Yusuf Akçura millətin inkişafında hansı təməl faktorları önəmli hesab edirdi?

Yusuf Akçura millətin inkişafında hansı təməl faktorları önəmli hesab edirdi?
11 mart 2026
# 14:10

Bu gün tatar əsilli Türkiyə siyasətçisi və yazıçısı, Türk Tarix Qurumunun ilk sədri Yusuf Akçuranın anım günüdür.

Kulis.az Rafiz Manafovun "Türk fəlsəfi fikir dünyasında milli məfkurənin təməl konsepsiyaları" araşdırmasından bir hissəni təqdim edir.

Əslən Kazan tatarı olan Yusuf Akçuranın türkçülük tarixində yeri böyükdür. Maarifçilik fəaliyyətindən əlavə, konfrans və məqalələri ilə türkçülüyün güclü müdafiəçilərindən biri olmuşdur.

Bir vaxtlar “Türk Yurdu” və “Ocaq” demək “Yusuf Akçura” demək idi. Ancaq onun türk millətinin vəhdəti üçün xidmətləri bununla bitməmişdir. Universitetdəki Türkiyə siyasi tarixi dərsləri də sonradan (1933-1935) dərc olunmuşdur.

XIX əsrə qədər israrla təqib etdiyi osmanlıçılıq və islamçılıq siyasətlərinin öz funksiyalarını itirdiyini görən Yusuf Akçura sonrakı həyatını onun öz ifadəsi ilə desək, “bütün türkçülük” düşüncəsinə həsr etmişdir. O, türkçülük düşüncəsinin islamçılıq siyasəti kimi olduğunu, Osmanlı dövlətinin sərhədləri ilə məhdudlaşdırıla bilməyəcəyini və dünyanın harasında bir türk varsa, onunla maraqlanmalı olduğunu bildirirdi.

Akçura türkçülüyün müvəffəq ola bilməsi üçün onun maddi bir təmələ əsaslanmalı olduğunu düşünürdü. Ona görə, milliyyətçilik düşüncəsi sadəcə utopik bir arzuya bağlı deyil, təbii haldır və qandan, nəsildən gəlir. “Türkçülük” adlı əsərində “mən müsəlmanam və türkəm” deyərək türkçülük anlayışının maddi və mənəvi təməllərini ortaya qoyan Akçura İslam mədəniyyətinin ərəblərin malı ilə deyil, məhz türklərin iştirakı ilə meydana gəldiyini vurğulamışdır.

Türklərin İslam mədəniyyətində oynadıqları rolun təkcə mədəniyyət sahəsindəki müvəffəqiyyətlərlə izah olunmayacağını, onların eyni zamanda hərbi fəthlərlə bu mədəniyyəti düşmən hücumlarından qoruyaraq onun davamiyyətini təmin etdiklərini bildirmişdir. Həmçinin o, türklərin Rusiyada rus mədəniyyətinin inkişafındakı mühüm rolundan bəhs etmişdir.

Bütün əsərlərində və yazılarında türklüyün bir bütün olduğunu, Türkiyə türkləri ilə ondan uzaqda olan türklər arasında heç bir fərq olmadığını dilə gətirən mütəfəkkir türkçülüyün digər sahəsi olan dil barəsində belə demişdir: “Ortaq bir şivə qəbul ediləcəksə, bütün ərəbcə, farsca kəlmələr atılmalı və Osmanlı türkləri tərəfindən qəbul edilən, istər alışılmış olsun, istər olmasın, bütün türk ləhcələrindən istifadə olunmalıdır” .

Yusuf Akçura bir millətin inkişafında əhəmiyyət kəsb edən əsas şeyin, yəni onun gücünün əsaslandığı təməl faktorun milli tarix və dil amili olduğunu düşünürdü. O deyirdi ki, bu mənada türklər qədim tarixə sahibdirlər. Birinci Türk Tarixi Konqresindəki konfransın sonunda “Bizim tarixdə etmək istədiyimiz şey ümumi tarixə qərblilər tərəfindən salınan əsas dəyərləri tədqiq və tənqid etmək, onlara yenidən qiymət verməkdir”, - demişdir.

Bununla da, o, tarixin yenidən türk tarixi nöqteyi-nəzərindən ələ alınaraq yazılmasını irəli sürmüşdür. Akçura, “Türkün tərifini” izah edərkən yazır: “...tarixçilərin, ümumiyyətlə, “türk-tatar”, bəzən də “türk-tatar-monqol” dedikləri bir irqdən gələn, adətləri, dilləri bir-birinə çox yaxın olan, tarixi həyatları bir-birinə qarışmış qövm və qəbilələrin bütününə türk deyirik”.

Bu baxımdan Akçura bəzi avropalı və iranlı tarixçilərin, həmçinin onların təsirində qalan Osmanlı tarixçilərinin “tatar” damğasının əksinə, kazanlılar, azərbaycanlılar, ... ilə bərabər qırğızları və yakutları da türklər arasında vurğulayır. Milliyyət məfkurəsi isə ilk dövrlərdən etibarən qövm və qəbilələrdə mövcud olan və milliyyət düşüncəsinin ilk mərhələsini təşkil edən “biz” şüuru instinkti, arzu və iddiası səviyyəsindən inkişaf edərək “millət” və “milliyyət” səviyyəsinə yüksəlməsidir. (Akçura bu prosesin tarixdə ilk dəfə müəyyən səbəblərdən Avropa qəbilələri arasında XV əsrdə başladığı və XIX əsrdə ən yüksək zirvə nöqtəsinə çıxdığını, oradan da bir çox dünya xalqlarına yayıldığını düşünür.)

Türk qövmləri arasında bu düşüncədən ilk dəfə təsirlənənlər Qərb Türkləri dediyi Osmanlı türkləridir. “Siyasət və İqtisad” nəşr olunmağa başlayarkən qurtuluş savaşı müvəffəqiyyətlə sona çatmışdı. Akçura “Mütarəkə əsnasında Dünya müharibəsinə qatılmağımız və İstiqbalımız” adlı yazısında yazırdı: “... türklərin təərrüzü və imperialist milliyyətçilik etməsi yanlışdır. Mən, hər zaman demokratik türkçülüyü müdafiə etdim. Təəssüf ki, (bu iki) türkçülüyün fərqini görmürlər.

Biz demokratik türkçülər haqlı, humanist və təərrüz düşüncəsindən uzaq olan düşüncələrimizi açıqlamağa çalışmalıyıq”.

Onun “Üç tərzi-siyasət” əsəri o dövrdə çox böyük bir cığır açmış və bu günə qədər işıq tutmaqdadır. Ziya Göyalpın “türkləşmək, islamlaşmaq, müasirləşmək” tərkibində ortaya çıxan kültür sahəsində islamçılıq fikrinin formalaşmasında Akçuranın böyük rol oynadığını, hətta onun bu düşüncənin təməllərini atan şəxs olduğunu söyləsək, mübaliğə etmiş olmarıq.

Akçura, əsərlərində türk əsilli partiyalara dəfələrlə tövsiyə edirdi ki, aralarındakı kiçik fərqləri bir yana qoyub birləşsinlər...

# 138 dəfə oxunub

Oxşar xəbərlər

"1905-1918-ci illərdə türk əleyhinə çevrilən genosid..."  - Yaşar Qarayev Əli bəy Hüseynzadə haqqında nə yazırdı?

"1905-1918-ci illərdə türk əleyhinə çevrilən genosid..." - Yaşar Qarayev Əli bəy Hüseynzadə haqqında nə yazırdı?

12:00 9 mart 2026
“Mənim heç kimim qalmadı...” -  Qacar şahı Əli bəy Hüseynzadəni hansı əsərinə görə ordenlə təltif etmişdi?

“Mənim heç kimim qalmadı...” - Qacar şahı Əli bəy Hüseynzadəni hansı əsərinə görə ordenlə təltif etmişdi?

12:00 7 mart 2026
Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?

Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?

10:00 4 mart 2026
Qarabağ xanlığının tarixinə fərqli baxış - Əhməd bəy Cavanşir Vaqifin faciəsini necə təqdim etmişdi?

Qarabağ xanlığının tarixinə fərqli baxış - Əhməd bəy Cavanşir Vaqifin faciəsini necə təqdim etmişdi?

10:00 2 mart 2026
İkinci Dünya müharibəsinin ən qorxunc gecəsi - "Mixaylo"nun qəbrini gecə yarısı kim qazdırdı?

İkinci Dünya müharibəsinin ən qorxunc gecəsi - "Mixaylo"nun qəbrini gecə yarısı kim qazdırdı?

12:00 27 fevral 2026
Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman: Abbasqulu bəy Şadlinski kim idi?

Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman: Abbasqulu bəy Şadlinski kim idi?

15:00 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər