30 il əvvəl ölmüş aktyoru verilişə çağıran jurnalist

30 il əvvəl ölmüş aktyoru verilişə çağıran jurnalist
13 may 2020
# 11:10

Mərhum sənətkar Hamlet Xanızadənin qızı Aygün Xanızadənin 2 gün əvvəl yayılmış açıqlaması mədəniyyət gündəmindən növbəti təəssüf yeli kimi keçdi...

Sən demə, Azərbaycanlı jurnalistlər arasında 1990-cı ildə dünyasını dəyişmiş aktyorun hələ də həyatda olduğunu düşünənlər var. Hansı ki, həmin “mədəniyyət jurnalistləri” mərhum sənətkarın adına açılmış profilə yazaraq onu verilişə dəvət edir, müxtəlif mövzularla bağlı açıqlama almaq istəyir.

Bu azmış kimi hesabı idarə edən şəxs tərəfindən Hamlet Xanızadənin 30 il əvvəl öldüyü xatırladılanda da, utanıb yerə girmirlər, əvəzində “o, bizim üçün sağdır, qəlbimizdə yaşayır” kimi yersiz ifadələr işlədirlər.

Bu hal mətbuatımızda dəfələrlə baş verib. Bir neçə il əvvəl məşhurların övladlarından müsahibə alan jurnalistə dostlarından biri zarafatyana “İbrahimxəlil xanın qızı Ayselin nömrəsi” adı ilə tanış xanımlardan birinin telefon nömrəsini göndərmişdi. Həmin “jurnalist” də “Aysel xanım”a zəng edərək, ondan müsahibə “almış”, ona “atası – Qarabağ xanı İbrahimxəlil xan” barədə suallar ünvanlamışdı. “Aysel xanım” da bu oyundan xəbərdar olduğundan “yaxşı bir müsahibə” ərsəyə gəlmişdi.

Gallery

Demək, özünü mədəniyyət müxbiri sayan şəxs İbrahimxəlil xanın XVIII əsrdə yaşadığından, onun nəvəsi Xurşid banu Natəvanın da iki yüz il əvvəl dünyasını dəyişdiyindən xəbərsizdir. Həmçinin “jurnalist”in ağlına gəlmir ki, İbrahimxəlil xanın qızının adı Banu, Gülxanım, Əsli, Qəmər ola bilər, amma Aysel əsla!

Elə yanlışlar var ki, onlar təkcə bir situasiyaya aydınlıq gətirmir, böyük bir uçurumu işarə verir. Bir mədəniyyət müxbirinin Hamlet Xanızadənin 30 il əvvəl dünyadan köçdüyünü bilməməsi fərdi problem deyil, ölkədə mədəniyyətə verilən dəyərin göstəricisidir. Bu o deməkdir ki, mədəniyyətimizdə önəmli xətt cızan sənətkarlar haqqında yetərincə danışılmır, yaratdığı obrazlar hələ də kölgədədir, eyni zamanda, ölkə mətbuatında mədəniyyət ən az diqqət yetirilən sahə olduğundan hər kəs özünü mədəniyyət müxbiri sayır.

Ölkədə baş verən iqtisadi böhranlar zamanı mədəniyyət ilk zərbə görən və ümumiyyətlə önəmsənilməyən sahədir. Bu üzdən sözügedən sahə oturaqlıq qazana bilmir. Yaranan kiçik kultlar qısa müddətdən sonra yerlə bir edilir.

İnkişaf etmiş ölkələrdə mədəniyyət layihələrinin yaşı 100-150 il olduğu halda, bizdə 10 ili aşan festival, mədəniyyət portalı, demək olar ki, yoxdur. (Sovet ənənələrini yaşadan bir neçə qəzet və jurnalı çıxmaq şərtilə).

Mədəniyyət dayanaqlılıq qazanmadığı halda nəinki effektiv olmur, eyni zamanda ortaya qüsurlu ideyalar çıxarır. Yarımçıq qalmış layihələr vaxtsız doğulan körpələr kimi bir ömür çatışmazlıqla yaşayır, özünə də, ətrafına da əziyyət verir.

İnkişaf etmiş ölkələrdə aksioma çevrilmiş bir ideya var: mədəniyyət 10 il sonranın siyasətini müəyyənləşdirir.
Bu üzdən biz ölkənin bu gününə görə 10 il əvvəlki mədəniyyət layihələrinə, yaranmış kulta borcluyuq. Təəssüf ki, mədəniyyət layihələrinin ciddiyə alınmaması, küçümsünməsi bu sahədə şikəstlik yaradır. Şikəst mədəniyyətin bir neçə il sonrakı qisası isə amansız olur.

Hamlet Xanızadəni tanımayan, onun 30 il əvvəl vəfat etdiyini bilməyən bir şəxsin indi hansısa tində avaralanması bəlkə də başadüşüləndir, amma həmin şəxsin televiziyada mədəniyyət müxbiri kimi işləməsi, üstəlik cahil cəsarəti ilə tanımadığı bir adamdan müsahibə almağa çalışması KİV-in mədəniyyətə verdiyi dəyərin göstəricisidir. Bu o deməkdir ki, həmin şəxsi işə götürən direktor da, müxbirinin vəzifəli tayıdır.

# 5199 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #