Dünya şöhrətli filmimizə məkrli laqeydlik

Dünya şöhrətli filmimizə məkrli laqeydlik
10 dekabr 2020
# 10:45

Cavid Təvəkkül
Rejissor

Bir müddət öncə Hilal Baydarovun "Səpələnmiş ölümlər" filmin ətrafında söz-söhbətlər səngimirdi, elə indi də ara-sıra rast gəlmək olur bu söhbətlərə. Açığını deyim, yazılan yazıları, edilən müzakirələri izləyirdim və hər dəfə bu filmlə bağlı yeni xəbərlər gözləyirdim, təzə məlumatlar axtarırdı gözüm.

Niyə? Çünki film kino tariximizə yeni imza atmışdı, kino tariximizə uğur sözü əlavə etmişdi. Çünki film kinoya gəldiyim gənclik illərindən arzusunda olduğum kinofestivalın əsas proqramında rəsmən yer almışdı. Etiraf edim ki, mənim, bizim edə bilmədiyimizi şəxsən tanımadığımız bir gənc etmişdi, əyalətdə film çəkərək.

Biz paytaxt kofe kafesində bir iki həmfikirlə oturub yüksək materiyaları, ali məqsədləri müzakirə etdiyimiz zaman, Oskar, Kann alan filmdə səhvlər tapdığımız, həmən filmin rejissorunun yalnız bəxti olduğu haqda yuxarı tonla danışdığımız an hardasa orda bir gənc bildi-bilmədi film çəkirdi və həmin film bu gün konkret tarix yazdı, etiraf edərək sevinməyi bacaraq.

Açığı filmə baxmaq imkanı olmayıb, baxmaq arzusundayam.

Söz gəzdi ki, kino başbilənləri filmi həzm edə bilmirlər. Dünyaca ad qazanan Avropa kino bayramında iştirakını, əsas proqrama düşməsini heç cürə anlamırlar, şokdadırlar. Yazılar çıxdı ki, ağsaqqal və ağbirçək kino biliciləri bu filmi Amerika Kino Akademiyasına xarici dildə “ən yaxşı film” nominasiyasına namizəd kimi təqdim etməkdən imtina ediblər, məsləhət görmürlər. Sonra da dedilər ki, bəs filmi və rejissoru "milli kino elitası" tanımır, necə sənətkar olduğunu bilmir və elə ona görə də ögey münasibət bəsləyirlər.

Bəs yaxşı filmə necə, baxıblarmı?

Əgər filmə baxıblarsa, dünya kinematoqrafçılarının can atdığı Venesiya Kino Festivalında əsas müsabiqədə iştirak etmiş filmin qarşısında ən azından rəsmi şəkildə açıqlama verib Amerika Kino Akademiyasına niyə göndərmədiklərinin səbəbini izah etməli idilər. Əgər baxmayıblarsa, lap pis, amma inanmıram ki, baxmasınlar, baxıblar, kino bilicilərinin hər biri ayrı ayrılıqda baxıb. Fərqi yoxdur, hər iki halda, hər iki birlikmi, qurummu deyim, hər iki "kino elita"sı başa düşməlidir ki, mövzuya fikir bildirməməklə, açıqlama paylaşmamaqla ilk olaraq Azərbaycan kino tarixi qarşısında, sonra da "A" kateqoriyalı festivalın əsas müsabiqə iştirakçısı olmuş "Səpələnmiş ölümlər" qarşısında məsuliyyət daşıyırlar, dərk etməlidir, ölkənin kino biliciləridirlər,rəsmi qurum statusu iki qurumdan birində var.

Deməli, hər iki kino qurumu elə kinomuzun özü kimi hələ də cəsarətsizlikdən və müxtəlif komplekslərdən əziyyət çəkir.

Qorxaqlıq olan yerdə nədən danışmaq olar, hansı inkişaf, hansı ədalətdən söz gedə bilər? Digər millətlərdə, dövlətlərdə bir olanda bizdə ikidir, amma nə fayda ikisi bir yerdə elə bil birdir. İki elitar, akademik, fundamental, dünyəvi kino qurumu var, amma kino yoxdur.

Yaxşı, Oskar dediyinizi, bəyənmədiyimiz, rişxənd edərək güldüyümüz iki kino qurumunu qoyun kənara, bu, elə-belə söhbətdir, xırdadır, fikir ediləsi digər məqam var. Məsələ ondadır ki, gənc rejissor peşəkarlar (hər iki qurumun əməkdaşları, ağsaqqal və ağbirçəkləri) tərəfindən qəbul olunmadı və onunla görüşmədilər də, amma yanıla bilərəm, bəlkə də görüşüblər-görüşüblərsə sinələrinə döyərək yazardılar, anons edərdilər. Görüşlə bağlı nə yazılara rast gəldim, nə də anons-reklamı görmədim. Görən olubmu..?

Görüşüb (hər iki qurum nəzərdə tutulur) söhbətləşiblərsə, bu görüş-söhbətdən sonra hesablamalarıma görə ən azından gənc rejissora növbəti layihəyə kömək edəcəklərini bildirməliydilər, dəstək olacaqlarını çatdırmalıydılar. Hər iki tərəf belə dəstək xəbərlərindən, gənc rejissora kömək aksiyasından özlərinin xeyrinə yaxşıca reklam kampaniyası qurardılar və hər tərəfə qurduqları ədalətli nizam-tərəzidən səs salardılar.

Başqa, məndən daha istedadlı bir müəllif bu yazının ardını aşağıdakı kimi yazardı: Qeyd olunduğu görüş-söhbət olub və qarşılıqlı "sükut" anlaşması qərarı verilib, yəni, film və qurum öz aralarında qərara alıblar ki, sussaq yaxşıdır.

Axı niyə?

Nə haqda susmalıdırlar?

Anlamaq çətindir, amma bu həyatdır, bu kinodur və kinodan fərqli olaraq həyatın özündə sükan arxasında kino biliciləridir. Anladınız yəqin. Nəqlin belə davam etməsi çoxlarını çaşdırar, intriqanı artırır, oxucu təəccüblənir, həyəcanlanır, amma şəxsən mən başqa şeyləri nəzərinizə çatdırmaq istəyirəm və buna görə də sükanı yenidən öz əlimə alıram.

Şəxsən mən gənc rejissorun danışıqlara getmədiyinə inanıram.

Nə isə... Fakt faktlığında qalır, dünya şöhrətli Venesiya kinofestivalında iştirak etmiş filmi və bu filmin müəllifini "milli kino elitası" qəbul etmədi.

İki qurumdan heç biri bu filmi, rejissoru qoynuna almadı, müdafiə edib hüquqlarını qorumadı. Biri rədd etdi, o biri isə susub birincini ifşa cəhdində bulundu.

Bəs yaxşı, bu mövzuyla bağlı azad kino ustadları gənc ceylanlardan, "əsl sənət" aşiqlərindən, alternativ kino xadimlərindən nə xəbər?

Bəs bu tip kinematoqrafçılar nə deyir?

Yalnız "milli kino eltası"nı qınamaqla və mövzu ətrafında səs küy yaratmaqla kifayətlənirlər?

Bəs həmyaşıd həmkarlarına necə kömək edirlər?

Sosial şəbəkələrdə duzsuz müzakirələrlə?

Ucuz paytaxt publarında spirti çox olan pivənin hesabına öz aralarında, oturduqları masalarında etiraz etməklə?

Bir-iki savadsız “kinoşnik” tapıb və onu əcnəbi kino çıxaranlardan eşitdiyi, internetin rəngli kino saytlarından oxuduğu terminlərlə sağına-soluna döşəməklə kifayətlənirlər?

Bəs "A" kateqoriyalı festivalda iştirak etmiş, xarici tele-kanallara müsahibə verən gənc rejissorun yeni layihəsiylə bağlı hansısa real addımlar atılıb, çəkiləcək yeni filmin uğur qazanması üçün indidən nələrsə edirlərmi, həmrəylik, birlik, sənətsevərliknümayiş etdirirlərmi?

Milli "əsl sənət" aşiqləri, gənc yaşlarından kino xadimi statusunu almış tarkovskilərAzərbaycan kino tarixində baş vermiş mədəni hadisənin ənənə halına çevrilməsi üçün nələr edirlər?

Sonda sözüm Hilaladır.

Atam balası, film çək, dayanma, xahiş edirəm, bizim, onların yazdıqları, dedikləri sənin üçün maraqlı olmasın. Kino çək, film işlə, öz kəndində, öz 500 manatına, öz kəndinin adamıyla işlə. Özün, qulaqlarınla eşitdiyin, yaşadığın hekayələri çək, onları filmə çevir. Öz ətrafını çək, dostlarını, düşmənlərini, əyyaşları, zəhmətkeşləri, bəxtəvərləri və nakamları çək, filmə çevir.

Qoy festivallar səni maraqlandırmasın, çaşdırmasın, yolunu azdırmasın, kinonu necə bilirsənsə, elə də çək, kino sənin üçün nədirsə onu göstər. Əhvalatı ürəyin necə nəql etmək istəyirsə elə də nəql et, qorxma qınaqdan.

Dayanma!

# 3510 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #