Çe Gevaranın beretli şəkli

Çe Gevaranın beretli şəkli
6 aprel 2024
# 09:00

Kulis.az Vüsal Bağırlının "Çe Gevaranın beretli şəkli" adlı yazısını təqdim edir.

Sizə kimdən deyim, kimdən danışım? Ernestodan. Ernesto kriminal ad təsiri bağışlaya bilər. Ernesto Fonseka. Ernesto Karilya. Ernesto deyəndə ağlınıza narkobaronlar, narkokartellər, pabloeksobarlar, fuentekarliyolar çaqqalkarloslar gəlməsin e.

Yox, bunlardan heç biri.

Söhbət tamam başqa adamdan cəsur simalı, yaraşıqlı cəngavərdən, əfsanədən, məşhur inqilabçıdan, Latın Amerikasının o böyük, möhtəşəm və misilsiz qəhrəmanından gedəcək.

Bəli, bu odur Ernesto. Həmin Ernesto.

Ernesto Çe Gevara.

***

Çe Gevara kimdir?

Nəinki iyirminci əsrin, bütün bəşər tarixinə düşəcək tayı-bərabəri olmayan sima?

Yoxsa İsa peyğəmbərdən sonra dünyanın ən böyük romantiki?

Balaca, kustar, köhnə mopedlə bir il ərzində bütün Argentinanı başdan-başa dolanan sərsəri avara, sərgərdanmı?

Yoxsa, Cənubi və Mərkəzi Amerikanın bütün dağ zirvələrini fəth etmiş həvəskar alpinist?

Tibb fakültəsinin əlaçı tələbəsi, yoxsa, bəşəriyyəti ölümdən, aclıqdan, xəstəliklərdən xilas etməyə çalışan ali təhsilli həkim?

Minlərlə kitabı mütaliə süzgəcindən keçirmiş qiraətçi, intellekt və ağıl mücəssəməsimi?

Yoxsa, ümumbəşəri ədalət naminə mübarizə simvolumu?

Onun adı dərslikdə, lüğətdə, ensiklopediyada izah tələb edən söz deyil. Onu hamı, hər kəs tanıyır.

Çünki o əfsanədir.

***

1960-cı il martın 5-də kubalı fotoqraf Albetrto Korda özünün ən yaxşı işini yaratdı. Ernesto Çe Gevaranın portretini. Amma hər şey birdən-birə, anidən, tezbazar baş vermədi. Fotoşəkilin dünya miqyaslı brendə çevirilməsinə hələ iillər var idi...

Yəqin, dünyada çox az adam tapılar ki, məşhur inqilabçının bu ağ-qara fotoşəklini görməsin. İllərdir təsvir artıq dünya brendinə, biznes və gəlir markasına çevirilib. Ona hər yerdə, köynək və fincanlarda, nişan və suvenirlərdə, poster və plakatlarda rast gəlmək mümkündür.

Fəqət hər şey, 64 il bundan əvvəl başlamışdı.

1960-cı ilin mart ayının 5-də Kubada nəşr olunan gündəlik “Revolucion“ qəzetinin reportyoru Alberto Korda tapşırığa görə, matəm mitinqində iştirak edirdi. Mitinq bir neçə gün əvvəl Havana dəniz portunda baş vermiş terror qurbanlarının xatirəsinə həsr olunmuşdu. Terror zamanı yük gəmisi “La Coubre” partladılmış və nəticədə 100-dək insan tələf olmuşdu.

Əvvəlcə Kuba diktatoru Fidel Kastro çıxış etdi. Digər mötəbər dövlət adamlarının, məmurların, nazirlərin əhatəsində olan Çe Gevara isə demək olar, görünmürdü. O bir küncə çəkilmişdi, sanki gizlənmişdi.

Birdən meydana toplaşmış insan kütləsi arasında ön sırada dayanmış Ernestonun cəsur görünüşü fotoqrafın diqqətini cəlb edir. Bu zaman, Çe tərpənir və irəliyə doğru addım atır. Həmin andaca Korda dəqiq rakursu taparaq, əfsanəvi hədəfi fotoaparatın snayper nişangahına götürür. O, tətiyi bir neçə dəfə basır və inqilabçının silueti obyektivin əbədi yaddaşına həkk olunur.

Düzdür, təsvirə Ernestodan başqa əlavə bir neçə vecsiz adam və yaxınlıqdakı palma ağacının budaqları da düşmüşdü. Lakin sonra Korda lazımsız təsvirləri montajla itirdi. Alberto bu seriyadan olan bütün fotoşəkillərini “Guerrillero Heroico” (Qəhrəman Partizan) adlandırır.

Səhərisi gün “Revolucio”nun növbəti nömrəsi mitinqə həsr olunmuşdu. Amma Korda mat-məəttəl idi. Foto orada görünmürdü. Məsələ burasındadır, fotoşəkil lazımsız hesab edən redaktor onu silmiş və əvəzində yalnız özü lazım bildiklərini, Kastronun və digərlərinin şəkillərini dərc etmişdi.

Fotoşəklin uğurlu alındığını anlayan Korda isə ehtiyatlı və tədbirli davranır. O, şəkilləri silmir, əksinə üzünü çıxardaraq bir neçəsini götürür və otağının divarına yapışdırır. Şəkil bekarçılıqdan orada nə az, nə çox, düz yeddi il yatır.

1967-ci ilin payızında, rus yazıçısı Boris Pasternakın qalmaqallı “Doktor Jivaqo” əsərini ilk dəfə dərc etmiş tanınmış italyan naşir Cancokomo Feltrinelli Kordeyə qonaq düşür. Onlar çoxdanın canbir-qəlbbir dostu sayılırdılar. Otaqların birində, divardan asılmış fotoşəkil Cancokomonun diqqətini cəlb edir. O, qışqırır:

Dostum, hər şey əladır, heyrətamizdir. Bu sensasiyadır! Şəkili hardan əldə etmisən?

“Nəyim var, dosta qurbandır” prinsipinə sadiq qalan səxavətli Alberto əvəzində heç nə istəmədən şəkillərdən birini ona hədiyyə edir.

“Götür, qurbandır, sənin olsun”.

İş elə gətirir ki...

...həmin hadisədən bir neçə gün sonra Ernesto Çe Gevara xəyanət və satqınlıq nəticəsində ələ keçirilir və Boliviyanın La-İquero şəhərində xüsusi amansızlıqla öldürülür.

Boliviya ordusunun serjantı Mario Teran havasız qaranlıq, boğanaq otağa girəndə onun əllərinin əsdiyini görən Çe Gevara istehzayla deyir:

Bilirəm, məni öldürməyə gəlmisən. Elə isə nə durmusan, atəş aç. Güllələ məni alçaq. Bil ki, sən əsl igidi öldürürsən.

Teran ona yarımavtomatik tüfəngdən doqquz atəş açır. Yalnız ikisi dəqiq olur. Bu bəs edir. Sinəyə sancılan güllələr ölümlə nəticələnir.

Hadisə dünyada şok effekti doğurur. Çe Gevaranın ölümü onu həyatdan və tarixdən silmək istəyənlərin təxmininə rəğmən inqilabçını daha da məşhurlaşdırır. Adını brendə, simasını trendə çevririr.

Bundan məharətlə istifadə edən hiyləgər italyalı şəkilləri poster formasında buraxır. Tezliklə, “Guerrillero Heroico” plakatları solçu italya tələbələrinin azadlıq uğrunda mübarizə simvolu oldu. Solçu gənclər inqilabçının təsvirləri ilə Romanın, Milanın küçələrinə çıxaraq, “Çe yaşayır” qışqırırdılar. Sonra, bu ideya bütün dünyaya yayılaraq, azad həyatı sevən “hippi” gənclərin atributuna çevrilir.

Feltrinelli bu plakatlardan xeyli pul qazanır, əməllicə varlanır. Zavallı Kordaya isə bundan heç yarım peso da çatmır. Məsələ burasındadır ki, Fidel Kastro ədəbi və bədii əsərlərin qorunması üzrə Bern konfransının qərarlarını qəbul etmirdi. Buna görə də, Kuba vətəndaşlarının müəlliflik hüquqları dünya miqyasında tanınmırdı.

Nəhayət, bu fotolardan bir çox şirkətlər müxtəlif məqsədlər üçün, təqvimlərdə, çantalarda, nişanlarda istifadə etməyə başladılar. Hətta “Mersedes-Benz” avtomobilinin reklamı zamanı inqilabçının beretindəki ulduzu firmanın loqotipi ilə əvəz etdilər.

Sülhpərvər, dostsevər, mülayim Alberto Kordanın isə şikayət etmək fikir yox idi. O, heç məhkəmə işi də qaldırmadı. Yalnız bir dəfə, rus araq markası “Smirnoff”a ona görə acığı tutdu ki, şirkət şəkili içki etiketinə yapışdıraraq Çe Gevaranın qəhrəman obrazını ləkələmişdi.

Məhkəmə qərarı “Smirnoff”u Kordaya 50 000 dollar ödəməyə məcbur etdi və Alberto da öz növbəsində pulun hamısını Kuba səhiyyəsi üçün nəzərdə tutulmuş fondun hesabına köçürdü.

“Əgər Ernesto sağ olsaydı, o, da belə edərdi”, deyirdi fotoqraf.

Kubalı fotoqraf Alberto Korda 2001-ci il may ayının 25-də kasıblıq və ehtiyac içində dünyasını dəyişdi. Halbuki, bir xeyli işbaz və şirkətlər onun yaratdığı şəkildən istifadə edərək milyonlar qazanırlar.

Bir neçə il əvvəl fotoşəkilin bütün hüquqlarını Korda ailəsindən alan amerikanın “Fashion Victim” (Dəb Qurbanı) şirkəti isə bəyan etdi ki, onların razılığı olmadan fotolardan istifadə edən hər bir kəs məhkəmə önündə cavab verməli olacaq.

Alberto Kordanın adı isə əbədi tarixə yazıldı.

# 2051 dəfə oxunub

Müəllifin son yazıları

# # #