlar bir olmur… Elə qadınlar var, nə taleyi ilə barışa, nə də ona qarşı mübarizə apara bilir. Adətən belə qadınların qəfil reaksiyası da partlayışa səbəb olur.
Evdən qaçan gənc qadın təklikdə günahkar deyil. Onu o vəziyyətə gətirən yolu incələsək, başqaların günahını daha çox görərik. Onu ancaq “arvad” olmaq yönündə tərbiyə edən ananı, gənc qızda zahiri qadını görən, amma içindəki uşağı görə bilməyən atanı, “qızınkı ərə gedib uşaq doğmaqdır” deyən ətrafı, 30-35 yaşlı kişi olduğu halda dünyanı tanımağa macal tapmayan azyaşlıya elçi düşən həyat yoldaşını, gəlinə əl buyruqçusu kimi baxan qayınananı, qayınatanı və digərlərini...
İsa peyğəmbərin dediyi kimi, daşı birinci o adam atmalıdır ki, onun heç günahı olmaya. Azyaşlı bir qızı şəxsiyyət deyil, kiminsə arvadı, kiminsə gəlini gözündə görən bu insanların arasındasa çətin buna cəsarət edən olsun.
Kişinin bir az eqosu olmalıdır ki, qarşısındakı qadının onu sevib-sevmədiyinə önəm versin. Amma qadının qaçmasını telefonun qulaqcığının yoxa çıxmasıyla anlayan bir kişi üçün bunun fərqi varmı?
Qadın itib. Bu durumda kişi ilk ağlına gələn fikirləri paylaşır; ona necə telefon aldığını, bu telefonun 400 manata başa gəldiyini, kreditini hələ verib bitirmədiyini, telefonun qulaqcığının olduğunu və arvadının bu qulaqcığı da aparmasını...
Halbuki kişi onları bu vəziyyətə gətirən situasiyanı gözdən keçirməliydi. Xatırlamalıydı - qadınla son vaxtlar aralarında olub-keçən söhbətləri, aralarında baş verən, çözülməyən, bəzən səthi, ötəri baxdığı, əslində isə daha çox diqqət yetirməli olduğu problemləri...
Təsəvvür edin, qadın bu kişiyə canlı olan heç nəyi xatırlatmır. Arvadını itirən ər anlamır ki, qiymətli əşyalar heç nəyi həll eləmir. Əgər, bir qadına evdə layiqincə davranılmırsa, hörmət edilmirsə, cansız əşyalar sizi bir arada tutmayacaq.
Heç bir faciəvi sonluq birtərəfli inkişaf etmir. Hər bir faciədə iki tərəf də günahkardır və nə qədər insan öz günahının, səhvinin fərqinə varmayıb, o səhvi düzəldə, yeni bir yolla gedə bilməyəcək.