Orta məktəbdə müəllimlər deyirdi: “2000-ci ildə kitablar elə olacaq ki, əlini arasına salıb içində nə yazıldığını biləcəksən...”
İllər keçdi... və 2000-ci il gəldi...
Gəldi və indi, 2012-ci ildə nəinki əlini kitabın arasına salmağa, heç vərəqini çevirməyə risk etmirsən ki, ay aman, axı bu ölkənin kitablarını bu ölkənin yapışqanları da yapışdıra bilmir...
Hələ onu demirəm ki...
Niyə deməyim e? Lap deyirəm!
Bu günlərdə kitabları dünyanın 168 ölkəsində, 73 dilində, 135 milyondan çox satılan braziliyalı Paulo Koelhonun “11 dəqiqə”sini oxudum. Bilmirəm niyə, hardan, nə səbəbə, yadıma ötən əsrin 11-ci ilində Drayzerin yazdığı Cenni Herhardt romanı düşdü...
... Bu lap çoxdan idi. Müəllimlərin 2000-ci illər haqqında əfsanələr uydurduğu vaxtlardan bir neçə bayram sonra. Dostlar ilə “oxu və yay” devizi altında valideynlərimizin kitab şkafından əlimizə düşəni oxuyurduq. Mən kitaba əsərin qəhrəmanı kimi baxıram. Cenninin həyatında “11 dəqiqə”dəki Mariya qədər kişi olmasa da, əlimə ilk dəfə aldığımda ətrafında qaynar həyat keçdiyini hiss etmişdim... Cildinin kənarları sürtülüb ağarmış, içində bir-birinə bağlanan ipək saplar saralmış, açıq qəhvəyi kağızlar bərkimişdi (o vaxt kitablar ağ kağıza çap olunmurdu. Bilmirəm nə qədər həqiqətdir, amma göz həkimlərindən eşitmişəm ki, ağ kağızdan oxumaq gözü daha tez yorur). Kitabı əlinə alan kimi başa düşürdün ki, Cenni nə əllərdə gəzib, ona neçə barmaqlar toxunub, neçə balışların altında yatıb... bir sözlə, çoxunun qucağında gəzib...
Halbuki, onun həyatının kişisi Senator Brender Mariyanın qəhrəmanı rəssam Ralf Hart kimi sonuncu müştəri deyildi. Əldən-ələ keçən Cenni Herhardt çox dözümlü idi, lap Paulonun Mariyası qədər. O hələ çox nəsillərlə tanış olacaqdı...
Cenni Herhardtla müqaisə etmişkən onu mütləq deyim ki, Cenni çox əllərdə gəzsə də, hər əldə bir dəfə, bir neçə gün gəzmişdi. Çünki onu su kimi içirdin. “11 dəqiqə”nin isə elə abzasları var ki, onları başa düşmək üçün elə 11 dəqiqə əlləşməlisən. Tərcüməçi sağ olsun, hətta bəzi cümlələri 3-4 dəfə oxuyursan. Vərəqi çox o tərəf bu tərəfə çevirmək isə mümkün deyil (bəzi insanlar açıq səhnələri olan filmə təklikdə baxdığı kimi, bu kitab da sanki bir nəfərin oxuması üçündür...) Bu kitab vərəqlənmək üçün nəzərdə tutulmayıb... Hələ demirəm ki, Cenni Herhardt kimi övadlarımız oxuyub, dostlarına da verəcək... Onu deyirəm ki, cəmi üç nəfər oxumuşuq, artıq üç hissəyə bölünüb... Dördüncü adama vermək üçün düz 11 dəfə yapışdırmağa cəhd etdim, amma kağız yapışqanın sözünə baxmır...
Oxuduğum əsəri başa düşməkdə çətinlik çəkdiyimi deyəndə, dostlar əsəri bir də rusca oxumağı məsləhət gördü. Oxudum və...
Və başa düşdüm ki, sən demə Mariya ucqar şəhərcikdən Rio-de-Janeyroya avtobusla iki həftəyə yox, cəmi iki günə gəlibmiş.
Sən demə Mariyanın taleyi üçün önəmli bir dönəmdə ona “bu addımı atan qızların övladlarını indi aclıq və ölüm hədələyir” yox, “hədələmir” deyiblər (mən də deyirəm bilə-bilə ki, övladlarını ölüm hədələyəcək, bu qız niyə belə iş tutdu?)
Sən demə Mariya İsveçrədə gecə klubunda fahişəliklə pul yığmırmış ki, qayıdıb Braziliyada malikanə alsın, bu qədər bəsit deyilmiş, qız ferma sahibi olmaq istəyirmiş.
Bu misallardan o qədər çəkə bilərəm ki... Amma yazını 11 min işarə etmək olmaz.
Xüsusilə onu deyim ki, tərcüməçinin (redaktor demirəm, çünki əl izləri hiss olunmur) əsər boyu eyni sözləri fərqli çevirməklə axtarışda olduğu, amma konkret bir nəticəyə gəlmədiyi hiss olunur. Bu ən çox da “seks” və “intim” sözlərinin yerlərinin çox səhv düşməsində açıqca görünür. Mən hələ qramatik səhvlərdən danışmıram, çünki yazıya redaktor əli dəydiyinə şübhə edirəm.
Nə isə, nənəm demiş, adam yarıyanda hər tərəfli yarıyır. Tərcüməçidən yaramamışıq, heç olmasa kitabın vərəqlənməyə heyi ola...
Ehhh... “Axı sənin nəyinə yaraşıb “Ən Yeni Tərcümə”?” - deyib, üz tutdum “Qanun” nəşriyyatının digər - “Ən Yeni Ədəbiyyat” nümunələrinə. İki roman oxudum, biri üçün əməlli-başlı tərcüməçiyə ehtiyac oldu (qınayacaqsız ki, şikayət edincə, dilini düz-əməlli öyrən. Necə olur ki, tərcüməni də başa düşmürsən, əslini də?). O bölgənin ləhcəsindən anlamadığım üçün tez-tez müəllifin yerlilərindən birinə zəng vurmalı olurdum. Kitabı yarı eləməmiş onun səbri çatmadı: “Sən gəl ancaq öz yerlilərin yazan romanları oxu. Sözləri daha rahat başa düşəcəksən. Bu kitabı ver özümüz oxuyaq, görmürsən bu ancaq bizim üçün yazılıb...?” (Drayzerdən Kuelhoya qədər hamının əsəri dünya dillərinə tərcümə olunur, bizimkilərin hədəfində isə heç respublika dayanmır, o da ola dünya).
Susdum... Öz-özümə düşündüm ki, birdən şeytan girdi başqa bir millətin nümayəndəsinin könlünə, götürdü bu romanı tərcümə etməyə... Vahimələndim... (Mən yenə “11 dəqiqə”ni başa düşməyəndə, əsərin ruscaya tərcüməsini tapıb oxudum. Amma bunu hansı dilə çevirsələr... Elə ona görə də...)
İkinci 500 səhifədən ibarət romanın isə içindəki təkrar fikirləri çıxarsan cəmi 150 səhifə edəcəkdi.
Axırda bu bir qucaq kitabı mənə satan Günel Mövludun öz kitabını açdım... Kitabı alanda qırmızıca “şeir sevmirəm” dediyimçün utandım...
Mən o insanlardanan ki, filmə baxanda gərək elə seçim edəm ki, hamı gedib yata, mən hələ divanın bir küncünə qısılıb burnumu çəkəm, dolaşam, düyün düşəm, gözü qırılıb qarnına düşmüş kuklaya bənzəyəm, hamıdan zəhləm gedə... Elə kitab oxuyanda da... Günel Mövlüdun şerləri də belə idi... Hərəsində bir romanın yükü var idi: axı niyə oxumağa bu şeirdən başlamamışdım?
Özümü
Bir körpəni belə
Qucağıma ala bilməyəcək qədər
Çirkli və günahkar saydığım bu ölkədə
Məni sevə bilmək üçün
Bircə səbəb göstərə bilsəydim sənə...
... Amma kitabı qucağımıza ala bilirik. Axı əlimizdə tutsaq səhifələri dağılacaq...
...“Ən Yeni Ədəbiyyat” silsiləsindən çap olunan kitabları başa düşə bilirəm. Onsuz da bu ölkədə əsərlərinin 3 ildən sonra oxunacağına gənclərin özlərindən başqa heç kim inanmır. Ya da ki, bir neçə ildən sonra qalxıb deyəcəklər ki, “mən bu əsərdən imzamı geri götürürəm”. Gənclikdir də, başa düşüləndir. Amma olmazmı heç olmasa “Ən Yeni Tərcümə” silsiləsindən çap olunan kitabları “oxu və at” devizi ilə çap etməyəsiz? Bu “11 dəqiqə” qəhrəmanı Mariya qədər olmasa da, heç olmasa 11 əl gəzə bilsin... heç demirəm 11 il...
... Müəllimlərin gələcək haqda proqnozunu deyirdim axı... Gələcək gəldi. Gəldi və əlini kitabın arasına salmaqla onu oxuya bilməsən də, istədiyin yazını bir anda ana dilinə çevirə biləcəyin tərcümə proqramları çıxdı, redaktə belə etmədən, “buyurun, bu da mənim tərcüməm” deyə biləcəyin zaman gəldi...
P.S. Yazını yazanda araşdırıb öyrəndim ki, Cenni hələ də yaşayır... Təkcə altında yatdığı balış sahiblərinin ürəyində yox, həyatda da.
Bir nəfərlik, bir dəfəlik
25 iyul 2012
23:05
2809 dəfə oxunub