Bakıda Bakılıq qalmayıb!

Bakıda Bakılıq qalmayıb!
7 iyun 2022
# 10:40

Kulis.az Vüsal Bağırlının “Küsüb Xəzərə baş vuran şəhər...” adlı yazısını təqdim edir.

Tülkü, tülkü, tünbəki,
Quyruq üstə nəlbəki.
(Xalq nağılı)


İştirak etdiyim məclislərdə, yerlərdə, yol getdiyim ictimai nəqliyyatda tez-tez, vaxtaşırı və mütəmadi bu sözləri eşidirəm:

“Şəhər basabasdır, şəhər tozanaqdır, şəhər zir-zibil içindədir”.

“Bakı deyil e, elə bil böyük kənddir”.

“Hər addımbaşı dar yerə soxuşdurub bir “novostroyka” tikirlər. Day
Bakıda Bakılıq qalmayıb”.

“Belə şəhər olar, külək əsəndə nəfəs kəsilir, yağış yağanda sel gəlir...!?”.

Bəli, son 15-20 ildə paytaxtda çox dəyişikliklər baş verib, özü də daha çox mənfiyə doğru.

***

Bəzən saytlarda paytaxtda və bölgələrdə yaşayan əhalinin sayı ilə əlaqədar ara-sıra rəsmi açıqlamalar verilir. Bəlkə də, belə xəbərlər bir çoxlarının diqqəti-nəfsini cəlb etmir, amma mənim üçün orada əks olunan rəqəmlər, statistik göstəricilər ən azından heyrət doğuracaq qədər təəccüblü görünür.
Tutaq ki, statistikaya görə ölkənin əsas şəhərində sakinlərin sayı filan qədər artaraq, filan nəfərə çatmışdır. Bakıda əhalinin filan faizini kişilər, filan faizini isə qadınlar (özü də belə müqayisələrdə qadınlar həmişə üstün mövqedə dayanırlar) təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı da 1000 nəfərdir.

Əlbəttə bunlar təxmini və yuvarlaq rəqəmlər olduğuna, vaxta, zaman görə mütəmadi dəyişdiyinə görə digər təfərrüatlara varmıram.

Sadəcə başlayıram bu məsələni, nənəm demiş, “vələvırd etməyə”, yəni çözməyə, analiz süzgəcindən keçirməyə.

Həqiqətən, paytaxtda əhalinin say miqdarı o qədər çox artmışdır ki, sanki rayon, şəhər, bölgə üzrə hər kəs, hər adam, bütün el-oba, hamılıqla buraya, xəritədəki qartal başının dimdiyinə axışıblar.

Avtobusda, metroda, ictimai nəqliyyatın digər növlərində, avtovağzalda, marketdə, küçələrdə, prospektlərdə, yolda-izdə o qədər əhali, basabas, tıxac var ki, gəl görəsən.

İnsan kütləsi, maşın yığını, avtomobil axını əlindən tərpənmək, hərəkət etmək, nəfəs almaq mümkün deyil. Bakı sanki, qaynayan, dolub-daşan qarışqa yuvasıdır. Urbanizasiya, demoqrafizasiya, miqrasiya, indsutrizasiya. Bəh-bəh, vur çatlasın, çal oynasın. Burda nəyə desən rast gəlmək mümkündür. Hər şey bir-birinə qarışıb.

Əlbəttə, qarşıdan bir-birindən qızmar yay ayları gəlir. Çoxdan bəri gözlənilən tətillər nəhayət başlayır. Dərslərə, sessiyalara, seminarlara fasilə verilir. Və zavallı şəhər yaxasının ilk üç düyməsini açaraq nəfəs almaq, dincəlmək, azacıq sərinləmək şansı qazanır. Söyüd altı skamyaya dirsəklənib, bir az ayağını ayağının üstünə aşırır, əsnəyir, mürgüləyir, yuxusunu alır.

Lakin, elə ki, sentyabr-oktyabr gəldi, tədris ili başladı, şəhər vızıldayan arı pətəyinə, pıqqıldayıb qaynayan vulkan kraterinə çevrilir.
Belə vaxtlarda adama elə gəlir ki, on milyonluq ölkə əhalisi hamılıqla Bakıya yığışıb və burada bir kvadrat kilometrdə 1000 nəfər deyil, 100000 nəfər, 100000000000 nəfər yaşayır.

***

Yaxşı yadıma düşdü...

Bax o gün, batareyası ölmüş köhnə pultu dizimə vura-vura kanalları şarta-şurtla ora-bura çevirirdim. Birdən gözüm “National Geographic”də bir verilişə sataşdı.

Veriliş olduqca hiyləgər heyvandan, “Vulpes vulpesdən”, yəni adi kürən meşə tülküsündən bəhs edirdi. Heyvan narahat görünür, özünü ora-bura vurur, kötüyə, ağacların sərt qabığına sürtünürdü. Canına nəsə vic-vicə düşmüşdü. Heç cür qurtula bilmirdi.

Bir az keçdi, kadrlar dəyişdi, şərhçi qadın izahını verdi və hər şey mənə aydın oldu.

Heç demə, tülkünün şümal kimi ipək dərisinə bit-birə daraşıbmış.

Birələr də nə birə, başı dırnaq, gövdəsi barmaq boyda. Acgöz həşəratlar onu necə dişləyirdisə, yazıq heyvan gicişmədən dingildəyir, qaşınmadan canının qoymağa yer tapmırdı.

Heç bilirsiniz dərisinə daraşan, sancan, incidən birələrdən o necə qurtuldu?

Sadəcə...

Əvvəlcə, bir sığırçın tutub, canını aldı. Ardınca da, ölü quşu ağzında tutub gölə girdi. Ağıllı heyvan bədənini suyun dərinliyinə buraxmağa başladı. Özü də birdən yox a, yavaş-yavaş, tədricən. Tələsmədən, aramla.

Su qalxdıqca, heyvanın dərisi islandıqca, birələr vəziyyətin get-gedə gərginləşdiyini hiss edib, aradan necə çıxmağın planlarını cızmağa başladılar.

“Görəsən, nə edək, başımıza haranın daşını salaq?”.

Onlar ora-bura vurnuxur, “quyruq üstü nəlbəki”nin qırmızı-narıncı tüklü bədəni ilə üzüyuxarı dırmanırdılar.

Nəhayət, birələr hamılıqla hərəkət edib son xilas istinadgahına, tülkünün bayırda qalan sivri burnuna adladılar. Oradan da ağzında tutduğu sığırçın cəsədinin üzərinə yığışdılar.

Sonra tülkü qəflətən gölə baş vurub, bir az aralıda, quru sahədə suyun üzünə çıxdı. Birələr isə ölü quşun üzərində qaldılar.

İndi bu verilişi izləyəndən sonra mən də qorxu keçirirəm. Vahimələnirəm.

Qorxuram ki, məhv edilmiş ağaclıqları, zibillənmiş kücə və tinləri, hər dəlmə-deşiyini doldurmuş sakinlərinin basırığından, hay-küyündən bezmiş, boğaza yığılmış Bakı da, nəhayət bir gün eyni hərəkəti təkrarlasın.

Xəzərin bulanıq-qəhvəyi üfunətli sularına baş vurub başqa yerdən, başqa diyardan çıxsın.

Biz də qalaq çapalaya-çapalaya...


# 3242 dəfə oxunub

Müəllifin son yazıları

# # #