Həyat prinsipi, oyun qaydası, yaxud, hamısı bir yerdə?

"Squid Game" film, serial

"Squid Game" film, serial

26 oktyabr 2021
# 10:03

Kulis.az Vüsal Bağırlının məşhur “Squid Game” serialı haqqında yazısını təqdim edir.

"Həyat adlı təsadüflər səhnəsində öz rolumu məharətlə ifa etməyə çalışıram və bu oyunun qaydalarını nə zamansa anlayacağıma ümid edirəm".
(Dekster Morqan, aktyor)

Uşaq vaxtı müxtəlif oyunlar oynayardıq. Cübrəcür, növbənöv. Bənövşə, yoldaş diriltdi, telbə-telbə, dirədöymə, dəyirman, ənzəli, qurşaq tutdu, gizlənpaç. Biz bu oyunlarla böyüdük, ilk təcrübəni qazandıq, uğurları sıraladıq, məğlubiyyətin acısını daddıq, böyükləri təqlid etmək şansı əldə etdik.
Oyunlar uşaqlar üçün
, ən başlıcası ünsiyyət, emosiya, maraq, qələbə əzmi, hərəkətdir. Bütün oyunların özünəməxsis qaydaları, prinsipləri, məhdudiyyətləri vardır.
Yaşa dolduqca, böyüdükcə biz həmin oyunların əksəriyyətini unutduğumuzu sanırıq, lakin, onlar yaddaşımızdan tam silinmirlər, təhtəlşüurumuzun hansısa bucağında, naməlum guşəsində, qatında ilişib qalırlar.
Təsəvvür edin, bu oyunları sizə yenidən oynamaq təklif olunsa
idi, nə edərdiniz? Özü də elə-belə, havayı yox, yüksək məbləğ qarşılığında. Əsas şərt də belədir: nəyin bahasına, hansı yolla olur-olsun, mütləq qalib gəlməlisiniz. Başqa yolunuz yoxdur.
Əks halda…?!
Əks halda, məğlubiyyət sizə həyatınız bahasına başa gələ bilər.

İnsan sosial varlıqdır, onun sosial əhatəyə, diqqətə, qayğıya ehtiyacı vardır. Kapitalist ölkələri iqtisadi inkişafla yanaşı, istismarçı sistemin yan təsirlərini də öz dərilərində hiss etməyə məcburdurlar. Baş üzərində Domokl qılıncı kimi asılmış işsizlik təhlükəsi, güzəştsiz rəqabət yarışı, insanlar üzərinə yığılan borc faizləri, ipotekalar, cəmiyyəti bürümüş monopoliya və korrupsiya kabusu..
Belə tipik cəmiyyətlərdə varlılar daha da varlanır, kasıblar ehtiyacın zülmət quyusunun dibinə yuvarlanırlar. Aradakı uçurum isə, həndəsi silsilə sürətiylə artır, dərinləşir.
Sosial şəbəkələr, müxtəlif internet resurslarının virtual aləminə qapılmış, zombiləşmiş insan kütləsi, onu gözləyən şübhəli uğur, utopik xoşbəxt həyat nağılı naminə hər cinayətə, hər qəddarlığa hazır vəziyyətə gəlir.
Bütün yuxarıda bəhs edilən prosesi kənardan izəyərək, düzgün analiz etməyi, nəticə çıxarmağı bacaran hər hansı istedadlı rejissor, ssenarist yaxud yazıçı isə belə həssas mövzulardan ilhamlanır və maraqlı layihələr ortaya qoyur.
Necə ki, Cənubi Koreyalı rejossor Hvan Don Hek və onun komandası baxış sayına görə rekordlar qıran, gündəm xəbərlərinin əsas və daimi mövzusuna çevriliən, yaradıcılarına ağlasığmaz şöhrət və gəlir gəritən “Squid Game” adlı maraqlı film-serial ərsəyə gətirməyi bacardı.

Bəs, görəsən “Squid Game” filmi nəyə görə belə ağlasığmaz tamaşaçı marağı ilə qarşılandı? Nəyə görə serial dünya üzrə bütün izlənmə rekordlarını qırdı?
Cavab olduqca sadədir.
Çünki, hər bir insan orada öz həyatını gördü. Hər bir tamaşaçı hansısa personajı özüylə müqayisə etdi, yaxud, yaxın dostuna, tanışına bənzətdi.
İzləyici istər-istəməz özünə sual verdi. Mən həmin oyunun iştirakçısı olsaydım nə edərdim?
Hamımızın problemləri var və kənardan baxdıqda elə görünür, sanki onlar hərədə bir cürdür, müxtəlifdir. Amma, filmə baxarkən anlayırsan ki, əslində belə deyil. Mü
asir kapitalist cəmiyyətində problemlər nə qədər çox, nə qədər müxətlif olsa da, vacib bir şeyi qazanmaqla, onları rahat şəkildə həll etmək mümkündür. Ayının min oyunu bir armudun başında olduğu kimi, müasir dünyanın yalnız bir dəyəri vardır.
Pul, pul, yenə də pul.
Kapital, para, varidat əldə etmək, mənimsəmək, toplamaq naminə, insan adlı ikiayaqlı məxluq hər şeyə hazırdır, hətta öz dostunu əzməyə, yaxınını soyuqqanlılıqla öldürməyə belə.

Filmdə personajların rolları dəqiq xaraktersitika üzrə bölünmüşdür. Üzü daim gülər müdrik qoca, qanı su içmək qədər rahat tökən qəddar cinayətkar, Pakistandan gəlmiş mərhəmətli, itaətkar miqrant, intellektual, ağıllı ciddi universitet məzunu və hər şeyin həmişə yaxşı olacağına inanan sadəlövh baş qəhrəman.
Film bir çox məsələlər, nüanslar barəsində bizi düşüncəyə dalmağa vadar edir.
Həyat özü nədir? Yaşamaq uğrunda mərhələli, raundlu mübarizə oyunumu? Yoxsa, nəyin bahasına olursa-olsun ayaqda durmaq, sağ qalmaq yarışımı?
Biz bütün yaşayış şərtlərimizi yazdığımız sivil qanunlarla ört basdır etməyə, öz mövcudluğumuzu mədəni tonla pərdələməyə çalışırıq. Lakin, əsl gerçəkliyi, amansız reallığı dəyişmək iqtidarında deyilik.
İnsanlar instinkt və təsadüflərlə idarə olunan varlıqdır. İnsanı oyun hərisliyi, risk adrenalini həmişə cəlb edir. İnsanları ölgün, durğun deyil, dinamik həyat maraqllandırır. Olumlu-ölümlü-itimili, mübarizə dolu həyatda oyun, yarış, azart həvəsi ilə qoşulmaq istəyənlər həmişə tapılır. Bu insanın instinktiv təbiətindən irəli gəlir.
Həyat adlı oyunun amansız qaydaları varlı insan üçün əgər, özünə əminliyi, gücünə-qüvvəsinə bir daha güvəni ifadə edirsə, quruya atılmış balıq kimi həyatın dibində çırpınanalar üçün bu, nadir yüksəliş imkanıdır.

20 yanvar, Koroğlu metroları həndəvəri həmişə izdihamlı olur. İşdən-gücdən yorğun-ağrın qayıdıb, nəhayət, evə tələsən bikef, qaşqabaqlı, susqun adamlar qaranlıqda tozlu, küləkli, tüstülü dalanlarda dayanıb gözləyirlər. Çilingərlər, fəhlələr, ustalar, rayonlardan gəlmiş müxətlif peşə sahibləri, xırda alverçilər, dilənçilər, tələbələr hamısı buradadırlar.
Birdən, kütlə canlanır, tutqun siluetlər qəfil hərəkətə gəlir. Torandan, şərqovuşan boşluqdan sıyrılıb çıxan bəyaz rəngli sprinter mikroavtobus, uzunsov avtomobil onlara yaxınlaşır.
Maskalı sürücü əyləci basır, mühərrik sonməsə də, təkərlər fırlanmanı dayandırır.
Adamlar siyirmə qapını yana sürüşdürüb, bellərini əyir, agır, əzgin tərzdə bir-birini itələyə-itələyə maşına doluşurlar.
Bu ağır, miskin mənzərəni izləyərkən bir anlıq xəyala dalırsan, serialdakı məşhur epizodu istər-istəməz gözlərin qarşısında canlandırırsan.


İndi bir azdan salona tüstü buraxacaqlar, sərinişinlər gözlərini yumub, dərin yuxuya gedəcəklər. Onlar, həyat adlı amansız oyunun ölüm-dirim personajına çevriləcəklər.
Hər birimiz bir obraz, hər tale bir süjet xəttidir.


Squid Game!
Amansız həyat oyununa xoş gəlmisiniz.

# 9161 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #