Kulis.az Xanəmir Telmanoğlunun “Çağdaş Azərbaycan bilgisayar ədəbiyyatı” yazısını təqdim edir.
bilgisayar yazıçı, şair
ey dadi bidad danəndə dəhan dərviş d....
padişah bilsəydi ki dəriylə kağızın fərqi nədi....
sənə 1993-cü il. türkiyə cümhuriyyətinin istanbul şəhrində təhsil alıram. yataqxana yoldaşımın biri konyalı türk milliyətçiləri topluluğu tərəfdarı məşhur türküçü mehmet yıldızdoğarın qardaşı bilgisayar mühəndisi əhməd yıldızdoğardır. ədəbiyyatla uğraşdığımı bildiyindən bir gün mənə söylədi, abi (bilgisayarın başında) istəyirsən bilgisayara deyim şeir yazsın. dedim ola bilməz. nəsə türkün sözü, bir dönərdən mərc gəldik. əhmət dedi hansı mövzuda istəyirsən sifarişini ver sözümüzü yerinə gətirək. dedim, yaxşı vətən haqqında olsun. sonra əlavə edərək məndən yaddaşa vermək məqsədi ilə bir neçə söz istədi. təbii, bu sözlərin yazılacaq hər hansı vətən şerinə bir növ xidmət edəcək məna daşıyası sözlər olması gərəkirdi. mən də dağ topraq ağac savaş qan əsgər kimi milli sözlərdən bir neçəsini gupadım getdi.
bir neçə dəqiqə keçməmiş on birlik heca vəznində vətən haqqında beş bəndlik bir şeir ekranda peyda oldu nə oldu. doğrusu ilk başdan qafamdan bu şeirlərin tanıdığım şairlərdən kimlərin şerinə yaxın yazılmış olması keçdi. diqqətlə oxudum. gör ha bilgisayar hansısa bir şairin təsiri altında şeir yazmalıdır. məsələn, s.vurğunun, a.ələsgərin, s.rüstəmin, t.eliotun, rilkenin, n.hikmətin, p.nerudanın, g.traklın, lorkanın, m.ə. sabirin, h.cavidin təsiri ilə yaxud onların missiyasına xidmət edən əsər yazmalıdır. qafiyələr ritm heca mövzu misraların sayısı–bir sözlə on birlik üçün gərəkən bütün akssesuarlar, detallar yerli yerindəydi.
ən əsas bu əsərin hansı şairin üslubuna yaxın olması məsələsi məni maraqlandırırdı. başıma bir qaynar qazan su tökülməsin də neyləsin. şeir bəxtiyar vahabzadənin tərzinə çox, ama çox oxşayırdı.
düzdür bir bilgisayarın şeirə müdaxilə etməsi məni əməlli başlı qısqandırdı. necə yəni mənim ondan bir fərqim olmalı ya yox. sabah evlənsəm deyəcəklər bu Allahın bilgisayarı da evlənə bilər. oğul-uşaq sahibi ola bilər. nə deyəsən, qafil fil fail.
bu olay mənə nə təhər təsir etdisə şeirə bu dəmiri nə təhər qısqandımsa düz 3-4 il əlimə qələm almadım.
ancaq ən maraqlı olan nəydi? mən onda bu maşının bilicisi o oğlandan soruşmuşdum, ey həqiqət aşiqi əhmət bəy, nədən bu maşının vətən haqqında yazdığı şeir n. f. qısakürəyin məşhur “sakarya türküsü“nə deyil, illah da məsələn, qabilin, b. vahabzadənin şeirlərinə bənzəyir? yoxsa bəxtiyar, qabil kimi şairlər bu gün elə istedada, ədəbi-poetik gücə sahibdirlər, hətta dünyanın ən son elmi nailiyyətləri onların əsərlərinin təsir dairəsindən kənarda yaranmır, fəaliyyət göstərmir?
gör bu zalım türk mənə nə cavab versə yaxşıdır, qafil.
hayır əfəndim, bilgisayarlar “sakarya türküsü”nü yazamaz. ama bahtiyar vahabzadənin şeirlərini, genəldə azerbaycan şairlərini aşağı-yuxarı okumuşumdur-yaza bilir. səbəbi isə şu. bilgisayarda istənilən bir proqram standart ölçülər əsas alınaraq tərtib edilər. bu bilgisayarın yazmış olduğu şeir vətən haqqında hər kəsin düşünə biləcəyi fikirləri ifadə edər. ama “sakarya türkü”sü bu standart düşüncənin dışında yazılmış bədii sənət nümunəsidir.
içim rahatladı. nə yaxşı başqa cürə cavab almadım. ona nə var, deyərdi bax, gördüyün bu maşın lap “sakarya türküsü”nü də, “su qəsidəsi”ni də yazmaq qabiliyyətinə malikdir. onda neyləyəcəksən. indi heç olmazsa bir azca özünə haqq qazandırmağa güc yetər.
sözsüz dəmirin, texnikanın əsər yazması bu bilgisayarın şairliyi məni çox dilxor etmişdi. hətta, mən o zaman dostum əhmədə dedim o əsərin altından imzanı qoy ya BİLGİSAYAR VAHABZADƏ, ya da B.QABİL, B. QOCA, B.BEHRUDİ, B.SƏMƏDOĞLU.
sonralar bu haqda bir məsələni unuda bilmədim. nəyə görə o maşın sakarya türküsünə, su qəsidəsinə deyil məhz b.vahabzadənin, ümumiyyətlə, bizim sovet şairlərinin ruhuna bənzər əsər yazır. bəlkə bilgisayar da solçudur, sosialist təfəkkürünün proqramını yükləyiblər bu dəmir şairə? demək, bu bilgisayarların da böyükləri a.smit, k.marks, f.engels, v.i.lenindir, stalin, mao, çegevaradır. bəlkə bu bilgisayarlar həyatda, ideolojidə, cəmiyyətin yaşamında süquta uğramış bir sistemin başqa bir formada, şəkildə davamı olaraq sosializmi davam etdirirlər. sadəcə, bu şair bilgisayarlar insanlardan fərqli olaraq yaltaqlıq, qorxu bilmədiklərindən sosializmin adı keçən kahinlərini əllərində dillərində bayraq edib şəkillərini, sözlərini başları üzərindən asmırlar. Yox, ola bilməz axı, vətən haqqında Azərbaycan sovet şairlərinin şeirlərinə bənzəyən əsər yazan nə olursa olsun yaltaq, qorxaq, ikiüzlü olmasın. sadəcə, bu şair maşınlar əvvəlkilərin aqibətlərini görüb taktiklərini dəyişərək özlərini güdaza verməkdən qorxurlar. ama kəsin kəs, sosializm məhz bu şeir məsələsinə görə hökm verə bilərəm ki, əski SSRİ-nin ərazisindən yığılıb bilgisayar ərazisində fəaliyyət göstərir. həm də xələflərindən ustalıqla fərqlənərək.
ancaq məni şair maşının “sakarya türküsü” kimi bir şeir yaza bilməməsi, başqa bir yöndən narahat edirdi. o türkü yazılan məmləkət əski Osmanlı topraklarıdır. türkiyədə yaşadığım o 7 sənə içərisində bu gizli ehtişamı hər an yaşadım. həm də qoca yunusun “bilməyən nə bilsin bizi, bilənlərə salam olsun” poetik təfəkkür ehkamına qapılaraq. Birinci, o şair bilgisayar dünya gələ gedə yunusun misralarına uyğun heç bir kəlmə də yazmayacaq. onun üçün gərək bu bilgisayarlar ssri-nin ərazisindən deyil, Osman oğullarının ərazisindən yığışıb start götürəydilər. solçu deyil turançı bilqisayar şairlər olardılar. yəni maşını elə düzəldərdilər ki, ata necə minirsən, yaxud yerdə necə oturursan, o şəkildə bir dizayn, forma alınaydı. əsas məsələyə qayıdıram: sakarya türküsünün müəllifi Osmanlı çocuğudur. böyük bir imper dövlətin. böyük etnosun təfəkkürü STANDART ola bilməz. o zaman bilgisayarların vətən haqqında yazdığı şeir Azərbaycan sovet şairlərinin deyil, sakarya türküsünün təfəkkürünə, ruhuna oxşayar, uyğun gələrdi. demək, məsələnin kökü dərindədir. biz, hətta hər gün görüb tanıyıb təmasda olduğumuz çoooox nəsnələr haqqında sağlam bilgiyə sahib deyilik. faciəmiz sahibləndiyimiz bilgilərin təfəkkürə, insanlığa, metafizik anlayışa dayanmamasıdır. zehniyyət sorunumuz hələ uzun zaman davam edəcək.
2.
bir zamanlar yaşanmışlar haqqında məlumatlarımız nədənsə bu gün miflər şəklində, mif donunda bizə qayıdır. mən bilən insanları yer üzündə hələ ki, heç nə, heç kim əvəzləmədi. yəni, bu balaca dünyada insandan başqa növbə tutan görmədim. hələlik əvəz olunmayan bu insan qədim keçmişdə qalmış bu günə yalnız sözlərin yaddaşına ilişərək gəlib çıxa bilir. söz isə mənə görə yaşamın deyil, yaşamöncəsi bir dönəmin, vaxtın, məkanın məhsulu olsun gərək.
uzaq keçmişlərin yaşantıları bu gün mif şəklində təfəkkür dediyimizi oluşdurur, ona şəkil verir. ən azından təfəkürümüzü bu göy qübbəsinin sonsuzluğu altındakı boşluqda mütəmadi olmasa da, müəyyən zaman kəsimindən qidalandırır. ona ehtiyacımız olduğunu büruzə verir. məsələn, elmi texniki tərəqqinin bu yüksəlişində sənətin mifə yönəlişi artıq başlanıb. mifin təfəkkürə intiqal etmə, təmas göstərmə səriştəsi operativ, dönüşlü baş verdikcə, o dönəmlərin elmi-texniki sahəsində kəşflər, yüksəlişlər güclü şəkildə özünü göstərir.
bu gün texnikanın həyatda insanı əvəz etdiyi nöqtədən gələcək növbəti yeni texnik nəsil üçün özünə hardasa mif mayası tutur, toplayır, mif tədarükü görür. bu gələcəkdə baş verəcək olaya bizim bugünkü ədəbi bədii davranışımız, məhz “sakarya türküsü” kimi poetik vətən motivli nümunələri ortaya qoymağımızdan çox asılıdır, asılı olacaq.
3.
biz bilgisayarla sovet dönəmi düşüncə tərzinin ədəbi oxşarlığını, uyğunluğunu göstərməyə çalışmaqla müəyyən qənaətlərə vardıq. sözsüz, bu yanaşma gəldiyimiz nəticələrdən biridir. indi isə ədəbi təfəkkürün bəzi məqamları ilə bağlı düşüncəmizi başqa bir örnəklə yaxalamağa çalışaq.
bir neçə sənə əvvəl oxuduğum informasiyaların birində deyilirdi: yapon alimləri bir albalı ağacına kəşf etdikləri yeni bir elektronik cihaza bağlanmış naqillərin bir ucunu birləşdirirlər. həmən saatda havaya, yerə, landşafta uyğun gələn sözləri cihazın yaddaş proqramına verməklə ŞEİR YAZMASI “tələb olunur”. bir azdan ağacın yazdığı ekrana çıxan şeir, mətn araşdırmaçılarında qəribə fikirlər oyadır. onu da xatırladım, bu əməliyyatı başqa ağacla, otla, suyla, güllə, çiçəklə davam etdirirlər. gəlinən son qənaət bu: ağacın düşüncəsi metafizik, ilahi təfəkkürə dayalı düşüncədir. ağac onu yaradana xoş sözlərini ikram edərək sanki bir dua oxuyurmuş. mətn araşdırıcısının sözlərinə görə bu, mətnin alt qatındakı mantradan başqa bir şey deyil.
aha, görəsən nədən ağacın yazdığı şeirlə bilgisayarın, sovet ədəbi dönəmi yazarlarının bədii təfəkkürü eyni deyil? demək, ağaclar hələ də yunus, füzuli, cavid, yapon şairləri, hindu şairləri, n.f.qısakürək kimi kosmik enerjinin dövriyyəsindən kənar deyillər. insan kosmik enerjinin, metafizik düşüncənin, qudsal mətnlərin olduğu yerdədir.
4.
indi isə bilgisayar yazar, şairlərimizin (daha mən başqalarının bostanına daş atıb da bəstəkarlar, rəssamlar, heykəltəraşlar, aşıqlar yazmıram) yubiley məsələləri, orden medal, təqaüd, mükafat, ev kimi milli-strateji problemlərini gündəmə gətirəlim. əvət, qafil-fani-fil-fail, hələ bu milli şair bilgisayarlara xalq şairi titulunun verilməsi metodlarını bulmağımız, məncə, şərtdir. hətta, bu bilgisayar ziyalı-aydın şair-yazarları “spisat” olduqdan sonra fəxri xiyaban həngaməsi öndədir.
təsəvvür edin, bir gün gəlir “spisat”olunmuş milli azərbaycanlı şair bilgisayarların üçünə, yeddisinə, qırxına, ilinə ehtiram olaraq uşaqlarımız məktəblərdən məcburi (köçkün misali) əllərində bakının qaraçılarının min bir əziyyətlərlə uzaq vətən dağlarından yığıb gətirərək satdığı gül-çiçəklərlə ŞƏHİDLƏR XİYABANINDAN sağa burularaq böyük bir dəmir darvazanın ağzında duraraq bəkləyəcəklər. gözləri qarşıda iri hərflərlə yazılmış şüara dikiləcək: burda azərbaycanın milli şair-yazar-aydın bilgisayarları əbədi olaraq sükuta dalmışlar. onlara ehtiram olaraq bir dəqiqəlik sükut!
bu da mif. əsrlər sonra bu saxta cümlələr də bizi işğal etmiş miflərə oğul–uşaqlıq etməyəcəkmı, qafil fani ?
təki şair olsun, mif olsun. heç fərq etməz o insandır, ya bilgisayar.
Qeyd: Müəllifin üslubuna toxunulmayıb.