Ulucay buna nail olmağa çalışıbsa, təəssüflə deməliyəm ki... - Xəyyam Rəfili

Ulucay buna nail olmağa çalışıbsa, təəssüflə deməliyəm ki... - Xəyyam Rəfili
9 iyul 2024
# 09:00

Kulis.az Xəyyam Rəfilinin Ulucay Akifin "Nərgiz" hekayəsi haqqında yazısını təqdim edir.

Ən başda bunu mütləq deməliyəm ki, oxuyacağınız mətn ədəbi tənqid deyil, bir yazıçının öz qələmdaşının hekayəsinə dair “qısqanc” rəyidir.

Ulucayın bütün hekayələrini maraqla oxuyuram. Gənc dostumuz artıq “yeni bir hekayə yazsaydı, oxuyardıq” dediyimiz yazıçıya çevrilib. Buna görə Ulucayı ürəkdən təbrik edirəm.

Nərgiz hekayəsi də əvvəlkilər kimi sadə, amma bir o qədər də oxunaqlı dillə yazılıb. Təhkiyədəki keçidlər və dünya ədəbiyyatında çoxdan var olan, bizdə isə nadir rast gəldiyimiz üçün yenilik deyə biləcəyimiz fəndlər ustalıqla işlənib.

Hekayədəki texniki qüsurlar haqqında danışmaq istəmirəm, çünki onlar usta bir redaktorun qələmi ilə asanlıqla düzələ bilən şeylərdir. Ulucaya və gənc yazıçılarımıza isə öz üslublarına uyğun redaktorlar tapıb, onlarla sıx işləmələrini tövsiyə edirəm.

Redaktəyə ehtiyacı olmayan mətn yoxdur.

Hekayənin mövzusu və süjeti barədə isə kiçik iradlarım olacaq: hekayənin girişindəki “Üç ildən çox idi ki, heç nə yazmırdı, yaza bilmirdi.” cümləsi ilə, sonundakı “Yenə hekayə uydurursan özündən? Almaniyaya da köçdük, düzəlmədin də. Bəs deyirdin, daha yazmayacaqsan?” cümləsi arasında məntiqi uyğunsuzluq var. Ya əvvəldə Üç ildən çox idi ki, heç nə yazmırdı, yazmayacağına söz vermişdi.”, ya da sonda “Bəs deyirdin, daha yazmayacaqsan?” yerinə, “Bəs deyirdin, yaza bilmirsən?” olmalıydı.

Diqqətimi çəkən digər məsələ qəhrəmanının başına gələnlərin yazıçının da başına gəlməsidir. Bunun üçünsə heç bir səbəb tapa bilmədim.

Məncə, hekayənin ən vacib məqamı dostumuz Ulucayın diqqətindən yayınıb.

Bütün hekayə boyu Elnur əsas qəhrəman kimi görünür. Elnur haqqında hər şeyi bilirik. Lakin finalda adını da bilmədiyimiz yazıçı hekayənin mərkəzinə gəlir və biz onun haqqında heç nə bilmədiyimizi xatırlayırıq. Niyə yazmadığını, yaxud yaza bilmədiyini, niyə qürbətə köçdüyünü, ən əsası isə, nərgiz gülünün nə səbəbdən onun da evinə gəldiyini bilmirik.

Təhkiyənin sehri situasiyadakı qüsuru bir anlıq ört-basdır etsə də, diqqətlə oxuyanda cavabsız suallar yaranmağa başlayır. Yazıçı ilə onun qəhrəmanı arasında paralellər tapmağa çalışırsan, həyat yoldaşının Almaniyada 10 avroya alıb, evə gətirdiyi bir dəstə nərgizdən başqa əlinə heç nə keçmir.

Heç nə barədə hekayə yazmaq imkansıza yaxın bir məziyyətdir. Əgər Ulucay buna nail olmağa çalışıbsa, təəssüflə deməliyəm ki, alınmayıb. Yox, əgər ağlında inkişaf etdirmək istədiyi süjeti olubsa, o da qeyd etdiyim səbəbdən çiy qalıb.

Yazıçının yazmamasının, yaza bilməməsinin, vətənindən didərgin düşməsinin, nəhayət, evinə gələn nərgiz gülünün səbəbini oxucunun fantaziyasına buraxmaqla işdən yaxa qurtarmaq olmaz. Bütün bunları cəmi bir söz və ya cümlə ilə tamamlamaq mümkündür.

Yazı manerasını, hekayəni hiss etmə bacarığını yüksək qiymətləndirdiyim üçün Ulucaydan daha artığını umuram.

# 1435 dəfə oxunub

Müəllifin son yazıları

# # #