Replərində söyüş söydü, iki dəfə həbs olundu, "battle"də uduzdu - Özünü repin atası sayan Paster

Paster, reper

Paster, reper

23 dekabr 2021
# 21:00

Kulis.az “Nömrə: 1” layihəsində tanınmış reper Paster haqqında maraqlı məlumatları təqdim edir.

Sən bir də gəlməyəsən deyə, içirəm mən dənizi...

Paster.

Paster həm də 5’9 (beş doqquz) ləqəbi ilə tanınır. Özünün dediyinə görə 5’9-un mənası numeralogiya elmi ilə bağlıdır. Beş istedadı, doqquz isə uzaqgörənliyi simvolizə edir.

Əsl adı Pərviz Quluzadə olan reper 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Əslən Talış olan Pərviz 2008-ci ildə Bakıda 208-№-li məktəbi bitirmiş, elə həmin ildən də replə məşğul olmağa başlamışdır.

İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Həmin dövrlər “Nifrət” ləqəbi ilə tanınan reper, fərqli tərzi ilə dinləyicilərin diqqətini çəkməyə başlayır.

2011-ci ildə yayımladığı “Fuck Dent” trekinə görə həbs olunmuş və təzyiqlərə məruz qalmışdır. Trek isə musiqi platformalarından silinmişdir.
Həmin ildə “Dünyanın səsi” adlı albomu işıq üzü görür. Lakin “Difai” qrupunun ömrü uzun olmur və 2012-ci ildə son trekləri olan “Music Note”-u paylaşaraq, fəaliyyətlərinə son qoyurlar.

Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal və biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb.

Pərviz həmin il “Eourovision” 2012-nin seçim turuna qatılır və 30 saniyəyə 200 söz demək performansı ilə yadda qalır.

Sonrakı fəaliyyəti isə "Synaps Production”la bağlıdır. “Synaps”da müxtəlif dövrdə Xpert, Uran, OD, ZiqZaq və digər reperlər ilə əməkdaşlıq edir və yaxından dost olurlar.

Pərvizin ən çox məşhurlaşdığı dövrlər həmin illərdən başlayır. Xpert ilə “feat” etdiyi “Ağır metal”, “North West”, “TTM” trekləri ilə milyonlarla insanın sevgisini qazanır. Paster hətta Xpert-i “ürəyimin parçası” adlandırıb.

Həmçinin 2019-cu ildə OD adlı reper ilə “Gang” adlı disstreki “Synaps”ın “YouTube” kanalında yayımlanır.

Həmin ildə “Kəllə-kəlləyə” “battle” yarışmasında Tibu ilə qarşı-qarşıya gəlir və 3-2 hesabı ilə məğlub olur. Lakin bütün rep cameəsi və kütlə qalib olaraq Pasteri görür və bu səsverməni ədalətsizlik sayır.

Dekabrın 26-da İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirləndirilərək barəsində 30 sutka həbs qərarı çıxarılır. Həm yarışmada olan ədalətsizlik, həm də həbs olunması onun şöhrətinə şöhrət qatır.

2020-ci ildə “Bina” albomunu Yutub üzərindən onlayn edir və 5 trekdən ibarət olan albom qısa zamanda böyük səs gətirir.

Paster 44 günlük II Qarabağ müharibəsi dövründə XTQ 052 Yaşma-ya həsr etdiyi “YASHMA” trekini buraxır və həmin trek qısa zamanda ölkə gündəmini zəbt edir.

Paster son albomlarına qədər, demək olar ki, bütün treklərində söyüş, qeyri-etik ifadələr, nifrət, üsyan və s. şeylərdən istifadə edir. O bunu emosionallıq, formalaşmış qəliblərə etiraz və özünün üsyanı hesab edir. Amma son dövrlər çıxardığı treklərdə, xüsusilə, Bina albomunda, söyüşsüz və qeyri-etik ifadələr olmadan da fikrilərini ifadə edir.

Demək olar ki, heç bir TV və internet verilişlərinə çıxmayan reper bu yaxınlarda AY TV-nin efirində gedən Qənirə Şəmmədqızının aparıcısı olduğu “Qızıl səslər” verilişinə qonaq olaraq çıxdı və başdan ayağa absurdluqla dolu bir veriliş alındı. Onun bu hərəkəti bir mənalı olaraq qarşşılanmasa da, fikrimicə Azərbaycan TV-verilişlərini boykot və ələ salmaq niyyəti ilə atılmış bir addım idi.

Onun bir rep fəlsəfəsi və üslubu var. Dediyinə görə, “mənim treklərim heç nə haqqında deyil, eyni zamanda hər şey haqqındadır”. Ən dibdən başlayaraq, Bina-ları fəth etmək məqsədi var. O tarix oxumur, özünü tarixə çevirir. Dəblə getmir, çünki o dəbin özüdür. “Yaxşı reper pul qazanan reperdir” deyən Paster sənətindən, təbii olaraq, pul qazanmaq istəyir. Pulları ailəsi üçün istəyir, arzusu anasına “Cadillac” hədiyyə etməkdir, Elvis kimi. Heç yer də işləməyən reper, daim məşğuldur, necə ki, Toni Montana. Amerikanı sevmir, Trampa görə, müxalifət deyil, etiraz etmir qranta görə, dediyinə görə “istəsə hətta könüllü də uduzar”. Diploma tüpürüb. Özünü repin atası adlandırır.


# 8031 dəfə oxunub

Müəllifin son yazıları

# # #