Kulis.az Vüsalə Məmmədovanın “Rəngsaz” hekayəsini təqdim edir.
- Az, Pəriş, dərsə gecikirsən, bir az əlli tərpən!
- Hanı heç darağı tapa bilirəm ki?...
- Niyə? Qonaqsan ki, bilməyəsən? Həmişəki yerindədir də, “peç”in yanında, palazın altında. Sonra yenə yerinə qoyarsan ha! Evi dağıtma... Təriş geyinibmi heç olmasa? Bir yaralı barmağa da özünüz zad eləyin də... Mən hələ Qoqqanın kraskasını yuyub qurtarmamışam. Hələ günortaya məclisim də var...
Rayonun ən zəngin uşaqlarının oxuduğu məktəbin yolu Qoqqangilin evinin qabağından keçirdi.
Qoqqanın özü kimi “evi” də rişxənd, istehza yeriydi. Çünki ətrafdakı evlərə, xüsusi ilə qabaq-qənşər yaşadığı qonşusu Bəyim arvadın iki mərtəbəli cah-cəlalına baxanda Qoqqanın iki göz otaqlı koması ən yaxşı halda toyuq hini üçün yaraya bilərdi. Tapdanıb yaprıxmış çəpərdən bir qədər aralı Qoqqanın evi deyilən bir qaraltı var idi. Orada Qoqqan, arvadı və bir də iki qızı yaşayırdı, daha doğrusu, o qaraltının kölgəsində Qoqqanın dörd baş külfəti daldalanırdı.
O ailədən kimin adı çəkilsə camaatın dodağı qaçırdı. Deyirdilər ki, təkcə dədələri deyil ee, zalım uşağı ərli-arvadlı, analı-balalı ucdantutma rəngsazdılar.
Bu evin çəpərdən çəkilmiş alçaq hasarı sirr gizləmək iqtidarında deyildi: Nə danışsalar, nə desələr, nə söz-söhbət, giley-güzar vardısa-hamısı cikinə-bikinə qədər hər səhər dərsə tələsən uşaqların dilindəydı. Kim Qoqqangildən nəsə təzə bir şey danışsaydı, o uşaq həmin gün təkcə sinfin yox, bütün məktəbin qəhrəmanına çevrilirdi...
Ancaq bircə məktəb sarıdan ailənin bəxti gətirmişdi. Evlərinə yaxın olduğu üçün zənginlərin oxuduğu məktəbə Qoqqanın qızlarını da qəbul eləmişdilər.
Əsl adları Pərvanə və Təranə olsa da hamı onları analarının diliylə – Pəriş və Təriş, deyə çağırırdı. Düzdür, onları çağırmaq tək-tük hallarda kiminsə gərəyi ola bilərdi: çünki Qoqqan kimi birisinin törəmələriylə kimin nə əlaqəsi. Onlar yalnız lağ yeri lazım olanda sinifdəki uşaqların yadına düşürdülər.
Habil cansız, çəlimsiz, sısqanın, biriydi. Dildən də qüsurlu idi, kəkələyə-kəkələyə danışırdı. Nədənsə (bunun niyə belə olması haqda heç kim dəqiq bir səbəb deyə bilmirdi) uşaqdan böyüyə hamı onu Habil kimi yox, Qoqqan kimi tanıyırdı. Dərisinin rəngi bilinməzdi, əyni-başı, əlləri və üzü həmişə boyalı olurdu.
Müştərini razı salmaq üçün işə elə canı dildən girişirdi ki...
Hər şey istədiyi kimi alınanda sevindiyindən boyalı əlini şappıltıyla alnına çırpırdı. Beləcə günün sonunacan alnına o qədər döyəcləyirdi ki, boyalar üst-üstə yığılıb qaysaq bağlayırdı. Görüb-bilən deyirdi ki, vallah bu gədə belə eləməklə allahı da çaş-baş salır: yazıq yaradan neynəsin, yəqin ki, o da bu qarmaqarışıq boyaların arasında Qoqqanın alnına nəyi, necə və hansı rənglə yazdığını artıq çoxdan unudubdur!
Ərlə arvadın torpağı bir yerdən götürülər. Qoqqanın arvadı da eynən özü kimi bir dəri, bir sümük idi. Onun qohum-əqrəbası, əsli-kökü haqda heç kim heç nə bilmirdi. Bircə o məlum idi ki, Qoqqan onu qonşu kəndlərin birindən tapıb gətirmişdi. Deyilənə görə, Qoqqan varlı-hallı bir adamın evini rəngləyirmiş, axırda işindən razı qalıb yaxşı əl haqqı ödəməklə bahəm qulluqçu kimi saxladıqları bu qızı da ona qoşub, “Apar özünə arvad elə ki, kişi olasan” deyiblər.
Adı nə idi, bir kimsə bilməzdı. Qoqqanın arvadıydı. Vəssalam! Bu ünvan onun həm adı, həm vəzifəsi həm də bəxti-taleyi idi...
Harda yas düşürdüsə, qab-qacağı yumağa onu çağırırdılar. O belə sifarişlər alanda mütləq həmişə əvvəlcə özünü ağlaşmaya yetirməliydi. Ehsan süfrəsi açılmazdan xeyli qabaq gələr, qapının ağzında oturub dizinə-dizinə bərkdən döyər, nalə çəkib qıyya qoparar, üzünü-başını cırıb dağıdardı. Tanımayan elə bilərdi mərhumun yeddi yetimi qalıb, hamısı da onun himayəsində.
Bütün yas məclislərində hamını fərq qoymadan eyni avazla elə oxşayıb göz yaşı tökürdü ki, bilmirdin onu belə zülüm-zülüm ağladan nədir? Rəhmətliyin ölümünə acıyır, yoxsa öz gününü ağlayır? Yoxsa nəyə...? Heç kəs baş açmırdı. Ağzını açıb ağlayan kimi sanki hamının dərdi yadına düşür, göz yaşlarını saxlaya bilmirdilər. Ola bilsin ki, heç dərdləri də yadlarına düşmürdü. Sadəcə bu yas məclisi idi, gələnlər istər-istəməz ağlamağa məcbur idilər. Çünki bütün yaslarda ev sahibi kimin necə iştirak elədiyinə, saçında, əlində xınanın olub-olmamağına göz qoyub yadında saxlayardı ki, vaxtı gələndə ! hamıya “borcunu” əvəz-əvəzinə qaytara bilsin.
Beləcə, Qoqqanın arvadının yanıqlı səsiylə səs-səsə verib ağlaşan qadınlar eyni zamanda da, Qoqqanın arvadının belə fəallığıyla barışa bilmirdilər. O, ağzını açıb ağı deməyə başlayan kimi hıçqırıqlarla yanaşı pıçapıç da düşürdü. İki daşın arasında imkan tapıb yaylıqlarının ucunu ağızlarına tutub deyinirdilər: Deyən gərək, az dur get yağlı qablarını yu də! Özümüz ağlayacağıq. Sən də arvad olub başını başlara qoşursan? Səni bura ağlamağa çağırıblar? Bəs Bəyim arvadı nəyə gətiriblər?
Qoqqanın arvadı işinin ustasıydı, yerini bilirdi, ehsan ortalığa gələn kimi kirimişcə durub həyətə çıxır, gözünü qoluna silib burnunu çəkə-çəkə, aşpazın yanında bir göz qırpımında özünə işgüzar bir mühit yaradırdı. Bulaşıq qabları yaxalayanda onun əllərini görmək mümkün olmurdu. Bu qədər səliqəli və tez-bazar qab yumaqda onun tayı-bərabəri yoxdu. Hərdən özünə toxtaqlıq verib deyirdi ki, ona görə Qoqqan məni başqa yerdən götürüb gəlib də. Yoxsa burda kimiydi onun lay-lay “kraskasını” qaşıyıb təmizləyən?
Məclisin sonunda, süfrədən qayıdan yeməkləri torbalara doldurub, beş-üç manat nə versələr alaraq, ölü sahibinə uzun-uzadı dil-ağız edə-edə daxmasına qayıdırdı.
Yas məclislərinə molla kimi dəvət edilən, – Bəyim arvad isə xüsusi dəm-dəsgahla yola salınırdı: yas sahibi onu evindən necə götürmüşdüsə, eləcə də əlində yekə bir bağlama maşına əyləşdirib düz ikimərtəbəli evinin qabağında düşürürdü.
Və bütün bu əndazəsiz ayrı seçkilik Qoqqanın arvadının gözü qarşısında baş verirdi. Ancaq o heç vaxt fikirləşməzdi ki, necə olur, Bəyim arvadın gözündən bir qırnıq yaş çıxmır, amma yeməyi ona qazanın üstündən çəkirlər, mən özümü həlak eləyib qan yaş tökürəm, axırda boşqablardan artıq-urtuq yığıram... Belə şeyləri düşünmək, müqayisə aparmaq heç onun ağlına da gəlməzdi.
Ona toyların, şənliklərin bulaşıq qablarını etibar eləmirdilər. Qorxurdular ki, ona nə var, birdən cındır görkəmi ilə özünə əl qatıb oynayar, yaxşı düşməz, məclis yiyəsi qonaq-qaradan utanıb-eləyər. Çox qəribəydi, elə bil bütün rayon sözü bir yerə qoymuşdu, cəmi yas məclislərinin qablarını Qoqqanın arvadı yuyur, toy məclislərini isə başqası ötüşdürürdü. Di gəl ki, bu ona zərrə qədər təsir eləməzdi, adamda möhkəm bir hövsələ vardı.
Və belə şeyləri eyninə almamaqla bəlkə də Qoqqanın arvadı haqlıydı: çünki, bu rayonun yasları ilə toyları arasında elə bir ciddi məzmun ayrılığı yoxuydu. Yaslar çox kədər gətirmirdi. İnsanlar əsasən yaşlaşıb, əldən-ayaqdan düşəndə ölürdülər, yas da qohumların deyib gülmək üçün bir araya gəlməsinə səbəb olurdu. Ölüm allahın əmridir. Adam yaşadı, balalarını böyütdü, nəvələrini gördü, ölə bilər. Onu ağlamaq lazım deyil hesab edirdilər. “Qocanın ölümü toy-bayramdı” deyilən bir deyimləri də var idi.
İstisna-filan ola bilirdi, görürdün cavan bir adam ya qəfildən yol qəzasında həlak olur, ya da xəstələnib dünyasını dəyişirdi, hə, bax onda bütün rayon yasa batardı. O da çox az-az, hər beş ildən bir olar, ya da heç olmazdı.
Odur ki, yaşlı birinin ölüm xəbəri yayılan kimi “xüsusi təyinatlı” bir dəstə vardı ki, əvvəlcə yas boyu məzələnmək üçün kimdən və nədən yapışacaqlarını götür qoy edirdilər. O saat da hamının ağlına birinci Qoqqan gəlirdi. Qoqqanın başına nə oyun açmırdılar...
Bir dəfə Qoqqanı hasar rənglədiyi yerdə kraskalı-zadlı götürüb maşının baqajına basır, bir az da rayon mərkəzində “kruq” eləyəndən sonra yasa gəlirlər. Başsağlığı verib oturur, mərhumun nəvəsinə, - ehsan üçün qoyun gətirmişik, baqajdadı, götürün, - deyirlər. Baqajı açırlar və havasızlıqdakı iydən, qoxudan az qala bağrı çatlayan Qoqqanın cin kimi pırtlayıb ortaya çıxması cavanlar üçün əsl əyləncəyə çevrilir.
Belə ki, Qoqqan təkcə hasarları, divarları deyil, boz-bulanıq yas məclislərinə də rəng vura bilirdi.
Ancaq bir gün qəfildən Qoqqanın boyalarıyla rənglənmiş al-əlvan, sevincli günlərə son qoyuldu... müharibə başlamışdı.
Hamı ailəsini yaxın rayonlardakı qohumlarıgilə köçürdü, bircə kişilər qalmışdı. Amma Qoqqan, arvadı və iki qızı heç yerə tərpənmədilər...
Bir gecə “Qrad”lardan biri Qoqqanın komasına düşdü. Bütün ömrü boyu iynə ilə gor qazıb bircə dəfə rahatlıqla qılça qatlamayan ailəni ölüm yuxuda haqlamışdı.
Məhəllə adamları yığışıb bütün yasların “Rəngsazı” olan bu ailəni dəfn elədilir. Deyəsən onlar nəhayət ki, kədəri tanımağa başlamışdılar. Həyatlarında ilk dəfəydi ki, torpağa insan verərkən göz yaşı tökürdülər.
Onları qarşıda bir daha rənglənməsi mümkün olmayacaq və nə vaxt bitəcəyi heç kimə məlum olmayan ağ-qara günlər gözləyirdi.
Baş daşına Qoqqanın yerinə Habil, Pəriş yerinə Pərvanə, Təriş yerinə Təranə yazdılar...
Qadınınsa adını bilən olmadı. Yer üzündəki bəlkə də ən bivec, ən urvatsız kişiyə mükafat olaraq verilən bu qadına bənzər məxluqun başdaşına yazmağa ad tapmadılar...